Gündəm manset

Ərdoğan-Putin müzakirəsi: Əgər razılıq olmasa… – Ekspert

Sharing is caring!

Ərdoğan-Putin görüşündə əsas məsələ İdlib problemi olacaq, çünki Moskva və Ankara bu mövzuda anlaşa bilmir.

Bu sözləri Axar.az-a politoloq Azər Rəşidoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putinin bu gün Moskvada keçirilən görüşü barədə danışarkən deyib.

A.Rəşidoğlunun sözlərinə görə, Rusiya ilə həddindən artıq yaxınlıq etmək Türkiyə üçün təhlükəlidir:

“Ərdoğan dolayısı ilə də olsa açıqlayıb ki, əgər Kreml Ankaranın maraqlarını nəzərə almasa, o, yenidən Vaşinqtonun təsir dairəsinə qayıda bilər. Bu məsələdə isə ruslarla türklərin anlaşması problematikdir. Türkiyə sərhədlərini qorumaq üçün Suriya ilə sərhədlərdə hərbi əməliyyat keçirməlidir. Kürd qruplaşmalarına isə bir sıra Qərb ölkələri ilə yanaşı, Rusiya da dəstək verir. Bu, maraqların toqquşmasıdır. Digər tərəfdən, Kremlin tələbinə görə, Ankara Suriyada nəzarətində saxladığı islamçı hərbi birləşmələri geri çəkməli və Əsəd hakimiyyətini müdafiə etməlidir. Türkiyə belə addım atarsa, özünü çıxılmaz vəziyyətə sala bilər. Onu da qeyd edim ki, Türkiyə onu gözləyən iqtisadi böhrandan qurtulmaq üçün ABŞ-dan kreditlər almağa məhkumdur. Rusiyadan S-400 almaqla Ankara Vaşinqtonu qəzəbləndirib. Rusiya ilə daha çox yaxınlıq Türkiyə üçün təhlükəlidir.

Digər tərəfdən, Ərdoğan və Putin razılığa gələ bilməsələr, iki ölkə arasındakı qarşıdurmadan İsrail, ABŞ, İran faydalana bilər”.

A.Rəşidoğlu əlavə edib ki, Türkiyənin qarışması və yaxud Rusiya ilə gərginlik bütün bölgəyə, o cümlədən Azərbaycana da təsir göstərə bilər:

“İstənilən halda, Ərdoğan-Putin danışıqları çox qaynar keçəcək. Hazırda ABŞ Türkiyəni öz təsir dairəsinə qaytarmaq niyyətindədir və əvvəl-axır buna nail olacaq. Rusiya və Türkiyə əməkdaşlığı uzun müddət davam edə bilməz. Türkiyənin istiqaməti Qərbə doğrudur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir