İdman

Qalib gəlmədiyimiz çexlər – “Qarabağ” ilki bacarmalıdır

Sharing is caring!

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Plzen) ilə üz-üzə gələcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan klubları indiyə qədər beş dəfə avrokuboklarda Çexiya təmsilçilərinə rəqib olub. Baş tutan 10 qarşılaşmanın heç birində qələbə qazanmaq mümkün olmayıb.

İlk belə duel UEFA Kubokunun 1997/98 mövsümünə təsadüf edib. I təsnifat mərhələsində “Yablonets”ə rəqib olan “Qarabağ” səfərdə 0:5, Bakıda 0:3 məğlub olaraq mübarizəni dayandırıb.

Çempionlar Liqasının 2000/01 mövsümündə “Şəmkir” çexlərə ilişib. II təsnifat mərhələsində “Slaviya” ilə üz-üzə gələn komanda hər iki matçda uduzub – səfərdə 0:1, evdə 1:4.

“Slaviya” UEFA Kubokunun 2006/07 mövsümündə “Karvan”ın da yolunu kəsib. II təsnifat mərhələsində baş tutan duelin Çexiyadakı ilk matçında qolsuz heç-heçə qeydə alınıb. Bakıda isə rəqib iki cavabsız qolla mərhələ adlayıb.

Növbəti qarşılaşmalar “Qarabağ”ın adı ilə bağlıdır. Ağdam klubu Çempionlar Liqasının 2016/17 mövsümünün II təsnifat mərhələsində məhz “Viktoriya”ya rəqib olub. Çexiyadakı ilk görüş 0:0 başa çatıb. Bakıda isə qollu – 1:1 hesablı heç-heçə rəqibin mərhələ keçməsi üçün kifayət edib.

Həmin mövsüm yoluna Avropa Liqasında davam edən “Qarabağ” digər Çexiya klubu “Slovan”la eyni qrupa düşüb. Bu dəfə də nəticə uğursuz alınıb. Bakıda 2:2 heç-heçə edən “atlılar” səfərdə 0:3 uduzub.

“Qarabağ”la “Viktoriya” arasındakı ilk matç avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç 20:45-də start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir