İdman Manşetüstü

UEFA AVRO-2020 üçün iqlim dəyişikliyi ilə bağlı fəaliyyətini açıqlayıb

Sharing is caring!

UEFA-nın prezidenti Aleksandr Çeferin Sloveniyanın paytaxtı Lyublyanada AVRO-2020-nin iqlim dəyişikliyinə təsirini minimallaşdırmaq məqsədilə kampaniyanın başlanacağını elan edib.

XəbərAl.az-ın məlumatına görə, UEFA Avropa Çempionatının 60 illik yubileyini qeyd etmək və yarışdan sonra faydalı miras qoymaq məqsədi ilə Avropa çempionatına ev sahibliyi edəcək 12 ölkənin hər birində 50 min ağac əkəcək.

Bundan savayı, Cənub Qütbü ilə əməkdaşlıq çərçivəsində UEFA azarkeşlər və qurumun işçi heyətinin turnir zamanı keçiriləcək oyunlara səfərləri zamanı yaranacaq, təxminən, 405 min ton karbon qazını kənarlaşdırmaq üçün ən effektiv bərpa olunan enerji layihələrinə sərmayələr yatıracaq.

Planı elan edərkən təşkilatın prezidenti  deyib: “AVRO-2020 qitənin dörd bir yanında təşkil olunacaq Avropa futbolunun təntənəsidir. Bu turnirin fəlsəfəsi daha az yeni stadion və nəqliyyat qovşaqlarının tikilməsi, habelə Avropada yaşayan müxtəlif icmalarla yaxından tanış olmaq imkanı kimi bir çox üstünlükləri əks etdirir. Lakin bunun nəticəsində azarkeşlər öz sevimli komandalarının oyunlarını canlı izləmək üçün daha çox səyahət etməli olacaqlar. UEFA öz məsuliyyətini çox yaxşı dərk edir və bizim müəyyən fəsadlara gətirə biləcək karbon emissiyasının təsirlərini əvəz etməyimiz düzgün addımdır. Cənub Qütbü ilə əməkdaşlığımız,  effektiv bərpa olunan enerji layihələrini yaratmağa köməklik göstərərək, dünyada iz buraxan bir dəyər olacaq. Bundan əlavə, biz eyni zamanda Avropa çempionatının 60 illik yubileyini qeyd etmək istəyirik ki, bunun ətraf mühitlə birləşdirilməsi məntiqi seçimdir. On iki ölkənin hər birində 50 min ağac olmaqla, ümumilikdə, 600 min ağac əkiləcək. İnanıram ki, bu, AVRO-2020-nin keçiriləcəyi ölkələrin hamısına bu oyunlardan qalan təqdirəlayiq və faydalı miras olacaq”.

UEFA “İqlim Fəaliyyəti üçün İdman” təşəbbüsünü imzalamış təşkilatdır.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir