Hadisə manset

Milli Məclisi qarışdıran Raci kimdir?

Bu gün Milli Məclisin iclasında vitse-spiker Fəzail İbrahimli deputat həmkarı Razi Nurullayevə söz atıb. F.İbrahimli R.Nurullayevin çıxışlarının mərsiyə xarakterli olduğunu bildirib və onu ad bənzərliyi baxımından da Raci adlı mərsiyə ustadı ilə müqayisə edib.

F.İbrahimlinin Razi Nurullayevlə müqayisə etdiyi Raci kimdir?

Xəbəral.az  xəbər verir ki, Hacı Əbülhəsən Raci 1831-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olub, burada təhsil alıb. Qəzəl və mərsiyələri ilə tanınan Raci daha çox “Mənə neylər bu daşqın sel, ki dəryatək kənarım var!” beyti ilə xatırlanır.

O, əsərlərini Azərbaycan və fars dillərində yazıb. Şairin divanları və ayrı-ayrı şeirləri dəfələrlə Təbrizdə və Bakıda çap olunub. Racinin “Divan”ı qəzəl, mərsiyə, qəsidə, rübai, təcnis və başqa şeir formalarından ibarətdir.

Əksər qəzəllərində Füzulinin təsiri aşkar hiss edilməkdədir. Klassik Şərq ədəbiyyatını şəxsi təşəbbüsü və biliyi ilə öyrənən Racinin peşəsi tacirlik olub. Onun qəzəlləri bu gün də Azərbaycanda müxtəlif məclislərdə ifa edilir. Məlumata görə, Əbülhəsən Raci 1876-cı ildə Həcc ziyarətinə gedib və Məkkədən gəmi ilə qayıdarkən Qırmızı dənizdə tufana düşərək, 300 sərnişinlə birlikdə həlak olub.

Əbülhəsən Racinin ən məşhur qəzəlini təqdim edirik:

Mənim bu aləm içrə bir qara gözlü nigarım var,

Gecə-gündüz fərağında nə səbrü, nə qərarım var.

Edərlər dərdi-bilməzlər məni təklif gülzarə,

Yüzün yadilə bilməzlər bir aləm növbaharım var.

Mənə sən cövr qıl daim, mən eylim səbr, ey zalım,

Sənin çoxdur əgər zurun, mənim də bircə tarım var.

Səri-zülfün kimi heç kim mənim əhvalımı bilməz,

Onun tək bir qəra bəxtim, pərişan ruzigarım var.

Hücümi-əşkə çeşmimdən qəmim yoxdu fərağında,

Mənə neylər bu daşqın, sel, ki dərya tək kənarım var.

Dedi Raci: Bu möhnətdən çıx, ey can, qurtulum qəmdən,

Dedi ahəstə: Səbr eylə, mənim bir intizarım var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir