İdman

Stend atıcılığının səngər növü üzrə qızıl medalçılar müəyyən edilib – YENİLƏNİB + FOTO

Sharing is caring!

Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışın qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında keçirilən yarışın qızıl medalçısı çexiyalı Liptak Jiri olub. 

Stend atıcılığının bugünkü final yarışını Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov Bakı Atıcılıq Mərkəzində izləyib. Nazir qaliblərə medalları təqdim edib.

18:07

Bakıda atıcılıq üzrə keçirilən Dünya Kuboku yarışlarında komandasına dəstək üçün Almaniya səfiri Volfqanq Maniq Bakı Atıcılıq Mərkəzində olub.

“Bizim idmançı – Olimpiya ikincisi Monika Karş da yarışda iştirak edir. Biz bu yarışda bürünc medal qazanmışıq. Fikrimcə, idmançı üçün əsas məsələ burada iştirak etməkdir. Çünki onların başqa millətlərlə dostluq münasibətləri yaranır. Bu səbəbdən, Dünya Kubokunda iştirak etməyin özü də bir nailiyyətdir. İdmançılarımıza uğurlar arzulayıram”, – səfir deyib.

10 metr məsafəyə tüfəng atıcılığı üzrə yarışın qızıl medal sahibi Cənubi Koreya atletləri Bakıda keçirilən yarışın təşkilat səviyyəsinin onların nəticəsinə müsbət təsir göstərdiyini bildiriblər.

“Bakıdakı yarış həqiqətən möhtəşəmdir. Yaradılan şərait superdir. Burada həqiqətən çox əyləncəli anlar yaşayıram. Ab-hava əladır. Bu da bizim nəticəmizə təsir etdi”, – deyə atlet Keum Jihyeon bildirib.

Qızıl medalçı Park Hajun isə fərqli hisslər keçirdiyini qeyd edib:

“Çempion olmaq qürurvericidir. Düzdür, qalibiyyət asan olmadı. Buna baxmayaraq, sevincliyəm. Yarış möhtəşəm idi. Serbiya ilə final görüşü həqiqətən çətin oldu. Dünya Kubokunun finalına vəsiqə qazanmağın həyəcanı var idi. Rəqib də olduqca təcrübəli idi. Buna baxmayaraq, yekunda qələbə qazandıq”.

10 metr məsafəyə pnevmatik tapançadan qarışıq növdə atəşaçma yarışlarında bürünc medal qazanan türkiyəli Yusuf Dikeç iki ölkə idmançılarının birliyindən söz açıb:

“Hər idmançı kimi, medal qazandığımız üçün sevincliyəm. Biz bu medalı sadəcə Türkiyə adına yox, həm də Azərbaycan üçün əldə etdik. Hamının söylədiyi kimi, biz iki dövlət, tək millətik. Biz də könüldən bu sözə qatılırıq. Bakıda möhtəşəm turnir keçirilir. Təşkilatçılıq əla səviyyədədir. Arenanın dizaynı, ləvazimatlar, yeməklər və xidmət möhtəşəmdir. Hamı gülərüzlüdür. Mən şəxsən belə təşkilatçılığı çox yerdə görməmişəm”.

Digər türkiyəli idmançı İlayda Şevval isə xoşbəxt olduğunu bildirib:

“Çox qürurluyam. Qardaş ölkədə Türkiyə adına medal qazanmaq sevindiricidir. Əziyyətimizin qarşılığını aldığımız üçün də ayrıca xoşbəxtik. Başqa ölkələrdə keçirilən Dünya Kubokları yarışlarından fərqli olaraq, burada iştirakçı ölkələrin sayı çoxdur. Yarışlar da olduqca çətin idi. Belə bir turnirdə medal qazanmağımız çox qürurvericidir”.

15:00

Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən Dünya Kubokunda bu gün 10 metr məsafəyə tüfəng və tapança atıcılığı üzrə qarışıq komandaların final yarışları başa çatıb.

Yarışda Koreya komandası Serbiyaya 16:10 hesabı ilə qalib gələrək, qızıl medal qazanıb. Bürünc medal sahibləri Koreya, Polşa komandaları olub.

Qardaş Türkiyə komandası bu yarışda bürünc medal qazanıb. Digər bürünc medala Serbiya komandası yiyələnib. Yarışın qızıl medalçısı 14:6 hesabı ilə Ukrayna komandası üzərində qələbə çalan Yunanıstan komandası olub. Ukrayna isə gümüş medal qazanıb. 

Bu gün stend atıcılığının səngər növü üzrə də qadın və kişilər arasında final yarışları keçiriləcək.

Atıcılıq üzrə Dünya Kuboku Bakıda mayın 28-də start götürüb. Yarışlar iyunun 7-dək davam edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir