İdman

Azərbaycanın kikboksinq millisi Antalyada keçiriləcək Avropa çempionatına hazırlaşır – FOTO/VİDEO

Sharing is caring!

Azərbaycanın kikboksinq millisi ilin son yarışı olan Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətinin məlumatına görə, komandamız hazırlıqlarını baş məşqçi Elşən Abdulrəhimovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun zalında keçir.

Bu Avropa çempionatı onun üçün önəm daşıyır ki, yarış Polşanın Krakuf şəhəri və Malopolska bölgəsində keçiriləcək III Avropa Oyunlarına (21 iyun – 2 iyul 2023), eləcə də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində baş tutacaq III Ümumdünya Kombat Oyunlarına (5-14 oktyabr 2023) lisenziya verir. Belə ki, “Full contact” üzrə 5, “Low kick” üzrə 6 çəki dərəcəsi üzrə lisenziya döyüşləri keçiriləcək. “Full contact”da 8-liyə düşənlər Avropa Oyunlarına, “Low kick”də isə 4-lüyə düşən idmançılar Ümumdünya Kombat Oyunlarına lisenziya qazanacaq. 

Milli komanda ilə məşq edən heyətdə ötən ay gənclər arasında dünya çempionatında qızıl medal qazanmış Amin Quliyev və Elvin Məmmədov da var. Onlar üçün bu Avropa çempionatı böyüklərin yarışında debüt olacaq.

Elşən Abdulrəhimov hazırlıq və yarışla bağlı fikirlərini bölüşüb:

“Artıq milli komanda Avropa çempionatı üçün son məşqlərini keçir. Bizim hədəfimiz həm Avropa Oyunları və Ümumdünya Kombat Oyunlarına lisenziya qazanmaq, həm də Avropa çempionatından Vətənə qızıl medalları gətirməkdir. Bu yarışda ölkəmiz 40 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq. Bunlardan 5-i məşqçi, 35-i idmançıdır. Nümayəndə heyətinin rəhbəri federasiyanın I vitse-prezidenti Ramal Aslanov olacaq. O özü də “Full contact”ın 75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. Bu çəki həm də Avropa Oyunlarına lisenziya daşıyır. Yarışda həmçinin 2 qadın və 2 veteran idmançı ilə də təmsil olunacağıq. Veteranlardan biri tanınmış kikboksçumuz Eduard Məmmədov olacaq. Artıq Eduardın veteranlar arasında 3 dünya çempionluğu var. İndi o, veteranlar arasında Avropa çempionu olmağa çalışacaq”.

Böyük məşqçi Telman Məhərrəmov hər il olduğu kimi, bu yarışdan da böyük nəticələr gözlədiyini qeyd edib:

“Bu nəticələrin bizim üçün önəmi var. Çünki bəzi çəki dərəcələri Avropa Oyunlarına, bəziləri də Ümumdünya Kombat Oyunlarına lisenziya verəcək. Ümumilikdə Avropa çempionatı hər bir idmançıya reytinq xalı verir. Burada yüksək nəticə göstərənlər növbəti il keçiriləcək dünya çempionatına yüksək reytinqlə daxil olur və ilk döyüşlərdə nisbətən zəif rəqiblərlə qarşılaşmaq imkanı əldə edirlər. Neçə medal qazanacağımızla bağlı proqnoz vermək istəmirəm. Amma gənclərin son dünya çempionatı göstərdi ki, kikboksinq Azərbaycanda inkişafdadır. Ümid edirəm ki, bu Avropa çempionatında rekord nəticə göstərəcəyik. Yarış qardaş ölkədə keçirildiyi üçün İslam Həmrəyliyi Oyunlarında olduğu kimi, burada da özümüzü yad hiss etməyəcəyik”.

Kikboksçu Camal Məmmədovun sözlərinə görə, Avropa çempionatına yüksək səviyyədə hazırlıq gedir, hər şey qaydasındadır: 

“Məqsədimiz Azərbaycan bayrağını ən yüksək zirvəyə qaldırmaqdır. 2019-cu ildə Antalya keçirilmiş dünya çempionatında və bu il Konyada keçirilmiş İslamiadada finalçı olmuşam. İnşallah, bu dəfə Türkiyədə medalın əyarını dəyişib Avropa çempionu olaram”.

Kikboksçu Rəhim Əliyev da yarışla bağlı fikirlərini bölüşüb:

“İslamiadada gümüş medal qazanmışdım. Onda qızıl medal qazanmaq qismət olmamışdı. Bu dəfə də yarış Türkiyədə keçiriləcək. İnşallah, bu dəfə qızıl medal qazanaram”.

Qeyd edək ki, Avropa çempionatı 14-19 noyabr tarixləri arasında keçiriləcək. Baş məşqçi Elşən Abdulrəhimov, məşqçilər – Hikmət Hacıyev, Telman Məhərrəmov, Eduard Məmmədov və Fuad Zeynalovdan ibarət olan komandamız qardaş ölkəyə 12 noyabr saat 07:55-də yola düşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir