İqtisadiyyat

AZAL və LOT aviaşirkətləri səmərəli əməkdaşlıqdan məmnun olduqlarını bildirdilər – FOTO

Sharing is caring!

AZAL-ın prezidenti Cahangir Əsgərovun dəvəti ilə LOT aviaşirkətinin baş icraçı direktoru və İdarə Heyətinin sədri Rafal Milçarskinin (Rafal Milczarski) başçılıq etdiyi Polşa nümayəndə heyəti mayın 26-da Bakıya işgüzar səfərə gəlib.

Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Azərbaycan Hava Yolları”nın ofisində keçirilən, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın da iştirak etdiyi görüşdə Cahangir Əsgərov və Rafal Milçarski ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Tərəflər hava əlaqəsinin başlanması münasibətilə bir-birini təbrik edərək, reyslərin davamlı yerinə yetirilməsinə ümid etdiklərini bildirmişlər. İki ölkə arasında uçuşların başlanması turizm axınını artırmağa və Azərbaycanla Polşa arasında işgüzar əlaqələri genişləndirməyə imkan verəcək.

Polşa aviadaşıyıcısı mayın 28-də Varşavadan Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirəcək. Uçuşlar həftədə dörd dəfə yerinə yetiriləcək.

AZAL-ın prezidenti Cahangir Əsgərov ölkənin bütün yeddi beynəlxalq hava limanında beşinci və yeddinci dərəcəli “hava azadlığı” rejiminin tətbiq olunduğunu xüsusilə xatırladıb. Bu hava azadlığı dərəcələri xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar təqdim edir və Azərbaycanın hava limanları vasitəsilə tranzit reyslər yerinə yetirmək imkanı verir.

LOT aviaşirkətinin rəhbəri Rafal Milçarski Azərbaycan və Polşa arasında reyslərin yerinə yetirilməsinə böyük maraq göstərdiyini qeyd edib. Onun sözlərinə görə, müntəzəm reyslərin yerinə yetirilməsi hər iki ölkənin qarşılıqlı faydalı maraqlarının inkişafına təkan verəcək.

Görüşün sonunda qonaqlara beşulduzlu Heydər Əliyev Beynəlxalq Aeroportunun imkanları, xüsusilə, təyyarələrə göstərilən yerüstü xidmət, müxtəlif xidmətlərinin fəaliyyəti və aerovağzal kompleksində sərnişinlər üçün yaradılmış rahat şərait nümayiş etdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir