İdman

PFL prezidenti: “Yeni mövsüm daha maraqlı keçəcək” – MÜSAHİBƏ

Sharing is caring!

Az sonra Azərbaycanda 2022/23 mövsümü start götürür. 

Sports.az bu və başqa aktual mövzular haqda PFL-in yeni prezidenti Elxan Səmədovun fikirlərini öyrənib.

– Premyer Liqa start götürür. Gözləntiləriniz nələrdir? 

– Bəli, qeyd etdiyiniz kimi, Misli Premyer Liqasının 2022/2023 mövsümü start götürür. İlk növbədə fürsətdən istifadə edib bütün komandalara uğurlar arzulayıram. Bildiyiniz kimi, uzun müddətdən sonra Premyer Liqada komandaların sayı 10 oldu. Bu da yeni mövsümün daha maraqlı keçəcəyini söyləməyə əsas verir. Bundan əlavə, artıq ilk turdan etibarən çempionatda VAR sistemi tətbiq olunacaq. Premyer Liqamızın maraqlı, həyəcanlı, gərgin və şəffaf keçməsinin arzusundayam.

– Adətən yeni mövsüm öncəsi məşqçi və futbolçularda həyəcan olur. PFL-in yeni prezidenti kimi, ilk mövsümün startı öncəsi sizdə həyəcan varmı? 

– Müəyyən həyəcan var. Bu da məsuliyyətdən doğan həyəcandır.

– Bu mövsümdən VAR sistemi tətbiq olunacaq. Başqa nə kimi yeniliklər planlaşdırılır?

– VAR sisteminin tətbiq olunması Azərbaycan futbolu üçün növbəti irəliləyişdir. Eyni zamanda, bu sistemin tətbiq olunması hakimlərimiz üçün də böyük yardımdır. Təbii ki, bütün problemlər VAR sisteminin tətbiq olunması ilə aradan qalxmayacaq, amma problemlər böyük ölçüdə həll olunacaq. Mümkün hakim səhvlərinin qarşısı alınacaq. O ki qaldı yeniliklərə, mən iyulun 29-da PFL prezidenti seçilmişəm, bir həftə hansısa yenilik etmək üçün çox tezdir.

– Klublarımızın avrokuboklarda uğurlu çıxışı üçün daha güclü legionerlərə ehtiyacı olsa da, əksəriyyəti çempionatın səviyyəsinin aşağı olduğunu əsas gətirərək ölkəmizə gəlməkdən imtina edir. Çempionatın səviyyəsini yüksəltmək üçün nə kimi ideyalarınız var? 

– Klublarımızın avrokuboklarda çıxışını uğurlu hesab edirəm. “Zirə” ilə “Qəbələ”nin püşkdə bəxti gətirməmişdi. Hər iki rəqib həqiqətən çox güclü idi. Ümumiyyətlə, bu mövsüm komandalarımıza çox güclü rəqiblər düşmüşdü. Buna baxmayaraq “Qarabağ” və “Neftçi”nin avrokuboklarda uğurlu çıxışı davam edir. Güclü legionerlərin komandalarımıza qoşulmamasının səbəbinin təkcə çempionatın səviyyəsindən asılı olduğunu düşünmürəm. Təbii ki, çempionatın səviyyəsinin daha da yaxşılaşdırılması üçün müəyyən planlarımız var. Bu planları həyata keçirməyə vaxt tələb olunur.

– Azarkeşlər avrokubok oyunlarında tribunaları doldursalar da, çempionat oyunlarına çox maraq göstərmirlər. Onları matçlara cəlb etmək üçün hansısa fikirləriniz varmı?  

– Əslində bunun əsas səbəbi çoxumuza bəllidir. Məncə, cari mövsüm əvvəlkinə nisbətən azarkeş baxımından daha yaxşı olacaq. Təəssüf ki, “Kəpəz”in stadionu tərəfdarlarını qəbul edə bilmir. “Kəpəz”in bu mənada güclü dəstəyi var. Azarkeşlərin stadiona cəlb olunması üçün Premyer Liqa klubları və PFL birgə çalışmalı, müxtəlif layihələr həyata keçirməliyik.

– PFL-də indiyə qədər görülən işlər sizi qane edirmi? İlk olaraq nəyin düzəldilməsinə ehtiyac var? 

– PFL 14 ildir ki, fəaliyyət göstərir və bu müddətdə böyük işlər görüb. Buna görə Ramin Musayevə öz təşəkkürümü bildiririəm. Təbii ki, yeni rəhbər kimi ideyalarım, düşündüyüm idarəetmə mexanizmim, yeni layihələrim  var. PFL-in struktrunu lap yaxşılaşdırmalıyıq, vəzifə bölgüsünü ideal həyata keçirməliyik, bir sözlə, vahid güclü komanda olmalıyıq.

– PFL-in kollektivində dəyişikliklər olacaq, yoxsa əvvəlki heyətlə yola davam edəcəksiniz?

– Müəyyən struktur, kadr dəyişikliyinin olması gözlənilir. Həm əvvəlki, həm də yeni cəlb olunan kadrlarla güclü kollektiv formalaşdıracağıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir