İdman

Hosteldə qətl törədən üç uşaq atasına hökm oxundu – VİDEO

Sharing is caring!

Hosteldə nəzarətçini öldürən şəxs hadisə yerindən qaçıb. Cinayət hadisəsi 2020-ci il avqustun 13-də Rəsulzadə qəsəbəsində baş verib. 

İstintaqla müəyyən edilib ki, avqustun 12-də Vüqar Cəfərov gecə qalmaq üçün Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən ünvana gəlib. Dəhlizdə nəzarətçi Hüseyn Məmmədova yaxınlaşıb, qalmaq üçün yer verməsini xahiş etdikdə, sonuncu onunla kobud danışıb, söyüş söyərək yer olmadığını deyib. Çıxıb getməsini tələb edən Hüseynin hərəkətlərindən Vüqar əsəbiləşib və aralarında mübahisə zamanı bıçaqla bir dəfə onun qarın nahiyəsinə zərbə endirib. Nəticədə səhəri gün saat 11-də zərərçəkmiş xəstəxanada dünyasını dəyişib.

İş üzrə dindirilmiş Vüqar Cəfərov bildirib ki, 2002-ci ildən Vəfa adlı qadınla qeyri-rəsmi yaşayıb, nikahdan 3 övladları dünyaya gəlib. 2009-cu ildən ailəsindən ayrılaraq, tək yaşamağa başlayıb. Fərdi qaydada usta kimi işləyib, müxtəlif ünvanlarda gündəlik kirayələrdə qalıb. Axırıncı dəfə Abşeron rayonu, Atyalı yaşayış massivində 70 manata kirayədə yaşayıb. Onunla qonşuluqda yaşayan Emil Kərimovla yaranan mübahisə zamanı, bıçaqla gözünün altına xəsarət yetirib. Qonşusu onu tutduracağını bildirərək, DİN-in 102 xidmətinə zəng edib. Dərhal evdən çıxıb və taksi ilə “Xutor” adlanan ərazidə yerləşən hostel tipli evə gəlib. Qapını açan tanımadığı, hündürboylu bir nəfərə, ev sahibini çağırmağını, pulunu verib, orada gecələmək istədiyini deyib.

Daha sonra gələn Hüseyn Məmmədov onu əli ilə itələyərək, qalmağa yeri olmadığını bildirib. Əvvəllər də burada bir neçə dəfə qaldığını deyəndə, həmin şəxs onu təhqir edərək, bir daha qalmağa yer olmadığını söyləyib. Hüseynin dəfələrlə işlətdiyi söyüşlərdən sonra şalvarının bel hissəsinə keçirdiyi bıçağı çıxarıb, qarnına zərbə vurub. Xəsarət alan şəxs qışqırıb, o aşağıda olan adamların yuxarı qalxmasını görüb, tələsik evi tərk edib. Taksi ilə “Şamaxinka” adlanan əraziyə, oradan isə Atyalı qəsəbəsinə gedib. Avqustun 14-də polis əməkdaşları onu Sumqayıtda saxlayaraq, Binəqədi Rayon Polis İdarəsinə gətiriblər.

Məhkəmə iclasında Vüqar Cəfərov ittiham üzrə özünü qismən təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Cəfərov 10 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir