Hadisə Manşetüstü

Polisdən qaçan sürücünün maşınından avtomat çıxdı

Sharing is caring!

Yol polisinin “Saxla” işarəsinə məhəl qoymayaraq uzaqlaşan avtomobildən silah-sursat aşkar edilib.

DİN Mətbuat xidmətindən XeberAl.az-a verilən məlumata görə, ötən gün saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində, Şəmkir rayonu ərazisində BMV markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozub. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda ona “Saxla” işarəsi verilib. Lakin nəqliyyat vasitəsinin sahibi tabeçilik göstərməyərək hərəkətə davam edib və avtomobili saxlamayıb.

Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobil Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb. Sənədlərini təqdim etmək tələb olunarkən sürücü və sərnişinin şübhəli davranışları, həyəcanlı halda olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb.

Avtomobilə baxış zamanı onların bu gərginliyinin səbəbi məlum olub. Belə ki, avtomobilin yük yerinə baxış zamanı oradan AKM markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir