Hüquq

Millət vəkili məhkəməyə verilməsini niyə gizlətməyə çalışır? – FOTOFAKT

Xəbəral.az xəbər verir ki, 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov mətbuata verdiyi açıqlamada “Kapital Bank” ASC-nin onu məhkəməyə vermədiyini bildirib və bəzi KİV-lərin onun barəsində yalan məlumat yaydığını deyib.
Bildirək ki, “Kapital Bank”ın deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədov barəsində məhkəmə iddiası qaldırdığı barədə məlumatı ilk dəfə Yeniavaz.com saytı yayıb. 2 aprel tarixində yayımlanan həmin xəbərdə göstərilib ki, iddia borc müqaviləsi üzrə mübahisəyə görə qaldırılıb və iş Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.
Məlumat üçün bidirək ki, Yeniavaz.com bu xəbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2014-cü il, 268 nömrəli Fərmanı ilə yaradılan “Elektron Məhkəmə” sistemində yer alan məlumatlar əsasında hazırlayıb. Prezidentin Fərmanı ilə yaradılan “Elektron Məhkəmə” sistemi rəsmi dövlət təsisatıdır və bu sistemdə yer alan məlumatlar rəsmi xarakter daşıyır. Belə olan halda, millət vəkilinin mətbuatı onun barəsində yalan məlumat yaymaqda ittiham etməsi başadüşülən deyil.
Millət vəkili açıqlamasında həmçinin qeyd edib ki, Lerikdə 600 iş yeri yaradıb: “İndi belə çıxır ki, deputat olaraq biznesimi kiməsə bağışlamalıydım? Mən deputat kimi bizneslə məşğul ola bilmərəm. Ona görə də bütün biznesimi qohumlarıma transfer etmişəm. Biznesdə kredit də götürülə bilər, borc da verilə bilər. Bunu hardasa “filankəs kredit götürüb, yaxud borc müqaviləsi bağlayıb” kimi yazmağı, xəbərə çevirməyi anlamıram”.
Onu da bildirək ki, İqbal Məmmədov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, 2020-ci il fevralın 9-da 6-cı çağırış Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində də mandatını qoruya bilib. İqbal Məmmədov mətbuata verdiyi açıqlamada “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin onun tərəfindən 1996-cı ildə təsis olunduğunu deyib. Millət vəkilinin təsis etdiyi “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinin hazırda dövlət büdcəsinə də böyük həcmdə – 9 milyon 262 min 108 manat vergi borcu var.
İqbal Məmmədov açıqlamasında bankdan kredit götürülməsi məsələsinə toxunaraq deyib ki, ya gərək məmur biznesi ola, rüşvət ola və aparıb harasa investisiya qoyasan, ya da bankdan kredit götürəsən: “Axı bankdan kredit götürmək qanunsuz bir şey deyil”.
Qeyd edək ki, “məmur biznesi”ni tənqid edən və biznesindən imtina etmədiyini deyən İqbal Məmmədov hazırda millət vəkilidir. İqbal Məmmədovun böyük qardaşı Asif Məmmədov 2006-2011-ci illərdə Balakən, 2011-2013-cü illərdə isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı olub. Eyni zamanda 1982-88-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda SOCAR prezidenti Rövnəq Abdullayevin və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla birgə təhsil alan İqbal Məmmədovun həmin şəxslərlə dostluq münasibətinin olduğunu dəfələrə bəyan edib./Dia.az/

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir