Hadisə manset

Pirşağıda villa sahibləri dənizi yenidən hasara alıb — FOTOLAR

Sharing is caring!

“Bir il əvvəl Pirşağıda məşhur 5 villanın dənizə doğru uzanan hasarlarının bir hissəsinin söküldüyünü yazmışdım və bu mediada geniş işıqlandırılmışdı. Həyatımda ilk dəfə ötən il dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsinin ən azı 20 metr arasında söküldüyünü müşahidə etdim. Bu il Pirşağıya qayıtdıqda gözümə inanmadım. Dənizin suyu azaldığından həmin villaların sahibləri az qala dənizin ortasına qədər hündürlüyü 3 metrə yaxın dəmir dirəklər basdırmışdılar. Bu adamlar dövlətə və millətə meydan oxuyaraq “biz qanundan güclüyük” demək istəyirdilər”.

 

Xəbəral.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İlk qapalı villanın Penitensiar xidmətin rəisinə məxsus olduğuna dair xəbərləri bir neçə gün öncə bəzi saytlardan öyrəndim. Bunun nə dərəcədə dəqiq olduğunu bilmirəm. Ancaq öz gözlərimlə gördüyüm o idi ki, həmin vilanın sahibi kimdirsə nümayişkənarə şəkildə dənizi yenidən insanlara qapatmışdı. Ən maraqlısı odur ki, illərdir həmin bahalı villalarda yaşayış görmədim, pəncərələr hər zaman qapalıdır.

Buna baxmayaraq, “dəniz də mənimdir” deyən harınlamış təbəqə yaşamadığı villasının dənizə çıxışını qanuna zidd olaraq insanlara qapatmaqla məşğuldurlar. Ancaq bu gün daha bir sürpirzlə qarşılaşdım. Dənizin sahilində gəzişdikdə gördüm ki, dünən gördüyüm dəmir dirəklər yenidən dibindən sökülüb, dəniz sahilində təmizlik işləri görülürdü. Yenə sevindim. Buna baxmayaraq, o qədər də ümidli deyiləm.

Dövlətə və millətə meydan sulayan həmin təbəqə yay bitdikdən sonra villası ətrafında dənizə çıxışı yenidən bağlamağa çalışacaq. Çünki, bunu hər dəfə edirlər. Hasarlar sökülür, onlar yenidən tikirlər. Gələn il Pirşağıya qayıtdıqda dənizə uzanan həmin dəmir dirəkləri yenidən müşahidə etsəm, onların dövlətimizdən və qanunlarımızdan daha güclü olduğu qənaətinə gələcəm”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir