İncəsənət

Xalq şairi Prezident haqda: “O, mənim gözümün qarşısında böyüyüb“

Sharing is caring!

“Yubleyimdə özümü yaxşı hiss edirəm, bu boyda mükafatdan sonra mənim nə ixtiyarım var ki, deyim yaxşı deyiləm. Adamın əhval-ruhiyyəsi yüksəlir, oyanır və xəstəlik qorxub qaçır”.

XəbərAl.az xəbər verir ki, bunu bu gün 90 yaşını qeyd edən Xalq şairi, dramaturq Nəriman Həsənzadə deyib.

“İstiqlal ordeni ilə təltif olunan N.Həsənzadə Prezident İlham Əliyevə təşəkkür edib: “Məni “İstiqlal” ordeni ilə təltif etdiyinə görə, cənab Prezidentə minnətdaram. Allah canını sağ eləsin. O, bizim Milli Qəhrəmanımızıdır. O, mənim gözümün qarşısında böyüyüb və çox razıyam”.

N.Həsənzadə 90 illik yubileyi münasibətilə ilk təbriki kimdən aldığını da açıqlayıb: “Məni ilk təbrik edən qızım oldu. Zəng edib doğum günümü və Prezidentin təltifi münasibəti ilə təbrik etdi. Mənim üçün çox böyük sevinc oldu”.

“Yubleyimi qeyd etmək üçün pandemiyanın bitməsini gözləyəcəm ki, qələm dostlarımla və oxucularımla görüşüm. Onlarsız keçirə bilmərəm”, – N.Həsənzadə əlavə edib.

Xalq şairi yaradıcılıq fəaliyyətindən də danışıb: “Hər şey yaxşıdır, hazırda “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır” pyesi üzərində işləyirəm. Əsər Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulacaq”. (Report)

Qeyd edək ki, fevralın 17-də Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932) itirib. İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.

1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olub. 1953-cü ildə həmin Universiteti bitirib.

1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olub. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərib. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Beş il burada təhsil alıb, Bakıya qayıdıb.

1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olub. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb.

1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləyib. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunub.

SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olub. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz edib. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub.

Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilib (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilib. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir