İdman

İsrailli idmançı ilə görüşməmək üçün uduzdurulan iranlı cüdoçu Azərbaycan adından çıxış edəcək – FOTO

Sharing is caring!

Tokio Olimpiadasının gümüş medalçısı, dünya çempionu və dördqat Asiya mükafatçısı Səid Mollai cüdo üzrə Azərbaycan millisində çıxış edə bilər.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan əsilli İran idmançısı tərəfindən Azərbaycan Cüdo Federasiyasına müvafiq müraciət daxil olub.

Bununla bağlı idmançının mövcud hazırlıq vəziyyətini dəyərləndirmək üçün o, Bakıya dəvət olunub və milli yığmanın Avropa çempionatına hazırlıq məqsədi ilə keçirilən təlim-məşq prosesində iştirak edib, həmçinin müvafiq tibbi müayinələrdən keçirilib.

Hazırda onun Azərbaycan adından çıxış etməsi ilə bağlı müraciəti federasiya rəhbərliyi tərəfindən dəyərləndirilir və buna son icazəni verməli olan Beynəlxalq Cüdo Federasiyası ilə müvafiq məsləhətləşmələr aparılır.

Əldə etdiyimiz məlumata görə, Azərbaycan yığmasının 81 kq çəki dərəcəsində Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında təmsil olunmaması da bununla bağlıdır. Belə ki, Antalyadakı “Böyük Dəbilqə” turnirində zəif çıxış edən Murad Fətiyevin əvəzinə federasiya Mollai üçün Beynəlxalq Cüdo Federasiyasından icazə cavabı gözləsə də, bu proses gecikib. O ən yaxşı halda mötəbər yarışlardan avqustda Konyada keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin heyətində çıxış edə biləcək.

Qeyd edək ki, 30 yaşlı Səid Mollai 2019-cu ildə Tokioda keçirilmiş dünya çempionatında İsrail təmsilçisi Saqi Muki ilə final görüşünə çıxmamaq üçün İran Cüdo Federasiyası və İran Olimpiya Komitəsi tərəfindən təzyiqlə üzləşib. O bu səbəbdən belçikalı Matias Kassla yarımfinal görüşünə çıxmayıb. Ancaq sonradan yerli qurumları tənqid edən Səid Mollai həmin ilin avqustunda Almaniyaya mühacirət edib və iki illik viza alıb. İran Cüdo Federasiyası bu addımına görə Beynəlxalq Cüdo Federasiyasının yarışlarından kənarlaşdırılıb.

2019-cu ilin noyabrında Belçikanın paytaxtı Brüsseldə keçirilmiş forumda ona xüsusi qızıl medal təqdim olunub. O, həmin ilin dekabrın 1-də Monqolustan prezidentinin vətəndaşlıq təklifi ilə bu ölkə adından çıxış etməyə başlayıb. Ötən ilin fevralında Monqolustan adından Təl-Əviv Qran-prisində bürünc medal qazanmış Səid Mollai həmin Tokiodakı Olimpiadada gümüş medal qazanıb.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir