İqtisadiyyat

Dövlətin altı ayda daxili borcları 282,6 milyon manat artıb: İkinci maliyyə bazarına hazırlıq görülür? – FOTO

Sharing is caring!

Noyabr ayının əvvəlində Hesablama Palatası 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəyini açıqlayıb. Rəydə bir çox məsələlərə toxunulsa da, bu dəfə dövlətin daxili borclanma siyasətinə xüsusi yer ayrılıb. Belə ki, 2022-ci ilin səkkiz ayı üzrə daxili və xarici borclanmadan daxilolmalar üzrə 444,7 milyon manat məbləğində proqnoza qarşı dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə 380,1 milyon manat və ya 85,5 faiz həcmində vəsait cəlb edilib. 

Cari ilin altı ayında ümumi dövlət borcunun artımı isə daxili borclanmanın artımı hesabına olub. Yəni xarici dövlət borcunun məbləği azalıb, dəyişkən faizli xarici borcun və 10 ilədək müddətə cəlb edilmiş xarici borcun ümumi xarici borcda xüsusi çəkisi artıb.

2022-ci il iyulun 1-nə olan göstəriciyə əsasən, dövlət borcunun ümumi məbləği 16 milyard 928,5 milyon manat ekvivalentində olmaqla ÜDM-in 14,7 faizini təşkil edib. Məcmu dövlət borcunun 13 milyard 400 milyon manatı və ya 79,2 faizi xarici dövlət borcunun, 3 milyard 528,5 milyon manatı və ya 20,8 faizi isə daxili dövlət borcunun payına düşüb.

2022-ci ilin altı ayı üzrə nominal ifadədə birbaşa xarici dövlət borcu 384,8 milyon manat azalıb, daxili dövlət borcu isə 282,6 milyon manat artıb. Xarici zəmanətlər üzrə şərti öhdəliklərdə 46,1 milyon manat azalma baş versə də, daxili zəmanətlər üzrə şərti öhdəliklərin 177,5 milyon manat artdığı müşahidə edilib.

Məsələni Oxu.Az-a şərh edən Dövlət Məşğulluq Agentliyində Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri, iqtisadçı-ekspert Elman Sadıqov ilk olaraq borclanmanın tənzimlənmə mexanizmindən söz açıb:

“Demək olar ki, həmişə büdcədə borclanma proqnozlaşdırılır və dövlət borclanmaya gedir. Bunun isə daxili və xarici borclanma kimi iki növü var. Adətən, daxili borclanma bitdikdə dövlət xarici borclanmaya gedir. Burada inflyasiya, biznes mühitinin daralması, pul siyasəti faktorları və sair var. Amma hər bir halda bu gün Azərbaycan büdcəsində daxili borclanma nəzərdə tutulub, çünki bunun üçün böyük potensial var. Biz valyuta borclanmasını daha da artıra bilirik. Daxili borclanmada əsas məsələ odur ki, biz valyuta riskinə məruz qalmırıq. Belə ki, dövlətin daxili borclanma hesabına xərclədiyi pullar ölkə daxilində qalır. Yəni büdcədən ödənilən faizlər ölkə daxilindəki şirkətlərə yönəldiyi və onlar da öz gəlir vergilərini verdikləri üçün daxili borclanma daha effektiv və səmərəlidir”.

Bunun əksinə olaraq, iqtisadçı xarici borclanmada müəyyən problemlərin olduğunu diqqətə çatdırıb:

“Gördüyümüz kimi, dolların faiz dərəcəsi artır, valyuta riski məsələsi var, ödənilən faizlər isə ölkədən xaricə gedir. Ona görə də ölkənin əsas siyasəti daxili borclanmanı artırıb xarici borclanmanı minimuma endirməkdir. Çünki bu, ölkəyə əl-qol açmağa imkan verir. Hansısa problem olarsa, ölkənin aşağı nisbətdə borclanması gələcəkdə istənilən zaman xarici borclanma üçün müraciət etməsinə şərait yaradır. Ona görə də bu gün büdcədə daxili borclanmanın nəzərdə tutulması həm də maliyyə sektorunun inkişafına yönəlib. Azərbaycanda buna çox böyük ehtiyac var. Maliyyə bazarının genişlənməsi, dövriyyənin artması, ən azı dövlət istiqrazlarının və qiymətli kağızların satıldığı ikinci bir bazarın formalaşması əsas prioritetlərdən biridir. Biz bu mexanizmi inkişaf etdirməliyik ki, dövlət gələcəkdə bu istiqamətdə rahat manevrlər edə bilsin.

Bu gün neft və qaz bahadır, ixracımız uyğun bir səviyyədədir, pulumuz çoxdur, amma bu o demək deyil ki, biz digər məsələləri unutmalıyıq. Azərbaycan 5-10 ildən sonra özünün daxilində daha likvid, dinamik bir maliyyə bazarının olmasına çalışmalıdır. Neftin qiyməti aşağı düşdükdə, büdcədə problem yarandıqda və bu fonda iri infrastruktur layihələr həyata keçirildikdə hər hansı bir şirkətin özünün buraxdığı istiqrazların daha rahat şəkildə satılması, ümumiyyətlə, maliyyə vəsaitlərinin hər hansı bir şirkətə, dövlətə cəlb olunması üçün mütləq maliyyə bazarı inkişaf etdirilməli, ikinci əl bazar olmalıdır. Aşağı nisbətdə xarici borclanma ölkənin daha müstəqil xarici siyasət yürütməsi deməkdir. Ölkədən büdcə xərclərinin xaricə axınının qarşısının alınmasıdır”.

Ekspert diqqətə çatdırıb ki, gəlirlər çox olduğu zaman gələcək üçün işlək mexanizm hazırlanmalıdır, çünki yaxşı gedişat iqtisadiyyatda daim olmur:

“Sual oluna bilər ki, əgər büdcəmizin bu qədər profisiti yaranırsa, biz nə üçün daxili borclanmaya gedək? Dünyada bu məsələ müxtəlif cür həll olunur. Norveç, BƏƏ kimi neft ölkələri var. Orada da neft fondu var, siz istəsəniz, büdcəyə müəyyən düzəlişlər etməklə ilin ortasında həmin büdcə gəlirlərini neft fonduna yönəldə bilərsiniz. Yaxud büdcədə borclanmanı davam etdirə bilərsiniz. Bu borclanma isə daha çox maliyyə bazarlarının inkişafına yönələn addımdır. Çünki bu, qaçılmaz prosesdir, çətin iqtisadi dövr üçün indidən tədbirlər görülməlidir”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir