İqtisadiyyat

Minimal maaş və pensiya artımı inflyasiyanı kompensasiya edə bilirmi?

Sharing is caring!

Pərviz Heydərov yazır…

Ölkə başçısı İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ilk növbədə ölkə iqtisadiyyatının idarəolunması, əhalinin sosial müdafiəsini daha da gücləndirilməsi baxımından 2019-cu ildən həyata keçirilməyə başlanmış islahatların davamı olaraq qiymətləndirilməlidir.

Xatırladım ki, 2019-cu il həm sosial, həm iqtisadi, həm də idarəetmə sahəsində böyük islahatlar ili olaraq yadda qaldı. Məhz həmin ildən etibarən, ölkədə minimum əməkhaqqı və əmək pensiyalarının minimum məbləği əvvəlki dövrə nisbətən daha sürətli və əhəmiyyətli dərəcədə artırılmağa başlandı. Belə ki, həmin ildə qeyd olunan göstəricilər üzrə 2 sosial paket həyata keçirildi ki, bunu 2020-ci il ərzində də davam etdirmək nəzərdə tutulurdu. Lakin pandemiyanın gətirdiyi bəzi məhrumiyyətlər bu tədbirlərin həyata keçirilməsinin qarşısını qismən aldı. 

2021 isə bərpa ili oldu.

Ötən ilin isə 2019-cu ilin davamı olacağını yazmışdım. 2019-cu ildən sonra artımlara növbəti dəfə, yəni 3-cü sosial paketin icrasına məhz 2022-ci ilin əvvəlində gedildi. İki illik fasilədən sonra 2022-ci ildə minimum əməkhaqqı 300 manata, əmək pensiyalarının minimum məbləği isə 240 manata çatdırıldı.

Yəni, qeyd etmək istədiyim budur ki, Prezidentin 5 yanvar 2023-cü ili Sərəncamı sayca 4-cü sosial paketdir. Sərəncamla minimum əməkhaqqı yanvarın 1-dən 15% artırılaraq 300 manatdan 345 manata çatdırılıb, minimum pensiya məbləğinin isə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması haqqında təkliflərin yanvar ayının 15-dək Nazirlər Kabineti tərəfindən hazırlanaraq dövlət başçısına təqdim olunması tapşırılıb.

Hazırda ortada olan sual sırf bundan ibarətdir ki, ötən son dörd il ərzində sayca 4-cü sosial paketdən ibarət bu artımlar əhalinin aztəminatlı, yəni azgəlirli təbəqəsini 2021-ci ildən start götürən və ötən il, yəni 2022-ci il ərzində də davam edən inflyasiya və bahalaşma tendensiyasının məruz qoyduğu təsir və təzyiqlərdən xilas edə biləcəkmi? Hansı ki, bu tendensiya hələ də mövcud olaraq qalır.

Belə ki, məlum olduğu kimi ötən il ən böyük bahalaşma ili olaraq yadda qaldı. Hətta bu artım tendensiyası heç bir ay ərzində belə səngimədi, əksinə yeni vüsət aldı. Hələ ilin yekunlarına dair rəsmi rəqəmlər açıqlanmayıb. Lakin bəllidir ki, istehlak qiymətləri indeksi təqribən 14%, ərzaq məhsulları üzrə isə 20%-dən çox artıb. Əslində bu çox ciddi rəqəmlərdir.

Məsələ bundadır ki, yeni ilin ilk günlərindən də artıq, bir çox qiymətlərdə artım baş verdiyi və beləliklə də bahalaşma prosesində sanki yeni mərhələnin start götürdüyü nəzərə çarpır. Buna səbəb, təbii ki, cari ildə maaş və pensiyaların artırılacağı xəbəri idi. Hələ artımın məbləği və hansı istiqamətdə olacağı məlum olmadığı halda bazarda qiymətlərdə artıq hərəkətlənmə başladı.

Qeyd etmək lazımdır ki, yanvar ayının 1-dən tətbiq ediləcək artımlar keçənilki bahalaşma və inflyasiya səviyyəsindən yüksəkdir. 

Yeri gəlmişkən, ötən ilin əvvəlində isə minimum əməkhaqqı və pensiya məbləği eyni faiz həddində – 20% artmışdı. Ərzaq inflyasiyası bunu “yedi”. Builki artım səviyyəsi isə ümumi inflyasiya həddini üstələsə də, bilavasitə ərzaq inflyasiyasını tam olaraq kompensasiya edə bilmir.

Hesab edirəm ki, hazırkı artımlar ilin birinci yarısı üçün əhalinin sosial müdafiəsinin təşkilində yararlı olacaq. Ancaq, bahalaşma prosesi dayanmasa, il ərzində daha belə bir addım atmağa ciddi ehtiyac yaranacaq.

Son 4 il ərzində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Ümumən, bu il üçün sosial ödənişlər üzə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub ki, bu vəsait 1,9 milyon vətəndaşı əhatə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir