Hadisə

Prokuror Qarabağda döyüşən livanlı muzdlu terrorçuya 20 il cəza istədi

Sharing is caring!

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

XəbərAl.az xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilın prosesdə təqsirləndirilən şəxsin şüşə qəfəsdən çıxardılaraq vəkili və tərcüməçisinin yanında oturması ilə bağlı qərar elan olunub.

Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Eulcekcian Viken Abrahamın vəkili vəsatətlə çıxış edərək müvəkkilinin istintaq dövründə verdiyi ifadədən imtina etdiyini əsas gətirirək cinayət işinin istintaqa qaytarılmasını xahiş edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Prosesdə şahid qismində tanınan, hazırda Livanda olan Maral Nazaryanın istintaqa verdiyi ifadə elan olunub.

M.Nazaryan dindirilən zaman deyib ki, təqsirləndirilən şəxs pul müqabilində Qarabağda azərbaycanlılara qarşı döyüşüb: “Eulcekcian Viken Abraham qardaşımın dostu idi. Onla ərimdən boşanandan sonra münasibət qurduq. Bir neçə dəfə Ermənistana gəlib, qayıtmışıq. Sonuncu dəfə 2020-ci ilin əvvəlində gəldik. Pandemiya səbəbindən uşaqlarımı Livana göndərdim. Daha bir müddət sonra isə özüm qayıtdım. Müharibə başlamazdan bir müddət əvvəl Eulcekcian Viken Abrahamın yanına qayıtdım. Sentyabrda müharibə başlayan zaman Viken Livandan tanıdığı bəzi şəxslərlə əlaqəyə girdi. Biz birlikdə Şuşaya gəldik. Həmin vaxt o, Hovak adlı Livan vətəndaşı ilə telefonla danışdı. Hovak ona təklif elədi ki, müharibədə döyüşmək üçün ayda 2000-2500 dollar verirlər. Bundan əlavə maaş da verəcəklər. Viken onunla razılaşdı. Mən ona etiraz etdim ki sən Ermənistan vətəndaşı deyilsən və bu gələcəkdə bizə problem yaradacaq. Lakin o məni saymadı və döyüşlərə getdi. Mənlə telefonla danışanda deyirdi ki, Xocavənd istiqamətindədir, müasir silahlarla, geyimlə təmin ediblər. 3-4 gündən sonra qayıtdı və dedi ki azərbaycanlılar çox güclüdür, xaricdən gələn muzdlular hamısı öldü, mən qaçdım. Biz daha sonra Laçına gəldik. Noyabrın 10-da eşitdik ki, müharibə qurtarıb. Biz Şuşadakı oteldən əşyalarımızı götürməyə gələndə Azərbaycan hərbçiləri bizi əsir götürdü. Vikenin telefonunda döyüşdüyü şəkilləri görüb onu saxladılar”.

M.Nazaryanın ifadəsi video formatında proses iştirakçılarına təqdim edilib.

Təqsirləndirilən şəxs M.Nazaryanın ifadəsinində yalan danışdığını deyib.

O bildirib ki, M.Nazarayanla 5 ilə yaxındır qeyri-rəsmi münasibətdə ər-arvad kimi yaşayıb:

“Biz Ermənistana Maralın uşaqları ilə gəldik. Kirayəyə ev tapdıq. Maral qadın saç ustası işləməyə başladı, mən isə Şaurma bişirib satırdım. Bir müddət sonra ölkədə pandemiya başladı. Bizim işlədiyimiz yerlər bağlandı. Maralın bacısıgilə köçdük. Orada Hovakgil dedilər ki, Qarabağda yaşamağa adam axtarırlar. Həm ev verirlər, həm də işlə təmin edirlər. Biz razılaşdıq, ərizə ilə müraciət etdik. Şuşaya bizi yolladılar. Şuşada mən beton zavodda iş verdilər, Maral isə qadın salonunda işə başladı. Sentyabrın 27-də müharibə başlayandan sonra biz Laçına qayıtdıq”.

Təqsirləndirilən muzdlu terrorçu qeyd edib ki, avtomobil idarə edərək Ermənistan Silahlı Qüvvələri tərəfindən saxlanılıb və məcburi olaraq müharibəyə göndərilib: ” Mənə hərbi forma verdilər və avtomatla təmi etdilər. Xocavənd istiqamətində əraziyə göndərdilər. 3 gün orda oldum, silahdan istifadə etmədim. Sonra oradan qaçaraq Şuşaya gəldim, daha sonra Yerevana qayıtdım. Noyabrın 10-da bildirdilər ki, müharibə başa çatıb. Biz Maralla birlikdə Şuşada olan otelə gedərək, əşyalarımızı götürmək istəyirdik. Bu zaman Azərbaycan Ordusu tərəfindən saxlanıldıq”

Prosesdə daha sonra Eulcekcian Viken Abrahamın telefonunda olan görüntülər təqdim edilib.

Görüntülərdə təqsirləndirilən şəxsin səngərdə olduğu və minaatanı tam hazır edərək döyüş vəziyyəti gətirdiyi görsənir.

Təqsirləndirilən şəxs həmin görüntülərə münasibət bildirərək qeyd edib ki, şəkil və video xatirinə çəkdirib.

Prosesdə Eulcekcian Viken Abraham sosial şəbəkədə digər muzdlularla olan paylaşdığı görüntüləri elan edilib.

Prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək təqsirləndirilən şəxsə 20 il azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib.

Məhkəmənin növbəti prosesi iyunun 11-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham 29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.

Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin təkibində qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşları və Ordusuna qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.

Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir