İncəsənət

Azərbaycanlı fotoqraflar ilk dəfə komanda şəklində qalib oldular — FOTOLAR

Sharing is caring!

Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə iki ildə bir dəfə baş tutan 29-cu FIAP Rəngli Bienal adlı beynəlxalq fotomüsabiqə keçirilib.

XəbərAl.az 
xəbər verir ki, cari ilin əvvəlində FIAP-ın himayədarlığı altında Fransada keçirilən federasiyalararası fotomüsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 42 ölkəsindən 1192 foto təqdim olunub. Qaydalara görə, hər bir ölkə (federasiya) özünün təyin etdiyi mövzular üzrə yalnız rəngli olmaq şərti ilə iki kateqoriyada – rəqəmsal şəkildə 20, çap şəklində isə 10 foto təqdim edə bilərdi.

Qiymətləndirmə prosesi fotoların fərdi və ümumi qrup şəklində olmaqla iki mərhələdə aparılıb. Ən çox bal toplayan federasiyaya kubok, iki, üç və dördüncü yerlərə isə müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim olunur. 5-10-cu yerlərin sahibləri isə fəxri lentlər qazanır. Eyni zamanda, hər federasiyada birinci yerdə qərarlaşan müəlliflərə xüsusi mükafatlar təqdim edilir. Fərdi şəkildə olan qiymətləndirmə zamanı hər kateqoriya üzrə ən yüksək bal toplayan müəlliflər isə Beynəlxalq Foto Sənəti Federasiyası və Fransa Fotoqrafiya Federasiyasının medallarını əldə edirlər. Sonda yarışmanın hər bir iştirakçısına çap şəklində müsabiqənin kataloqu təqdim edilir. Mükafatlandırma mərasiminin bu ilin oktyabr ayında Fransanın Koqnin şəhərində keçirilməsi nəzərdə tutulur.

Azərbaycanı növbəti dəfə bu yarışmada 18 fotoqrafla “Gilavar” Azərbaycan Foto Klubu təmsil edib. Peşəkar fotoqraflar tərəfindən Heydər Əliyev Mərkəzi (rəqəmsal) və Gimnast qızlar (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Çap və rəqəmsal fotoların qiymətləndirməsi zamanı həmyerlilərimiz müvafiq olaraq 141 və 245 bal toplayıblar. Fərdi qiymətləndirmədə Valeriy Xlızovun “Uçuş” (“Flight”) fotosu Fransa Fotoqrafiya Federasiyasının gümüş medalını qazanıb. Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə rəqəmsal kateqoriyada 6-cı, çap kateqoriyasında isə 14-cü yerə layiq görülüblər. Bununla da top onluğa düşən Azərbaycanı təmsil edən “Gilavar” Foto Klubu Fəxri lent qazanıb.

Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Hazırda Azərbaycanda Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarına layiq görülən 7 fotoqraf var.(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir