İdman Manşetüstü

Nikola Yurçeviç: “Hollandiyalı referinin üzrxahlığını qəbul etdim”

Sharing is caring!

“Nə vaxtsa belə qərarla rastlaşdığımı deyə bilmərəm. O, dərhal əllə oyun göstərdi. Halbuki futbolçum təmiz qol vurmuşdu. Sonradan özü mənə haqsız olduğunu etiraf etdi. Gənc və yaxşı referidir, üzrxahlığını qəbul etdim. Hərçənd, bu, mənə lazım deyildi”.

XəbərAl.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Macarıstan yığması ilə səfərdə keçirdikləri AVRO-2020-nin seçmə qrup matçı barədə “Sportske novosti”yə açıqlamasında deyib. O bildirib ki, uzatma dəqiqələrində hollandiyalı baş hakim Dennis Hiqler Bəhlul Mustafazadənin vurduğu təmiz qolu saysaydı, bu, Xorvatiyaya da final mərhələsinə yüksəlməkdə kömək edərdi: “İndi hər şey çətinləşdi. Amma əminəm ki, Xorvatiya gələn tur Slovakiyanı yenərək, mərhələ adlayacaq. Hər halda hazırda qrup lideridirlər”.

Yurçeviç qalan 2 oyundan gözləntilərini də açıqlayıb: “Rəqiblərimizin hamısı bizimlə görüşlərdə xal toplasalar da, yenə əlimizdən gələni edəcəyik. Xorvatiyadan xal almışıq, Macarıstanda da bunu etməli idik. Hər bir oyun bizim üçün yeni motivdir. Son 180 dəqiqədə Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq”.

Qeyd edək ki, Macarıstanla oyunda Azərbaycan millisi 0:1 hesabı ilə məğlub olub. Nikola Yurçeviçin hazırkı müqaviləsi cari seçmə tsiklin sonunda başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir