İdman

2050-ci ildə futbol olacaqmı?

Sharing is caring!

Qan Turalı yazır…

Dünya Çempionatının davam etdiyi günlərdə futbolun gələcəyi haqqında suallar da aktuallaşır. Və bu suallar futbolun gələcəyini qismən müəyyən edən suallardır. 

Futbol bütün dünyada 3 milyarddan çox azarkeşi olan yeganə oyundur. O bu sahədə bütün digər idman növlərini ofsaydda qoyur. Əlbəttə ki, bu böyük tamaşaçı kütləsi həm də astronomik gəlir deməkdir.

30 ildən çoxdur ki, bir çox super liqalar pullu kanallarda yayımlanır. Buradan əldə edilən gəlirlər futbol klublarına paylanır. Klublar forma və bilet satışından da böyük pullar qazanırlar. Qitə və dünya miqyaslı turnirlər çoxdandır ki, böyük şirkətləri cəlb edir və futbolun reklam gəlirləri də misilsizdir. Ancaq bu qədər gəlir nəyin sayəsində qazanılır? Təbii ki, azarkeşlərin!

Dünyada futbol iqtisadiyyatının dövriyyəsi 150 milyard dollarla ölçülür. Bəs digər idman növlərində niyə bu qədər gəlir yoxdur? Çünki azarkeş yoxdur. Bu mənada azarkeş futbol iqtisadiyyatının bel sütununu təşkil edir. Necə ki, istehlakçı olmadan bütün istehsal prosesi lazımsız bir şeyə çevrilirsə, azarkeşsiz futbol da həndboldan, ya da badmintondan fərqlənməyəcək.

Ancaq yeni – “Z” nəslinin futbola marağı əvvəlki nəsillərdən fərqli olaraq son dərəcə azdır. Keçən əsrdə doğulanlar üçün futbol hər şeyi ifadə edirdi. Xüsusən də oğlan uşaqları üçün. İki ildən bir keçirilən Dünya və Avropa çempionatlarının oyunlarına baxmaq ən möhtəşəm əyləncə sayılırdı. 

O qədim və gözəl zamanlarda televiziyalar bir kanallı idi, internet hələ kəşf edilməmişdı. “Netflix”, “YouTube”, “TikTok”un izi-tozu da yox idi. O dövrlərdə videooyunlar da bu qədər geniş yayılmamışdı. Ona görə də futbol əsas əyləncə növü kimi qalmaqda idi.

Qatarda keçirilən Dünya Çempionatında ardıcıl qolsuz heç-heçələrin qeydə alınması futbol üçün həyəcan təbili çalır. Bəzi mütəxəssislər bu tendensiyanın ötəri olduğunu düşünürlər. Onlar Avropanın super liqalarının təcrübəsini önə çəkərək bu ölkələrdə futbolun ildən-ilə daha çox qollu, daha baxımlı olduğundan danışırlar. Ancaq “Z” nəslinin futbolla əvvəlki nəsillər qədər maraqlanmadığını onlar da etiraf edirlər. 

Məsələ bundadır ki, 90 dəqiqəlik oyun “Z” nəsli üçün kifayət qədər üzücü və uzundur. İki hissə arasındakı fasiləni, penaltiyə qədər gedən oyunları və FIFA-nın ilk dəfə Qətərdə tətbiq etdiyi böyük əlavə vaxtları da nəzərə alsaq futbol üç saata qədər uzanır. Üstəlik, bəzi komandaların nəticəni qorumaq üçün göstərdiyi müdafiəyə meyilli, sönük oyunu da nəzərə alanda vəziyyət son dərəcə dramatikləşir.

“Z” nəsli isə bir neçə təhlükəli qol vəziyyətinə görə 3 saat xərcləmək istəmir. “YouTube”də oyunların qısa məzmunu, ya da futbolçuların fərdi ustalığı ilə bağlı videolar bu səbəbdən milyonlarla dəfə izlənilir. Ancaq bu videoları izləyən “Z” nəsli üçün 90 dəqiqəlik oyun məşəqqətə çevrilir.

Bu məsələ FIFA başda olmaqla bir çox futbol institutunu və peşəkarları, futbol iqtisadiyyatı ilə məşğul olanları dərindən düşündürür. Əvvəlki dövrlərdə futbolu daha maraqlı, sürətli və baxımlı etmək üçün bir çox yeni qaydalar tətbiq edilmişdi. Misal üçün, qələbəyə əvvəl iki xal verilirdi, sonra isə bu rəqəm üçə yüksəldildi. Ya da oyunçuların öz qapıçısına ötürmə etməsi (söhbət qapıçının ona ayaqla verilən topu əlinə götürməsindən gedir) qadağan edildi.

İndi də bəzi qayda dəyişiklikləri müzakirə olunur. Bəzi maraqlı təkliflər bunlardır: 
• Oyunun vaxtının 60 dəqiqəyə endirilməsi (hər hissə 30 dəqiqə olmaqla)
• Sarı kart alan oyunçunun meydandan 5 dəqiqəlik çıxarılması
• Limitsiz oyunçu dəyişiklərinin tətbiqi
• Arxaya edilən ötürmənin qadağan edilməsi
• Hər komandanın öz yarımsahəsini topla keçməsi üçün limit tətbiq edilməsi 
• Ofsaydın ləğvi (Bunu əfsanəvi holland hücumçu Marko van Basten təklif edib)
• Qolsuz heç-heçələrə xal verilməməsi

Bütün bunlar futbolu daha gərgin, daha baxımlı, daha maraqlı və daha sürətli etmək üçün verilən təkliflərdir. Hansı təklifin gerçəkləşəcəyi sual altında olsa da, aydın olan bir şey var: 2050-ci ildə futbolun yenə də bir nömrəli idman növü olması üçün islahatlar zəruridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir