İqtisadiyyat

SOCAR-ın adından istifadə edilərək külli miqdarda pul mənimsənilib – FOTO

Sharing is caring!

Yanvarın 25-də “SOCAR Tower”də Quba rayonunun Təngəaltı kənd sakini, 1985-ci il təvəllüdlü  Mövlanov Ehtiram Adil oğlu və onun qohumu, Bakı şəhəri Pirallahı qəsəbə sakini,1981-ci il təvəllüdlü Qasımova Kəmalə Fazil qızı ilə onların müraciəti əsasında görüş keçirilib.

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Görüş zamanı onlar bildiriblər ki, son bir il ərzində SOCAR-ın adından istifadə edən bir qrup şəxs tərəfindən müxtəlif yollarla (“pandemiya ilə bağlı evdə qalın – SOCAR bunun əvəzində sizə pul ödəyəcək” və ya “SOCAR istismarda olmuş avtomobilləri hərraca çıxarır, iştirak haqqı ödəmək lazımdır” və s. kimi bəhanələrlə) aldadılaraq, külli miqdarda maliyyə vəsaitləri mənimsənilib.

Bir qrup dələduz SOCAR-ın nüfuzundan istifadə edərək hətta vətəndaşların etibarını qazanmaq və sonradan sui-istifadə etmək məqsədilə internetdə saxta sayt açaraq, şirkətin adından müxtəlif elanlar, məqalələr, xəbərlər yerləşdirib, vətəndaşlarla əlaqə zamanı bu sayta istinad edib. Aparılan araşdırma zamanı internetdə axtarış verərkən belə bir saytın mövcud olduğu müəyyən edilib.

Görüş zamanı vətəndaşlara qeyd olunan dələduz qrupun və saytın SOCAR-a heç bir aidiyyətinin olmadığı bildirilib, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunub.

“Bir daha ölkə vətəndaşlarına müraciət edərək bildiririk ki, SOCAR tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan pul vəsaiti tələb olunmur. Son dövrdə bir neçə dəfə SOCAR adından vətəndaşların dələduzlar tərəfindən aldadılması hallarına rast gəlinib. Bu kimi hallarla rastlaşan vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyyə olunur”, – SOCAR-dan verilən məlumatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir