İdman

DÇ-2022: Avropalıların üstünlüyü, Kanada antirekordun bir addımlığında – TƏHLİL + FOTO

Sharing is caring!

Qətərdə keçirilən dünya çempionatında E qrupunun III turunda Yaponiya ilə üz-üzə gələcək İspaniya millisi daha əvvəl bir dəfə bu komandaya rəqib olub.

“Report” xatırladır ki, 2001-ci ildəki hazırlıq oyununda avropalılar 1:0 hesablı qələbə qazanıb.

“Buğalar” mundiallar tarixində asiyalılarla beş dəfə qarşılaşıblar (üç qələbə, iki heç-heçə) və heç birinin əsas vaxtında uduzmayıblar. DÇ-2010-nun qalibi olan komanda 2002-ci ildə Cənubi Koreyaya penaltilər seriyasında məğlub olub.

Yaponiya millisi yarışdakı son dörd qarşılaşmadan üçündə (bir qələbə) məğlub olub. Gündoğar ölkə təmsilçisi ardıcıl ikinci mundialda da qrupdan çıxmağı hədəfləyir.

E qrupunun digər görüşündə Kosta Rika və Almaniya yığmaları qarşılaşacaqlar. “Bundestim” 2006-cı ildə ev sahibi olduğu mundialın açılış matçında rəqibini 4:2 hesabı ilə üstələyib. Dördqat dünya çempionu Şimali və Mərkəzi Amerika komandalarına indiyədək mötəbər yarışda 8 dəfə rəqib olub. Almaniya millisi bunların altısında qələbə qazanıb, bir heç-heçə və bir məğlubiyyət alıb. Yığma 2018-ci ildə Meksikaya yenilib. 11 dəfə köhnə qitə təmsilçiləri ilə görüşən Kosta Rika isə sadəcə bir oyunda qalib gəlib. 5 qələbə və eyni sayda heç-heçə əldə edən şimali amerikalılar 2014-cü ildə İtaliyanı məğlubiyyətə uğradıb. E qrupunda bütün komandaların 1/8 finala yüksəlmək üçün şansları var.

F qrupunda son finalçı Xorvatiya Belçika ilə münasibətlərinə aydınlıq gətirəcək. Komandalar mundiallar tarixində ilk dəfə üz-üzə gələcəklər. Belçika bu rəqibi ilə son iki görüşdən qələbə ilə ayrılıb. Xorvatlar turnirdə Avropa yığmalarına iki dəfə (6 qələbə, 2 heç-heçə, iki qələbə) uduzub. Tibo Kurtua qarşılaşmada oynayacağı təqdirdə tarixə düşəcək. Millidə 100-cü matçına çıxacaq qolkiper Belçika seçməsində bu rəqəmə çatan ilk qapıçı olacaq.

F qrupunun digər oyununda qrupda qalacağı dəqiqləşən Kanada seçməsi Mərakeşlə qarşılaşacaq. Afrika təmsilçisi bu rəqibi ilə çıxdığı üç matçın heç birində (iki qələbə, bir heç-heçə) uduzmayıb və 2016-cı ildəki matçda 4 cavabsız qolla qalib gəlib.

Şimali amerikalılar turnirdə antirekordu təkrarlaya bilər. İndiyədək meydana çıxdığı 5 oyunun hamısında məğlub olan yığma uduzacağı təqdirdə El Salvadora (6 məğlubiyyət) çatacaq. Dünya çempionatında altıncı dəfə iştirak edən Mərakeş tarixində ikinci dəfə (ilk dəfə – 1986) qrupdan çıxmağı planlaşdırır. F qrupunda üç komanda pley-off üçün mübarizə aparacaq.

Qeyd edək ki, Xorvatiya – Belçika və Kanada – Mərakeş oyunları Bakı vaxtı ilə saat 19:00-da, Yaponiya – İspaniya və Kosta Rika – Almaniya matçları saat 23:00-da start götürəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir