İqtisadiyyat

2021-ci ilin büdcə müzakirələrini hansı səbəblər gecikdirir? – AÇIQLAMA

Sharing is caring!

“Büdcə sistemi haqqında” qanunun 15.3 maddəsinə əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi Milli Məclisdə cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilməlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili  bildirib ki, hələlik 2021-ci ilin büdcə müzakirələri ilə bağlı layihə təqdim olunmayıb.

Onun sözlərinə görə, layihə təqdim edilən zaman dərhal müzakirələrə başlanılacaq.

2021-ci ilin büdcə layihələrinin müzakirəsinin gecikmə səbəblərinə aydınlıq gətirən komitə sədri vurğulayıb ki, İkinci Qarabağ Müharibəsi, eləcə də, müharibənin Azərbaycanın lehinə qələbə ilə nəticələnməsi və bunun fonunda da yeni vəzifələrin meydana gəlməsi, həmçinin, bu proseslərlə yanaşı yeni xərclərin də yaranması ehtimalı 2021-ci ilin büdcə müzakirələrinin gecikməsinin əsas səbəblərindəndir.  

Qeyd edək ki, qanuna əsasən, növbəti büdcə ili üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi və təsdiqi Azərbaycan Respublikasının Milli Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Milli Məclisin iclasında növbəti büdcə ili üzrə dövlət büdcəsinin müzakirəsində icra hakimiyyəti orqanları iştirak edir.

Büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Milli Məclisə məlumat verir.

Eləcə də, Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin layihəsinə rəy verir.

Növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi müəyyən olunmuş müddət ərzində təsdiq olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı dövlət büdcəsi təsdiq olunanadək hər ay üzrə ötən ilin xərclərinin on ikidə biri qədərində maliyyələşmənin aparılmasının müvəqqəti qaydalarını müəyyənləşdirir. Eyni qayda büdcədənkənar dövlət fondlarının idarəetmə və əməliyyat xərclərinə də şamil edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir