İdman

“Turan Tovuz”un legioneri: “Tyerri Anriyə görə “Arsenal” azarkeşi olmuşam” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!

“Turan Tovuz”un futbolçusu Henri Okebuqvu peşəkar karyerasına Albaniyada başlayıb.

25 yaşlı yarımmüdafiəçi 2017-ci ildən 2022-ci ilə qədər bu ölkənin müxtəlif klublarında çıxış edib.

Nigeriyalı oyunçu cari mövsümün əvvəlində “Kastrioti”dən “Turan Tovuz”a transfer olunub.

2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında 13 oyunda 1 qol vuran Henri Okebuqvu “Report”un suallarını cavablandırıb.

– Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi” ilə keçiriləcək oyuna hazırlıq necə gedir?

– Hazırlıq yüksək səviyyədə davam edir. Əlbəttə ki, bu matçda hədəfimiz qələbə qazanmaqdır. Bunun üçün maksimum gücümüzü ortaya qoyacağıq.

– “Sabah” və “Zirə” ilə oyundan sonra bu dəfə “Neftçi” ilə qarşılaşacaqsınız. Ardıcıl güclü komandalarla qarşılaşmaq sizə çətinlik yaratmır?

– Açığı, biz rəqib fərqi qoymuruq. Hər bir komanda güclüdür. Buna görə də rəqiblərin adına fikir vermirik. Bütün qarşılaşmalara eyni formada hazırlaşırıq. Təqvim hamı üçün eyni olduğu üçün biz yalnız öz oyunumuzu yaxşılaşdırmaq, mümkün qədər çox qələbə qazanmaq barədə düşünürük.

– “Neftçi” ilə Azərbaycan Kubokunun yarımfinalında qarşılaşacaqsınız. Bunu həm də rəqibi daha yaxından tanımaq baxımından kubok matçlarına hazırlıq kimi qəbul etmək olar?

– Kubok oyunlarına hələ vaxt var. Həm də kubokla çempionat matçlarının ab-havası eyni olmur. Elə komandalar var ki, çempionatda fərqli, kubokda fərqli görünürlər. Hazırda bütün diqqətimizi “Neftçi” ilə çempionat görüşünə yönəltmişik. Kubok oyunu yaxınlaşanda bu barədə fikirləşəcəyik.

– 2023-cü ildə keçirdiyiniz 6 oyunun 3-də qələbə qazanmısınız, 3-də məğlub olmusunuz. Qeyri-stabil çıxış nədən qaynaqlanır?

– Futbolda bu hallar normaldır. Bütün oyunlarda qalib gələ bilməzsən. Futbolda qələbə də var, məğlubiyyət də. Buna görə də belə şeylərə ciddi önəm vermirik. Biz yalnız oyundan-oyuna köklənməyə çalışırıq.

– Premyer Liqada 4-cü yerdəki “Zirə”dən artıq 9 xal geri qalırsınız. Razısınız ki, UEFA Konfrans Liqasına yollanmaq üçün yeganə şansınız Azərbaycan Kubokunu qazanmaqdır?

– Qarşıda hələ 12 tur var. Biz üzərimizə düşəni edib bu matçların hamısında qələbə qazanmağa çalışacağıq. Mövsümün sonunda nə olacağını birlikdə görəcəyik.

– “Turan Tovuz”un Azərbaycan Kubokunu qazanmaq şansı nə qədərdir?

– Kubokun yarımfinalına qədər irəliləyən hər bir komandanın qalib gəlmək şansı eynidir. Ağır məşqlər sayəsində bu turnirdə də addım-addım irəliləmək istəyirik.

– “Turan Tovuz”la müqaviləniz mövsümün sonuna qədərdir. Klubdan yeni sözləşmə təklifi almısınız?

– Noyabrdan bəri zədəli olsam da, həmişə pozitivəm. Artıq tam şəkildə geri dönmüşəm və ehtiyac duyulduğu zaman komandama kömək etməyə hazıram. O ki qaldı müqavilə məsələsinə, mövsümün sonuna qədər hələ vaxt var. Buna yayda baxarıq.

– Əsasən Albaniya çempionatında çıxış etmiş bir futbolçu kimi, Azərbaycan Premyer Liqasının səviyyəsini necə görürsünüz?

– Çempionatda çox çətin mübarizə gedir. Hamısı yaxşı təşkilatlanmış komandadır. Azərbaycanı və Tovuzu çox sevirəm. Xüsusən də, azarkeşlərimiz möhtəşəmdirlər. Onlar həm yaxşı, həm də pis gündə bizi dəstəkləyirlər.

– Əfsanəvi fransalı futbolçu Tyerri Anri ilə eyni adı daşımağınızın həyatınıza hər hansı təsiri olub?

– Yarımmüdafiəçi olsam da, o, mənim kumirim olub. Onu həmişə sevərək izləmişəm. Tyerri Anriyə görə “Arsenal” azarkeşi olmuşam.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir