Bu əsnada iş adamları Zakir Fərəcovun Bulvarın tikintisində baş verən maxinasiyalarla bağlı maraqlı məlumat əldə ediblər. JAMAZ.İNFO-ya təqdim olunan sənəddə qeyd olunur ki, hələ 2018-ci ildə Sumqayıtda Bulvarın tikintisinə əlavə olaraq 3,7 milyon manat vəsait ayrılıb. Həmin pul Bulvarda tikinti işlərini həyata keçirilməsinə sair tenderin “qalibi” olmuş “Kontraksion Texnoloji” MMC-yə köçürülüb. Halbuki sözügedən işləri “A.V. Construction” şirkəti reallaşdırıb. Bundan başqa onlarla sahibkar da prosesin iştirakçısı olub. “Bu şirkət nə zaman yaradılıb, nə zaman tikintidə iştirak edib müəmmalıdır. Çünki bütün tikinti və abadlıq işlərini biz həyata keçirmişik. Həmin prosesdə isə belə bir şirkətin iştirakı olmayıb. Təbii ki, bu da Zakir Fərəcovun oyunlarından biridir. Bunu faktlarla da sübut etmişik”.
İş adamları bildirir ki, “Kontraksion Texnoloji” MMC Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi 87 ünvanında qeydiyyatdadır. Yəni, hüquqi ünvanları qeyd olunandır. Onlar deyirlər ki, işin ən maraqlı tərəfi şirkətin rəhbərliyinin kimliyidir. “Həmin şirkətin təsisçisi və rəhbəri Cəlilov Ramin Nəsib oğludur. MMC-nin icraçı direktoru isə Rauf Məmmədovdur. Bu adlar ilk baxışdan heç nəyi ifadə etmir. Lakin bu adamların Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Gündüz Əliyevin doğmaca bacısı oğlanları olması məsələnin mahiyyətini ortaya qoyur. Bizə məlum olan 3,7 milyon manatdır. Bəlkə də, Bulvarın tikintisi ilə bağlı milyonlarla manat məhz bu şirkət vasitəsi ilə mənimsənilib”.
Sahibkarlar deyirlər ki, onların gördüyü işin müqabilində köçürülən pullar Zakir Fərəcovla Gündüz Əliyev tərəfindən nəinki onlara verilməyib, eyni zamanda gizli şəkildə mənimsənilib. “Zakir Fərəcovun işi araşdırılarsa, belə faktlardan onlarlası üzə çıxar. Bu adamın işi “otkat”la pul qazanmaq, bizim kimi iş adamlarını aldatmaqdır. Bizim kimi onlarla sahibkarın pulunu mənimsəyən, hər cür oyundan çıxaraq aldadan Zakir Fərəcovun boğaza qədər korrupsiyaya bulaşdığı inkar oluna bilməz. Bu məsələ də, hüquqi qiymətini almalıdır”.
İndi isə həmin pulun kimlər tərəfindən necə mənimsənildiyini təsdiq edən başqa bir məqama diqqət yetirək. İş adamları deyir ki, Gündüz Əliyevin bacısı uşaqlarının adına köçürülmüş pullar Zakir Fərəcov və sözügedən müavini tərəfindən biznesə yatırılıb. “Ayrılmış 3,7 milyon manat pulun bir qismi ilə Gündüz Əliyev Sumqayıt Bulvarında tennis kortu tikdirib. Əslində, layihədə bu var idi. Camaatın pulsuz istifadəsi üçün nəzərdə tutulmuşdu. Lakin icra başçısının müavini onu şəxsiləşdirib və pullu edib”.
İş adamları onu da deyirlər ki, əllərində olan bütün sənədləri toplayaraq, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edəcəklər və baş verənlərlə bağlı şikayət verəcəklər. “Artıq sənədlər hazırdır. Bizimlə bərabər daha bir neçə zərərçəkmiş şirkət də Zakir Fərəcovdan şikayətçidir, onlar da bizə qoşulmaq istəyirlər. Faktları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib, şikayətimizi yazılı olaraq çatdıracağıq. Yəni, hüquqi müstəvidə davamız davam edəcək. Zakir Fərəcov pulumuzu ödəyənə qədər ondan əl çəkmək niyyətimiz yoxdur”.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.