İdman

AOK prezidenti: “Minsk-2019 təmiz Oyunlar olub”

“Minsk-2019 II Avropa Oyunları zamanı ciddi problem olmayıb. Xırda məsələlər baş veribsə, o da tezliklə aradan qaldırılıb”.

APA-nın Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Minsk-2019-un Koordinasiya Komitəsinin rəhbəri Spirol Kapralos Oyunların yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, II Avropa Oyunları gözləntiləri artıqlaması ilə doğruldub: “Son zamanlar biz çoxlu vaxt sərf etdik. Gözləntilərimizi artıqlaması ilə doğrultdu. Atletlər Kəndi əlverişli, yeməklər yaxşı idi. Şəhər təmiz, qonaqpərvərdir”.

Könüllülərin işindən də razılıq edən yunanıstanlı funksioner onlardan ikisinin bu gün idman gimnastikası və velosiped idmanı yarışlarında medalları təqdim etdiklərini diqqətə çatdırıb.

Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Yanes Kotsiyançiç 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıları təbrik etsə də, onların saylarının hələ dəqiqləşmədiyini açıqlayıb: “Tokio- 2020-yə nə qədər idmançının lisenziya qazandığını demək çətindir. Bunu bütün nəticələri əldə etdikdən sonra deyəcəyik. Müxtəlif növlər bir-birindən fərqlənir”.

Koçiyançiç bildirib ki, Minsk-2019-də cəmi bir müsbət nəticəli dopinq olub: “O da sonadək tam məlum olmadı. Bunu nəzərə alaraq, deyə bilərik ki, Minsk-2019 təmiz Oyunlar olub. İştirakçı ölkələrdən hər hansı mənfi rəy eşitməmişik. Ölkəyə gələn turistləri isə İdman və Turizm Nazirliyi saysın”.

AOK prezidenti 2023-cü ildə III Avropa Oyunlarını təşkil etməsi üçün Polşadan bütün təminatı aldıqlarını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Oyunların bayrağının Krakov şəhərinə ötürülmə mərasimi müvafiq müqavilə bağlanıldıqdan sonra xüsusi mərasim zamanı gerçəkləşəcək. Kotsiyançiç sözləşmənin yaxın 6-8 ay ərzində imzalanacağını söyləyib.

O, gələcək oyunların proqramı ilə bağlı da danışıb: “Oyunların fəlsəfəsini uzun müddət müzakirə etmişik. 10 günə biz çoxlu sayda yarışı daxil edə bilmərik. Gələcək Oyunlarda isə nə çox, nə də az növ daxil edəcəyik”.

Qeyd edək ki, iyunun 21-də start götürən II Avropa Oyunları ayın 30-da yekunlaşıb.