İqtisadiyyat

“Şuşaya turist səfərlərindən dövlət gəlir qazanmayacaq” – AÇIQLAMA + FOTO

Sharing is caring!


Bu gündən Şuşaya Azərbaycan vətəndaşları üçün turizm səfərləri, turlar başlayacaq. Dövlət Turizm Agentliyi turizm səfərlərinin xarici turistlərə də şamil edilməsini planlayır. Xarici turistlərin təkcə Şuşaya deyil, işğaldan azad edilmiş digər ərazilərə də səfərləri təşkil olunacaq.

Bəs maraqlıdır, azad olunmuş ərazilərə turist səfərlərindən nə qədər gəlir proqnozlaşdırılır? Bu gəlirlər hara yönləndiriləcək?

Bununla bağlı Xeberal.az-a danışan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva qeyd edib ki, Şuşaya təşkil olunan turların qiymətləri mümkün minimum qiymətlərlə hesablanıb:

“Bu qiymətlərə ƏDV daxil olmaqla avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi, bələdçi müşayiəti xidməti üzrə xərclər, həmçinin əməliyyat xərcləri daxil edilmiş və bütün bəndlər üzrə xərclər daxildir. Turların maya dəyəri və satış dəyəri arasında cüzi fərqlər mövcuddur. Turizm turları dövlət tərəfindən deyil, müsabiqə nəticəsində seçilmiş şirkət tərəfindən icra edilir. Ona görə, hər hansı dövlət gəlirindən söhbət gedə bilməz. Şirkətin təqdim etdiyi qiymətlər belə qeyd etdiyimiz kimi maksimum vətəndaşları düşünərək hesablanıb. Gəlir minimum olsa da, bunu özəl turizm şirkəti əldə edəcək”.  

Qeyd edək ki, Şuşaya ilk turist səfərləri Novruz bayramı öncəsi – mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər.

Xatırladaq ki, 2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, Vaqifin məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, Yuxarı Gövhər Ağa məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın Gəncə qapıları və “Xarı Bülbül” simvolu, Qazançı kilsəsi, Şuşa Realnı Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir