İqtisadiyyat

“Corab özü kiçik olsa da, sənayedə payı böyükdür” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Biznesi hədəflərinə çatdırmaq o qədər də asan deyil. Sahibkarın əsas ehtiyacı, təbii ki, maliyyə resursudur və hədəflərə çatmaq maliyyə təminatından asılıdır. Qeyd edim ki, müəssisəmiz fəaliyyətə başladığı ilk illərdə az sayda və yarımfabrikat məhsullar hazırlanırdı. Güzəştli kredit vəsaitini aldıqdan sonra isə fabrik kimi yerli məhsullar istehsal etməyə və tam gücümüzlə çalışmağa başladıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Azər Corab” MMC-nin direktoru Nurbaxış Süleymanzadə deyib. O, fabrikin fəaliyyətə başlama yolundan, istehsal gücündən söz açıb.

Müsahibəni təqdim edirik:

– Nurbaxış bəy, sahibkarlıq fəaliyyətinə başlamaq ideyası sizdə necə yarandı? 

– Öz biznesimi yaratmaq mənim arzum olub və bu məqsədə çatmaq üçün çox çalışmışam. Geyim istehsalına marağım və bu sahədə biliklərim olduğuna görə də məhz bu istiqamətə yönəldim. Bəs “nə üçün corab istehsalı?” sualına isə belə cavab verə bilərəm ki, corab geyimimizin kiçik bir hissəsi olsa da, geyim sənayesində payı kifayət qədər yüksəkdir. Nəzərə alaq ki, corabdan hər kəs istifadə edir, qiyməti münasibdir və tez-tez yeniləri ilə əvəz olunur.

Bazar araşdırmaları da göstərir ki, insanların sağlamlıq və idmanla bağlı tələbatları artdığından, müxtəlif növ corablara da tələbat artır və qarşıdakı illərdə də bu sahənin geyim sənayesində payının yüksəlməsi gözlənilir. Həmçinin, araşdırmalarımız Azərbaycanda yüksək keyfiyyətli Avropa standartlı corabların istehsalının çox az olduğunu göstərdi. 

Beləliklə, ölkəmizdə bu məhsulun istehsalının gəlirli olacağı qənaətinə gəldik və 2016-cı ildə “Azər Corab” MMC-ni yaradaraq, biznes fəaliyyətinə başladıq. 

– Hazırda şirkətin istehsal gücü nə qədərdir?

 Şirkətimizin illik istehsal gücü 1,9 mln. cütdür. İstehsal xəttimizdə olan avadanlıqlar İtaliya, Rusiya və Türkiyə istehsalıdır. Bu avadanlıqlar corab istehsalını tam avtomatlaşdırılmış şəkildə  istehsal etmək gücünə malikdir. Bununla da istənilən növdə corabları istehsal edə bilirik. Diabet xəstələri və ya idman üçün nəzərdə tutulmuş xüsusi texniki corabların istehsalı da bura daxildir. İstehsal etdiyimiz məhsulların keyfiyyətinin ən yüksək standartlara cavab verməsinə xüsusi diqqət göstəririk. Çünki gənc sahibkar olaraq qarşıma biznesi genişləndirmək, məhsullarımızı xarici ölkələrə ixrac etmək və brendimizi daha geniş tanıtmaq məqsədi qoymuşam. 

– Güzəştli maliyyə dəstəyi almaqla bağlı təcrübəniz digər sahibkarlar və sahibkarlığa başlamaq istəyənlər üçün maraqlı olardı… 

– İlk olaraq qeyd edim ki, güzəştli kreditlərin əldə olunmasında əsas məsələ layihəmizin prioritet istiqamətlərə aid olması və sənədlərimizin düzgünlüyüdür. Güzəştli kredit almaq üçün öncə biznes-plan, kredit hesabatı və digər zəruri sənədləri hazırlayaraq, bir neçə banka müraciət etdim. Banklardan birinin müsbət cavab verməsi mənim üçün kifayət idi. Beləliklə, gözlədiyim kimi də oldu, banklardan biri müraciətimi müsbət qiymətləndirdi və prosedura uyğun olaraq, bank sənədlərimi Sahibkarlığın İnkişafı Fonduna yönləndirdi.  

Mənim layihəm güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlərə aid idi. Ona görə də layihəmin yerli məhsulların istehsalına, idxaldan asılılığın azaldılmasına, yeni iş yerlərinin açılmasına xidmət etməsi Fond tərəfindən müsbət dəyərləndirildi. Həmçinin kiçik sahibkar olduğum üçün bu vəsaitin biznesim üçün əhəmiyyəti aydın idi. Fond qərarını 10 iş günü ərzində banka təqdim etdi. Beləliklə, mən qısa zamanda bank vasitəsilə illik faiz dərəcəsi 5% olmaqla güzəştli şərtlərlə kredit əldə etdim.

Güzəştli kredit vəsaiti əldə etdikdən sonra müasir texnologiyalar alaraq, istehsalı gücləndirməyə başlamışıq. Güzəştli kredit bizə planladığımız potensial müştərilərimizi real müştəri bazasına çevirmək şansı verdi, bu isə biznesimiz üçün ən önəmli məqamlardan biridir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir