İdman

Vəli Qasımov: “Onların Çerçesovu varsa, bizim də Qurbanovumuz var!” – MÜSAHİBƏ

Sharing is caring!

Yeniyetmələr arasında Avropa çempionu, SSRİ kubokunun qalibi, ilk Rusiya çempionatının bombardiri, La Liqanın bürünc mükafatçısı, “Metallist” (Ukrayna), “Spartak” (Moskva, Rusiya), “Betis” (İspaniya), “Setubal” (Portuqaliya) kimi klublarda çıxış etmiş, hazırda isə “Şamaxı” Futbol Məktəbinin koordinatoru vəzifəsində çalışan Vəli Qasımov Sports.az saytına müsahibə verib. Əfsanəvi futbolçumuz Şamaxıdakı fəaliyyətindən, Moskva “Spartak”ında bir komandada oynadığı Stanislav Çerçesovdan, “Qarabağ”la “Neftçi”nin avrokubokdakı şanslarından və başqa mövzulardan danışıb 

– “Şamaxı” Futbol Məktəbində işlər necə gedir? 

– Problemsiz. Düzdür, hazırda daha çox diqqət əsas komandaya yönəlib. Bizim fəaliyyətimiz də plan üzrə davam edir. 

– Ən çox hansı problemlərlə üzləşirsiniz? 

– Əsas problem komandanın təzə yaranmasıdır. Rəhbərlik də dəyişib. Əvvəlin işini indi görməyə başladığımız üçün bir az gecikirik. Düşünürəm ki, gec də olsa, hamısını yoluna qoyacağıq. 

– Şamaxıətrafı rayonlardan gələn uşaqlar varmı? 

– Sırf şamaxılı uşaqları oynadacağıq. Hələ o dərəcədə şəraitimiz yoxdur ki, ətraf rayonlardan da yeniyetmələr cəlb edək. Yəqin ki, 13 yaşadək uşaqlar burada hazırlaşacaq, qalan qruplar Bakıda çalışacaq. Hələlik, belə başlayacağıq. 

– Ümumiyyətlə, akademiyada neçə uşaq var?

– Akademiyaya 6-16 yaş arasında uşaqlar gəlir. Sərəncamımda 300-ə yaxın uşaq var. Amma hələ seçim etməmişəm. İlk olaraq burada futbola olan marağı artırmışam. Artıq məhəllələrdə də futbol oynamağa başlayıblar. Bu həftə seçim edəcəyik, sayı azaldacağıq. Hər rayonda, kənddə belə bir akademiyanın açılması Azərbaycan futbolunun ancaq xeyrinədir. İnanıram ki, Şamaxı da tezliklə idman şəhəri kimi tanınacaq. Düzgün iş görülsə, buradan futbolçu da çıxacaq.

– Əsas komanda sırf yerlilərdən ibarət olacaq. Bu amil akademiyadakı uşaqlara müsbət, yoxsa mənfi təsir göstərəcək? 

– Bu cür yerlərdə məşğuliyyət üçün az sahə var. Futbol elə sahədir ki, marağı artırsan, hamı gələcək. Burada həm kollektivlik, intizam, sağlamlıq, bir sözlə, hər şey var. Sadəcə, düzgün nəzarət lazımdır. 

– Bakı, Moskva, Sevilya, Setubal kimi şəhərlərdə yaşamış biri üçün Şamaxıda məskunlaşmaq çətin deyil? 

– İşini sevən adam üçün məkanın fərqi yoxdur. Sözün düzü, vaxtım az olur. Bütün günümü işə həsr etmişəm. Axşam evə girən kimi uzanıb yatıram. Hərdən istirahət günüm olanda gedib gözəl bir yerdə çay içirəm, dağlara baxıram. 

– Hər halda Azərbaycanın ən zəngin karyeraya malik futbolçususunuz. Düşünmürsünüz ki, Avropada qazandığınız təcrübəni əsas komandalara sərf etsəniz, futbolumuza daha çox xeyir verərsiniz? 

– Razıyam. Ancaq futbolu o qədər sevirəm ki, bura göndəriblərsə, razılaşıb işimi görürəm. Sabah Premyer Liqada hansısa komandaya getsəm, ora da köməyim dəyər. Düzdür, futbolda çox şey görmüşəm, təcrübə toplamışam. Ancaq iş üçün gedib kiməsə yalvarmayacağam. İnşallah, vaxt gələr, öz yerimi tutaram. 

– Avrokuboklarda “Qarabağ” və “Neftçi” yoluna davam edirsə, “Zirə” ilə “Qəbələ” mübarizəni dayandırdı. Klublarımızın çıxışını necə dəyərləndirərdiniz? 

– “Neftçi”nin cütün taleyini cavab oyununda həll etməsinə çox sevindim. Qarşısında çətin rəqib var idi. “Aris” adına görə zəif hesab oluna bilər, amma oyun baxımından pis təsir bağışlamırdı. Düşünürəm ki, qollarda “Neftçi”nin bir az da bəxti gətirdi. Ancaq təmsilçimiz mərhələni adlamaq üçün hər şeyi etdi. Futbolçuların həvəsi həlledici rol oynadı. “Neftçi”də heyət yeni formalaşır, baş məşqçi dəyişib. Hələ istədiyimiz oyunu görmürük.

“Qarabağ” isə öz sistemini qoruyur və irəli gedir. Bu komanda stabilliyini çoxdan tapıb. “Qəbələ”yə elə böyük rəqib düşməmişdi. “Fehervar” önündə çox çalışsalar da, alınmadı. Ən güclü rəqib isə “Zirə”nin bəxtinə çıxmışdı. 

– “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferentsvaroş”la (Macarıstan), “Neftçi” isə Konfrans Liqasının III raundunda “Rapid”lə (Avstriya) qarşılaşacaq. Şansları necə görürsünüz? 

– “Qarabağ”ın irəliləmək şansını daha çox görürəm. Bu komandanın çıxışına bələdik. Qələbə qazandıqca daha yaxşı oynayırlar. “Neftçi”dən hələ istədiyimiz oyunu görə bilməmişik. Hər iki komandamızın mərhələ adlayacağına ümid edirəm. 

– “Ferentsvaroş”un baş məşqçisi sizin də yaxşı tanıdığınız Slanislav Çerçesovdur. Rusiya klubları avrokuboklara buraxılmadığı üçün bütün Rusiya Çerçesovla təsəlli tapır. Hətta, sırf onu əsas götürüb “Ferentsvaroş”u favorit sayanlar var… 

– Çerçesov amilini xüsusi vurğulamağın tərəfdarı deyiləm. Sadəcə, onu deyə bilərəm ki, bu komandanı keçmək lazımdır. Rusiya mətbuatı həmişə nəsə axtarır, şişirdir. Amma peşəkar gözlə baxsaq, hər şeyin istədiyimiz kimi alınma şansı daha çoxdur. Çünki, real olaraq “Qarabağ” “Ferentsvaroş”dan daha güclüdür. Düzdür, “Ferentsvaroş” öz ölkəsində böyük kubdur. Ancaq “Qarabağ” onlardan da böyükdür. Onların Çerçesovu varsa, bizim də Qurbanovumuz var. Hətta, Qurban Qurbanovu ondan da təcrübəli sayıram. Doğrudur, Çerçesov da son illər işini yüksək səviyyədə yerinə yetirir. Ancaq əsas uğurunu millidə qazanıb, klub karyerasında elə böyük nailiyyəti yoxdur. Ölkə çempionatı ilə avrokuboklar eyni deyil.

– Sizcə, “Qarabağ” və “Neftçi”ni eyni anda qrupda görmək şansımız nə qədərdir? 

– Hər şey özlərindən asılıdır. Bizim də istəyimiz ikisinin də qrupda oynamasıdır. “Qarabağ”a inam daha böyükdür. Onlarda stabillik olduğu üçün oyunlarına rahat baxırıq. “Neftçi”də yeni oyunçular çoxdur, baş məşqçi təzədir, sistem hələ oturuşmayıb, taktiki seçimdən hələ tam baş açmaq olmur. Buna görə, onlarla bağlı nəsə demək çətindir. Hər iki komandamıza uğurlar arzulayıram!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.