İdman

“Sürix”in baş məşqçisi: “Qarabağ”ın əvvəlki oyundakı nəticəsi bizi qorxutmur” – FOTOREPORTAJ

Sharing is caring!

“Rəqibin əvvəlki oyundakı nəticəsi bizi qorxutmur”.

“Report”un məlumatına görə, bunu İsveçrənin “Sürix” komandasının baş məşqçisi Franko Foda Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis “köhlən atlar”ın I raundda “Lex”ə qarşı Polşadakı matçını canlı izlədiklərini bildirib: “Bakıdakı oyuna da baxmışıq, rəqibi təhlil etmişik. “Qarabağ” irəlidə üç futbolçu ilə çıxış edir və çoxlu pressinq edir. Kadi Borges, İbrahima Vadji və Abdullah Zubir çox hərəkətlidirlər. Lakin hər bir komanda kimi onların da problemləri var. Biz müdafiədə sıxlıq yaratmağa və boş zonalardan yararlanmağa çalışacağıq. Əks-hücumlardan fərqlənmək istəyirik”.

Heyətlə bağlı problemlərinin olmadığını söyləyən Foda İsveçrə Super Liqasında “Yanq Boyz”a 0:4 hesabı ilə uduzduqları I tur matçından söz açıb: “Komandada ab-hava yaxşıdır. Son qarşılaşmamızda hesab oyuna görə olmadı. Penaltini boşa verdik, hesabda önə də keçə bilərdik. Artıq həmin görüşü unutmuşuq. Tam olaraq sabahkı oyuna köklənmişik”.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sürix” qarşılaşması saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq. Azərbaycan təmsilçisi I təsnifat mərhələsində “Lex”ə səfərdə 0:1 hesabı ilə uduzsa da, evdə 5:1 hesablı qələbə sayəsində mərhələ adlayıb.

“Global Photo Stock”un əməkdaşı mətbuat konfransından fotolar lentə alıb.

Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir