İdman

Samir Abasov: “Belə xallar itirsək, I Diviziona düşə bilərik”

Sharing is caring!

“Belə xallar itirsək, I Diviziona düşə bilərik”.

“Report”un məlumatına görə, bunu “Sumqayıt”ın Samir Abasov səfərdə “Zirə”yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, heç bir komandanın elitada qalacağına təminat verilməyib: “Maya qədər vaxtımız var. Qələbə qazanmaq lazımdır. Ən azı aşağı sıralarda gedən komandaları udmalı və ya bu matçlardan xal götürməliyik. Düşdüyümüz vəziyyəti hamımız dərk etməli və Premyer Liqadakı yerimizi qorumaq üçün birlikdə çalışmalıyıq”.

“Zirə” ilə görüşə yaxşı başladıqlarını söyləyən Abasov ilk hissədə hərəkətli oynadıqlarını vurğulayıb: “Rəqibin heyətində hücumameyilli, keyfiyyətli oyunçular olsa da, meydanda boşluqlar, epizodlar vermədik. İlk yarıdan çox yaxşı təəssüratla ayrıldıq. Əfsuslar olsun ki, mərkəz müdafiəçimiz Vurğun Hüseynovu itirdik. Əvəzedicisi də yox idi. Bu, buraxıllan qollarda da özünü göstərdi. Vurğun oyundan əvvəl zədələnmişdi. Amma meydana çıxdı. Təəssüf ki, oyunu davam etdirə bilmədi. Planlarımız pozuldu”.

O, kapitanın durumunun yaxşı olmadığını etiraf edib: “Digər mərkəz müdafiəçimiz də uzun müddətə sıradan çıxıb. Ona görə də Murad Xaçayevi kənara çəkdik. Vurğunun hansı müddətə sıradan çıxmasının fərqi yoxdur. İstənilən halda, bizim üçün fəlakətdir”.

Baş məşqçinin sözlərinə görə, 3 qol vurmaq “Zirə”nin səviyyəsini ortaya qoyur: “Amma ilk yarıdan razıyıq. Bu cür itkilər olmasa, daha inamlı çıxış edə bilərik”.

Mütəxəssis yeni transferlərin çıxışına da toxunub: “Hələlik çempionatı tanımırlar. Başa düşürük. Bununla belə, pis təsir bağışlamadılar, oyunları alındı. Ümid edirik ki, gələn matçlarda daha yaxşı olacaqlar”.

Abasov qış transfer pəncərəsində heyətə başqa oyunçu qatmayacaqlarını bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir