İqtisadiyyat

Gəlini qayınataya “boğduran” qızıllar: Bazarda nə baş verir? – REPORTAJ + FOTO

Sharing is caring!

“Mən niyə kiminsə gəlinindən əskik qalmalıyam?”

“Onsuz da indi nə aldın-aldın, evlənəndən sonra heç nə almayacaqsan”.

“Tez ol, seç, bəyən birini, gedək”.

Bu söhbətlərə harada şahid olduğumuz, yəqin, sizə də maraqlıdır. Qulaq falına çıxmaq dövrü xeyli geridə qaldığına görə, təbii ki, qızıl vitrinlərinin qarşısında. Bu vitrinlərin önündə qurulan ailələr qədər dağılan evliliklərin, pozulan nişanların da sayı az olmayıb…

Bunu bizə illərdir qızıl satışı ilə məşğul olan Rüfət bəy danışır. Bu məsələyə yenidən qayıdacağıq…

Mövzumuz qızıl bazarıdır. İki ilə yaxın davam edən koronavirus pandemiyası dövründə qızıl bazarında, toy bazarında yaşanan durğunluğun qiymətlərə ciddi təsir etdiyi deyilsə də, artım bir o qədər gözə çarpmadı. Cüzi fərqləri isə hər kəs özünəməxsus şəkildə əsaslandırdı.

Gəlinləri qayınanaya düşmən edən, qayınataya “boğduran” isə bu zərif, gözoxşayan qızılların əl yandıran qiymətləridir. Elə satıcılarla söhbətləşdiyimiz müddətdə müştərilərin müzakirəsinə qulaq verdikcə aydın olurdu ki, qiymətlər nəinki əl yandırır, az qala qurulmamış evləri də dağıtmaq üzrədir.

Evlənməyə qərar vermisinizsə, bir “həri” üzüyü üçün orta hesabla 300 manat verəcəksiniz. Özü də qaşsız, sadə bir üzük üçün.

Belə baxanda, qızıl sözün əsl mənasında özünün qızıl dövrünü yaşayır.

Satıcılar qiymətlərin azaldığını desələr də, qızıl bazarında qramı 80 manata keyfiyyətli qızıl tapmaq mümkün deyil.

Vitrinləri ən çox Türkiyə, İtaliya qızılları və brilyantları bəzəyir. Hazırda bazarda 375 əyarlı qızıl tapmaq, demək olar ki, çətinləşib. Ən çox satılan isə 585 əyarlı Türkiyə qızıllarıdır ki, bir qramı 70 manatdan, 750 əyarlı qızılın isə qramı 85-90 manatdan başlayır və 100 manata qədər dəyişir.

İtaliya brilyantlarının bir karatının qiyməti 130-150 manat arasında dəyişir.

Rusiyanın “Siberia” və “Yakutia” qaşları isə ən çox üstünlük verilən zinət əşyaları sırasındadır. 

Qiymətlərə təsir edən – zinət əşyasının dizaynı, istifadə edilən xammalın təmizliyi, qaşların sayı və böyüklüyüdür. Hazırda bazarda ən çox tələbat 750 əyarlı qızıllaradır.

Ümumiyyətlə, qızıl və brilyant qaşlı zinət əşyası alanlar daha çox brilyantın növünə və keyfiyyətinə diqqət yetirməlidirlər. Elə brilyantlar var ki, ləkəlidir. Təmiz brilyantlar, təbii ki, ilk baxışda hiss olunur və baha olur. Zərgərlər və qızıl alqı-satqısı ilə məşğul olan şəxslər bilirlər ki, brilyantlar B, C cilalanma kateqoriyasına görə fərqlənir, C kateqoriyalı brilyantlar isə ən baha və keyfiyyətli hesab olunur. Təbii ki, sizin və bizim kimi alıcılar bu cür detalları bilməzlər.

“Əlidolu” gəlib, əliboş gedənlər…

Mağazada qızıla baxmağa gələn qayınata ilə gəlin arasında düşən mübahisə isə ayrı bir mövzudur. Qayınata deyir, bunu almalısan, gəlin deyir, bəyənmirəm. O deyir, çox bahadır, bu biri deyir, nə edim bahadır?!

Elə insanlar var ki, bir ay ard-arda qızıl bazarına getsələr də, yenə də büdcələrinə uyğun heç nə tapa bilmirlər.

Ağ qızıl ilə sarı qızıl arasında ciddi qiymət fərqi yoxdur, maksimum 30-40 manat ola, ya olmaya.

Apardığımız müşahidələrə görə, qızıl dəstlərinin boyunbağı, sırğalar, qolbaq və üzük daxil olmaqla qiyməti 2500 manatdan başlayır, 6000 və daha yüksək də ola bilir. Daha ucuzuna rast gəlmədik. “Həri” üçün görünüşlü, parıltılı, qaşlı italyan qızıl üzüyünün qiyməti 1200 manatdan başlayır. Cütlüklər üçün alyansların isə ən aşağı qiyməti 800 manatdır. Üzərində kiçik qaş və işləmələr olan alyansların qiyməti 960-980 manata qədər olur.

Görünüşü və parıltısıyla göz oxşayan nişan üzüklərinə gəldikdə isə satışda qaşlı, qaşsız, tam sadə, eyni zamanda da brilyant olmayan qaşlarla bəzədilən nişan üzükləri var. Bəylər üçün sadə nişan üzüklərinin qiyməti 400 manatdan başlayır. Brilyantla bəzədilərsə, qiymət minimum 500 manatdan hesablanır.

Zərgərlər isə satıcıların tam əksinə, deyirlər ki, qızılın qiyməti qalxıb. Pandemiyadan əvvəl qiymətlərin daha münasib olduğunu deyən zərgər Toğrul Yunusov brilyantın qiymətinin də son üç ay ərzində artdığını deyir:

“Ümumiyyətlə, qızılın qiyməti qramına görə iki-üç dollar arasında tez-tez qalxırdısa, son bir ildə bu artım daha da yüksəlib. Brilyant isə son üç ay ərzində karatda 20-30 dollar bahalaşıb. Bu artım hətta 50 dollara qədər də yüksəlib. Müştərilər əvvəl toy üçün böyük və ağır dəstlər almağa çalışırdılarsa, indi əksinə, büdcəyə uyğun yüngül, daha nazik dəstlərə üstünlük verirlər.

Qızıl bazarında bu dəqiqə rəqabət də məhz bu istiqamətdədir. Zərgərlər özləri də çalışırlar ki, hazırlanan modellərin çəkisi az, özləri daha incə olsun. Bu, təbii ki, yaxşı deyil, çünki keyfiyyəti azalır, tez qırılır və bərpası da görünüşün əvvəlki vəziyyətini geri qaytarmır”.

Yeddi il bundan qabaq toy üçün qızıl dəsti – boyunbağı, qolbaq, sırğa, üzük 40 qram olurdusa, bu gün 25, hətta 9 qram olan dəstlər hazırlanıb.

Zərgərin sözlərinə görə, bu gün kiçik qaşlı və çəkisi minimal olan modellər hazırlamağa çalışırlar:

“Müştəriyə onun qaşları, çəkisi maraqlı olmur. Ucuz qiymətə təklif edilən toy dəstləri müştərilərin daha çox diqqətini çəkir. Odur ki, çalışırıq, qaşlar kiçik olsun, maya dəyəri minimum olsun ki, müştəriyə də münasib qiymətə təklif edə bilək.

Bir müddət əvvələ qədər müştərilər qızıl bazarlarında baxıb-bəyəndikləri modelləri zərgərə hazırlatmağa çalışırdılar. Çünki bazarda mağazaların icarə pulu və digər məqamlara görə qiymət nisbətən arta bilir. Hər zərgərə də müraciət etmək olmur, çünki müştəri istədiyi modeli görməyəndə aralarında narazılıq yaranır. Hazırda hamı çalışır ki, gözü ilə gördüyü və bəyəndiyi modeli alsın”.

Xammal kimi Rusiya, Türkiyə, İtaliya qızılından istifadə edildiyini deyən zərgər məmulatların müvafiq olaraq 583, 585, 750 əyarlı qızıldan hazırlandığını bildirir:

“Büdcəsi yüksək olanlar 750 əyarlıq İtaliya qızılını alırlar. Digər müştərilər isə 583, 585 əyarlıq qızıllara üstünlük verirlər. Amma bu gün qızıl bazarında daha çox 750 əyarlı və ağ qızıl dəbdədir.

Düzdür, ərəb qızılı da satılır, amma bizim bazarda buna tələbat azdır. Pandemiya səbəbindən turistlərin sayı da azaldığından bu sahədə durğunluq müşahidə edilib. Bizim xalqımızın özü də qızıl almağa maraqlıdır, insanlar çalışırlar, hədiyyələri belə kiçik-kiçik qızıllardan hazırlasınlar. Zərgərlərin işinin 70 faizi toy, nişan mərasimlərindən çox asılıdır. Bu gün qızıl bazarında gündəlik istifadə üçün nəzərdə tutulan sırğa, boyunbağı, qolbaq, üzüklərdən çox, toy, nişan üçün nəzərdə tutulan dəstlərin satışı üstünlük təşkil edir”.

Sonda onu da qeyd edim ki, iki ilə yaxın bir fasilədən sonra toy məclislərinin təşkilinə icazənin verilməsi qızıl bazarında canlanmaya səbəb olub. Vitrinləri bəzəyən cürbəcür qızılların dizaynları fərqli olduğu kimi, qiymətləri də müxtəlifdir. Alıcılar qızılı maksimum aşağı qiymətə almaq istəyirlər, satıcılara isə qızılı aşağı qiymətə satmaq, təbii ki, bir o qədər də sərf etmir. Amma müştəridir deyib, itirməmək üçün satanlar da olur. Qızıl alarkən satıcıları da düşünməyi unutmayaq…

Könül Cəfərli
FOTO: Sabir Məmmədov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir