İqtisadiyyat

GMO iddiası: Bostançılar əkdikləri məhsuldan toxum götürə bilmirlər – ARAŞDIRMA + FOTO

Sharing is caring!

Bostançılar Azərbaycanda əkilən məhsullara insan orqanizminə zərərli dərmanların vurulduğunu iddia edirlər. 

Vətəndaş bildirib ki, bostanında əkdiyi toxumun geni dəyişdirilib, cürbəcür kimyəvi dərmanlar vurulur ki, məhsuldarlıq artsın:

“Fikirləşən yoxdur ki, bəs bu zərərli qidanı kim yeyəcək? Pul üçün qidaya insan orqanizminə zərərli olan dərmanlar vurmaq olmaz. Ona görə də xaricdən gələn toxumlara qadağa qoyub, yerli toxumların istehsalına başlamaq lazımdır”.

Oxucularımızdan biri isə redaksiyamıza şəkil göndərərək, bu günlərdə Bakı bazarlarının birindən aldığı gilasın hamısının qəribə formada olduğunu qeyd edib. Şəkillərdən də görünür ki, bir saplaqda bitən iki gilasdan biri inkişafdan qalıb. 

Qeyd edək ki, Azərbaycana genetik modifikasiya olunmuş (GMO) məhsulların idxalı qadağan edilib.

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsində GMO ilə bağlı tələblər də öz əksini tapıb. 
Azərbaycan ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının emalına, dövriyyəsinə və onlardan istifadə olunmasına həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyatda alındıqdan sonra icazə veriləcək.

Qanunvericilikdə nəzərdə tutulan qaydada qeydiyyatdan keçməyən genetik modifikasiya olunan yem məhsulları, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsulları və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının emalı və dövriyyəsi qadağandır.

Genetik modifikasiya olunan yem məhsullarının qeydiyyata alınması üçün həmin məhsullar aşağıdakı tələblərə cavab verməlidir:

– insan həyatına və sağlamlığına, heyvan və bitki sağlamlığına və ətraf mühitə mənfi təsir etməməli;

– istifadəçini çaşdırmamalı;

– heyvanların normal qidalanması üçün əvəz etdiyi məhsullardakı zəruri inqrediyentlərə malik olmalıdır.

Azərbaycan ərazisində genetik modifikasiya olunmuş yem məhsullarının, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının və tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən istehsal edilən inqrediyentlər olan yem məhsullarının qanunsuz ilkin istehsalı, emalı və dövriyyəsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, məhsulların tərkibində GMO varsa, təəssüf ki, bostançı əkdiyi bitkinin toxumunu növbəti il götürə bilmir:

“Çünki həmin toxumlar cücərmir. Bütün bitkilər torpağa toxum salmalıdır və ondan digər il üçün istifadə olunmalıdır. İndi isə elə deyil. Hazırda qarpızın toxumunun bir kiloqramı üç min manatdır. Onu alıb, əkən adam məhsuldan növbəti il üçün toxum götürə bilmir”.

Ekspert qeyd edib ki, ətraf mühitin qorunması üçün ölkəyə GMO-nun gəlməsinə qarşı səylər olsa da, saxta sənədlərlə soya əkilir:

“Bununla bağlı ciddi araşdırma aparılmalıdır. Bu işə nəzarət edən dövlət orqanları, eyni zamanda, GMO-nu tədqiq edən laboratoriyalar susurlar. Laboratoriyaların işləri gücləndirilməlidir”.

E.Hüseynov əlavə edib ki, hazırda GMO qidaların istehsalı və ixracatı ilə məşğul olan ən məşhur qurum ABŞ-ın “Monsanta” şirkətidir:

“Təəssüf ki, o şirkətin rəsmiləri hər kəsi inandırmağa çalışırlar ki, GMO qidalar heç bir baxımdan insan bədəni üçün ziyanlı deyil. Bu cür nüfuzlu şirkətin ekspertlərinin belə mövqeyi insanda bir sıra şübhələr doğurur”.

Deputat Tahir Rzayev saytımıza açıqlamasında bildirib ki, GMO məhsulları insan həyatı üçün təhlükəlidir:

“Bəzi məhsulların saxlanılması, məhsuldarlığın artırılması üçün tərkiblərinə müəyyən qaydada GMO əlavələr olunub. Bu o demək deyil ki, bu, insan orqanizmi üçün ziyanlıdır. Əvvəllər istixanalarda yetişən meyvə-tərəvəzi yemirdik. İndi isə qış aylarında biz onu alıb, yeyirik.

Bəziləri deyirlər ki, bunlar insan orqanizmi üçün təhlükəlidir. Məlumdur ki, təbii şəraitdə yetişdirilən məhsullar daha keyfiyyətli, dadlıdır, amma insanlar bu gün istixanalarda yetişəni alıb yeyirlər. Onlara heç bir qadağa qoyula bilməz. 

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı ciddi təsirlər oldu ki, qanun qəbul olunmasın. Mütəxəssislər izah etdilər ki, elə məhsullar, toxumlar var ki, bizim şəraitdə yetişdirilməsi üçün müəyyən qulluq lazımdır. Əgər onun yetişdirilməsi üçün o qulluq edilə bilmirsə, deyirlər, GMO-dur və yararsızdır.

Artıq dünyada toxum idxalı məsələləri var və xarici ölkədən toxumlar gətirilir. Məsələn, biz xarici ölkələrdən buğda toxumu gətiririk, amma o toxumu torpaqlarda əkən zaman ciddi fikir verilməlidir”.

O qeyd edib ki, Azərbaycana genetik modifikasiya olunmuş (GMO) məhsulların idxalı qadağan edilib:

“Həmin qanun layihəsi müzakirə olunan zaman ciddi-cəhdlə sübut etdilər ki, ölkəmizə gətirilən yemlərin bəzilərinin tərkibinə əlavələr edilib. İnsan və heyvan həyatına ziyan verən heç bir qida və yem məhsulu Azərbaycana idxal olunmamalıdır. Belə hal olarsa, həmin şəxslər cəzalandırılırlar”. 

“Ziyanlı məhsullara görə kənd təsərrüfatı məhsullarının 40 faizə qədəri məhv olur. Bu gün bu, dünyada bir problemdir. Alimlər bu problemin üzərində ciddi şəkildə işləyirlər”, – deyə Tahir Rzayev əlavə edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir