İqtisadiyyat

Azərbaycan Dünya Neft Şurasının tədbirlərində iştirak edəcək

Sharing is caring!

Sabah Energetika naziri Pərviz Şahbazov Dünya Neft Şurasının növbəti iclası və 6-cı Gənclər Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 62 üzvdən ibarət Dünya Neft Şurasının 22 iyun tarixində keçiriləcək iclasında Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunacaq. Tədbirdə Energetika naziri Pərviz Şahbazovun çıxışı, neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən video-çarx və təqdimatların nümayişi nəzərdə tutulub. Həmçinin, Dünya Neft Şurası üzvlərini ölkəmiz barəsində daha ətraflı məlumatlandırmaq məqsədi ilə Azərbaycan xüsusi stendlə təmsil olunacaq.

İclas çərçivəsində Dünya Neft Şurasının 2023-cü ildəki 24-cü Dünya Neft Konqresinə ev sahibliyi edəcək ölkə də müəyyənləşdiriləcək. 2005-ci ildən Dünya Neft Şurasında təmsil olunan Azərbaycan da tədbirin ev sahibliyinə 5 namizəd ölkədən biridir.

İyunun 23-də isə Energetika naziri Pərviz Şahbazov Dünya Neft Şurasının təşkilatçılığı və Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edəcək. Forumda “Enerji transformasiyası, gələcəyin enerji xəritəsi” mövzusunda Rusiyanın energetika naziri Aleksandr Novakla yanaşı Energetika Naziri Pərviz Şahbazov da çıxış edəcək.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində üç ildən bir keçirilən forum neft-qaz sahəsində gənc mütəxəssislər, ekspertlər və şirkətlərin təcrübələrini bölüşdüyü beynəlxalq platforma hesab edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir