Hadisə

Bakıda yataqxanada yanğın – 8 nəfər zərər çəkib – VİDEO

Sharing is caring!

Bu gün Bakıda məcburi köçkünlərin məskunlaşdıqları binada yanğın olub. Hadisə nəticəsində 7 nəfər tüstüdən zəhərlənib. Bir nəfər isə həyəcanlandığından özünü binadan atıb. Yanğınla bağlı baş nazirin müavini Əli Əhmədov və qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin sədri Rövşən Rzayev hadisə yerində olublar. Əli Əhmədov son vaxtlar yataqxanalarda yanğınların tez-tez baş verməsi məsələsinə diqqət çəkib.

Məcburi köçkünlərin məskunlaşdıqları binada yanğın olub. Hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Yeddi nəfər tüstüdən zəhərlənib. Ölüm faktı qeydə alınmayıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələrinin həyata keçirdikləri tədbirlər nəticəsində binanın damında başlayan yanğın söndürülüb. Hələlik yanğının hansı səbəbdən baş verdiyi bilinmir

Yanğınla bağlı iki təcili yardım briqadası hadisə yerinə göndərilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, tüstüdən zəhərlənən 7 nəfərə tibbi yardım göstərilib. 1 nəfər isə özünü binadan atıb. Xəsarət alan şəxs 3 saylı şəhər kliniki xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu deyilir. Tüstüdən zəhərlənənlərdən biri isə 1 saylı şəhər kliniki xəstəxanasının taksikologiya şöbəsinə aparılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də yanğın baş vermiş binaya baş çəkib. Komitə sədri məcburi köçkünlərlə görüşüb, vəziyyətlə yaxından tanış olub. Bildirib ki, yanğının səbəbi araşdırılacaq və lazımi addımlar atılacaq. Rövşən Rzayev martın 6-da paytaxtın Nərimanov rayonu ərazisində 2 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yataqxana yanğını məsələsinə də toxunub. Bildirib ki, Bakıda məcburi köçkün yataqxanasında iki nəfərin ölümü ilə nəticələnmiş həmin yanğın qəsdən törədilib.

Komitə sədri onu da bildirib ki, yararsız vəziyyətdə olan binalardakı məcburi köçkünlər mərhələli şəkildə köçürüləcəklər. Bunun üçün qəsəbələr salınır.

Baş nazirin müavini Əli Əhmədov da hadisə yerinə gəlib. Bildirib ki, yanğından zərər çəkmiş məcburi köçkünlər müvəqqəti yaşayış yerləri ilə təmin ediləcəklər. O, son vaxtlar yataqxanalarda yanğınların tez-tez baş verməsi faktına da diqqət çəkib.

Əli Əhmədov zərərçəkmişlərə köməkliyin göstərilməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə tapşırıq verib. Baş nazirin müavini vəziyyətlə tanış olmaq üçün əraziyə bir daha gələcəyini bildirib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir