İdman

Çingiz Əlləzov: “Mən MMA-da lazım deyiləm”

Sharing is caring!

“Hazırda Marat Qriqoryanla döyüş üçün yaşayıram”.

“Report”un məlumatına görə, bunu “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion olan azərbaycanlı kikboksçusu Çingiz Əlləzov Bakıda təşkil edilən mətbuat konfransında deyib.

O, ermənistanlı idmançı Marat Qriqoryanla döyüşmək arzusunda olduğunu söyləyib:

“Sittiçay Sitsonqpinonqla Marat Qriqoryan döyüşəcəklər. Sittiçay Maratı dörd dəfə məğlub edib. Mən Maratın Giorgio Petrosyanla döyüşməsini istərdim. Rəqibin kimliyinin mənim üçün fərqi yoxdur. Hazır olsalar, bu idmançılarla döyüşməyə hazıram”.

Əlləzov Vətəninə gəldiyi üçün şad olduğunu bildirib:

“Bakıda üç dəfə olmuşam. Dörd il idi ki, məşqlərlə əlaqədar buraya gələ bilmirdim”.

“Çinqa” ləqəbli 30 yaşlı idmançı Azərbaycan xalqına təşəkkürünü bildirib:

“Həm burada, həm də Belarusda mənə çox dəstək verdilər. Buna görə xalqıma minnətdaram. Onların sayəsində dünya reytinqində bir nömrəyəm. İrəliləməkdə davam edəcəyik”.

O, “One Championship”dən başqa təşkilata keçid etməyi düşünmədiyini söyləyib:

“Mənim çəkimdəki “Top-5” idmançıların hamısı “One Championship”də çıxış edir. Qarşıda Sittiçay Sitsonqpinonq, Marat Qriqoryan və ya Giorgio Petrosyanla döyüşə bilərəm. İndi titulu qorumaq lazımdır. Superbon Sinqa Mavini ən yaxşı formasında məğlub etdim. Amma bununla kifayətlənmək istəmirəm. Məşqlərimizi davam etdirəcəyik. Hazırda Xəyal Əhmədov MMA-dadır, mən orada lazım deyiləm. Çox idmançılar MMA-ya pula görə gedirlər. Amma Xəyal ürəklə döyüşür. Açığı, mənim MMA-ya marağım yoxdur. MMA populyar olsa da, “One Championship” çox güclüdür. Bu növdəki çıxışıma görə hamı məni tanıyır. Bütün diqqətimi kikboksa yönəltmişəm”.

Çingiz Əlləzov bu idman növünün Azərbaycandakı hazırkı durumuna da münasibət bildirib:

“Kikboksda və MMA-da mərhələlər fərqlidir. Buradan çıxan idmançılarımız çoxdur. Kikboksla bağlı çox söhbət eləmək olar. Dünya üzrə tanınmış idmançılarımız var. Alim Nəbiyev, Xəyal Əhmədov, Pərviz Abdullayev kimi idmançıların adlarını vurğulaya bilərəm. İdmançılarımızı “top” yarışlara hazırlamaq lazımdır. Azərbaycanda uşaqları kikboksinqə cəlb etmək lazımdır, federasiyanın da buna dəstəyi mütləqdir.

Peşəkar idmançılar K-1-də, başqa növdə döyüşmək üçün başqa yerdə yaşamalıdırlar. Biz bəzən Tailandda, bəzən Niderlandla toplanış keçirik. Superbonla döyüşdən sonra məşqçi ilə nokautu yox, səhvləri müzakirə etdik. Mənim imkanım olsa, burada döyüşərəm. Amma müqaviləmə görə hələ bunu edə bilmirəm. Yenə də kiçik idmançılarımıza nə dəstək lazımdırsa, mən daim hazıram. Belarusdakı zallarımızda da gəlib hazırlaşa bilərlər. 29 ildir Belarusda yaşasam da, Vətənim Azərbaycandır”.

İdmançı Azərbaycan vətəndaşlığını almaq arzusunu da dilə gətirib:

“Uşaqlıqdan Belarusda yaşayıram. Amma Azərbaycan vətəndaşlığını almaq istəyirəm. Burada yaşamaq planım var. Burada evim də var. Belarusda hər il festival təşkil edirik, 2 000 uşaq iştirak edir. Azərbaycanda da belə layihələr təşkil etmək planım var. Burada yaşasaq, federasiya ilə birləşər, böyük layihələr həyata keçirə bilərik. Belə də uşaqlarımız böyük turnirlərə də hazır olarlar. İrəli getmək üçün indi hər şeyi etmək lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir