Hərbi

Cəbhədə gərginlik pik həddə — Genişmiqyaslı əməliyyatlar qaçılmaz olur

istiqamətindəki təxribatlarından sonra hər keçən gün gərginlik pik həddə yüksəlir. Son günlərdə isə düşmənin atəşkəs rejimini pozması halları çoxalıb, orta və iri çaplı silahlardan atəş açılır. Bütün bunlar böyük miqyaslı döyüş əməliyyatlarına qədər davam edə bilərmi kimi suallar ətrafında geniş müzakirələr açıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun təxminləri belədir: “Azərbaycanın Qərb bölgəsində atəşkəsin tez-tez pozulması o deməkdir ki, hər an iyul hadisələrinin təkrarlanması ehtimalı var. Ermənistan hakimiyyətinin Tovuz istiqamətində atəşkəsi pozmasının səbəbi bəllidir. İrəvan diqqəti Dağlıq Qarabağ istiqamətindən yayındırmağa çalışır. Ermənistan hakimiyyətinin digər məqsədi Rusiyanın bölgədə fəallığını artırmaqdır. Çünki Ermənistan hərbçiləri Tovuz istiqamətində bizə qarşı təxribat törətdikdə Azərbaycan ordusu Ermənistan daxilindəki hədəfləri vurur və vuracaq. Belə olan halda da rəsmi İrəvan Rusiyadan dəstək istəyəcək. Bu dəstək indi də var. Rusiyanın Ermənistana daşıdığı yüz minlərlə ton hərbi yük də bundan xəbər verir. Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur. Bizim əsas hədəfimiz işğal altındakı torpaqları azad etməkdir. Bunu Ermənistan hakimiyyəti də anlayır. Ona görə də Tovuz istiqamətində süni gərginlik yaratdılar ki, diqqətimizi Dağlıq Qarabağ istiqamətindən yayındıra bilsinlər. Ancaq hesabalamadıqları məqam var.

Tovuz istiqamətində bizə yaratdıqları problem həm genişmiqyaslı müharibəni, həm də işğal altındakı torpaqların azad edilməsi üçün hərbi əməliyyatın başlanması gününü yaxınlaşdırır. Ermənistanın artan təxribatları və Rusiyanın işğalçıya artan hərbi dəstəyi Azərbaycanın Türkiyə ilə hərbi ittifaqını gücləndirməyi diqtə edir. Bununla yanaşı, Azərbaycan güclü hərbi sənaye kompleksi olan Ukrayna ilə hərbi əməkdaşlığı genişləndirə bilər”.

Emin Həsənli: “Əməliyyatlar hər an başlaya bilər”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli: “Son aylar Ermənistan davamlı olaraq cəbhə bölgəsində gərginliyi saxlayır və müxtəlif silahlardan, o cümlədən iyulun 12-də artirelliya silahlarından istifadə edərək cəbhənin Tovuz rayonu istiqamətində və digər sərhəd bölgələrində atəşkəsi pozdu. Atəşkəs rejimi hər gün pozulur. Arada Goranboy istiqamətinə diversiya-kəşfiyyat qrupu da göndərdilər. Erməni komandir əsir götürüldü. Məsələnin bir neçə siyasi tərəfi var. Ermənistanın havadarları son vaxtlar təcavüzkar ölkəni silahlandırırlar. Düşmən ölkənin iqtidarı daxildəki vətəndaşlarının başını qatmaq üçün bu cür vasitələrdən istifadə edir. Bir səbəb də ondan ibarətdir ki, artıq erməni cəmiyyətində açıq şəkildə deyirlər ki, bizim övladlar başqa torpaqlarda həlak olub, yaxud da həlak olmamalı çağırışları var. 2016-cı ilin aprel döyüşləri vaxtını yaxşı xatırlayırıq. O zaman erməni valideynlər üsyan edir, hətta övladlarının tabutlarını Prezident Administrasiyanın qarşısına aparırdılar. İndi də atəşkəsi pozmaqla dünya ermənilərinin, KTMT-nin diqqətini bura çəkmək və daxildəki erməni vətəndaşlarına göstərmək istəyirlər ki, bu təkcə Dağlıq Qarabağ məsələsi deyil, Ermənistan-Azərbaycan konfliktidir.  Amma vəziyyət bu cür davam edə bilməz. Vasitəçilər təəssüflər olsun ki, konkret heç bir addım atmadılar. Heç bir təklif yoxdur, Azərbaycan torpaqları da işğaldan azad olunmur. İşğalçı Ermənistana isə heç bir sanksiyalar tətbiq edilmir. Əksinə, Ermənistan işğalçılıq və separatizm siyasətini genişləndirir, işğal edilən ərazilərə Livan və başqa yerlərdən ermənilər köçürülür. Vəziyyət bu cür davam edəcəksə, genişmiqyaslı əməliyyat qaçılmaz olacaq, Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Sülhə doğru heç bir addım atılmır və artıq sülhə olan inam tükənmək üzrədir. Azərbaycan cəmiyyətində birmənalı belə fikirlər var ki, torpaqlarımızı işğaldan azad etməliyik. Güclü, müasir ordumuz var. İşğalçı cəzalandırılmalıdır. Əməliyyatlar hər an başlaya bilər. Beynəlxalq hüquqla bu Azərbaycanın haqqıdır. BMT-nin nizamnaməsi, ATƏT-in prinsipləri və ölkəmizin qanunları, konstitusiyası buna icazə verir. İndiyə qədər təəssüflər olsun ki, BMT, ATƏT kimi qurumlar şansları əllərindən qaçırdılar. Minsk Qrupunun həmsədri olan Amerika, Fransa və Rusiya bu münaqişəni həll etməklə dünyada ədalətli ölkə obrazı yarada bilərdilər, həmçinin bu sözlərimi BMT, ATƏT kimi qurumlara da aid edirəm. Bu böyük şansı əllərindən qaçırdılar. Hər bir azərbaycanlıda bu fikir var ki, Azərbaycan torpaqlarını mütləq azad edəcək. Hər keçən gün bu fikir güclənir. Biz heç bir güzəştə getməyəcəyik.

Ramil Məmmədli: “Bu gərginlik Ermənistanın danışıqlardan yayınmasına da hesablanıb”

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi Ramil Məmmədli hesab edir ki, genişmiqyaslı əməliyyatlara başlamaq üçün zəmin yaranıb: “Qoşunların təmas xəttində-cəbhədə Ermənistan-Azərbaycan arasında hərbi vəziyyətin olduqca gərgin olduğu diqqətdən yayınmır. Bu ilin iyul ayında Tovuz istiqamətində Ermənistanın hücum planı nəticə vermədikdən sonra erməni tərəfi prosesi öz xeyrinə dəyişmək üçün bütün istiqamətlərdə gərginlik yaratmağa çalışır. Goranboy rayonu istiqamətində erməni kəşfiyyat bölməsinin əməliyyat keçirmək cəhdi də buradan qaynaqlanır. Bu gərginlik Ermənistanın danışıqlardan yayınmasına da hesablanıb. Hazırkı erməni hakimiyyətinin məqsədi də qoşunların təmas xəttində gərginliyi saxlamaqla sülh danışıqlarını unutdurmaqdır. Əslində Azərbaycan da bu vəziyyətdə danışıqların davam etdirilməsinin əhəmiyyətsiz olduğunu açıqlayıb. Bu baxımdan aktiv və genişmiqyaslı hərbi əməliyyatların başlamasına əlavə bir səbəb qalmayıb. Yəni döyüşlərin başlamasının qarşısını ala biləcək hər hansı sülh formatı daha yoxdur. Onu demək istəyirəm ki, istər qərb, istərsə də digər istiqamətlərdə gərginlik var və bunu inkar etmək lazım deyil. Məhz bu gərginlik genişmiqyaslı hərbi əməliyyatlara zəmin yaradır. Yəni sülh danışıqlarını davam etdirmək üçün heç bir əsas qalmayıb. Birincisi, Ermənistan müharibə ritorikasını gücləndirib. İkincisi, Ermənistan rəhbərliyi və separatçılar açıq hədə ilə davranır və danışırlar. Üçüncüsü, silahlanmanı gücləndiriblər. Dördüncüsü isə sülh danışıqları ilə bağlı konkret addım atmaq niyyətləri yoxdur. Yəni Azərbaycanın təklifləri qəbul olunmayıb. Bütün bunlar müharibənin başlanmasına zəmin yaradan amillərdir”.(musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir