Gündəm manset

“Paşinyanın son açıqlaması işğalçılığın təsdiqi deyil” – Fərqli mövqe

Sharing is caring!

Ermənistan baş naziri Nikol Paşıinyanın son açıqlaması işğalçılığın təsdiqi deyil.

XeberAl.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

O sözünə belə davam edib: “Bu açıqlamaya qədər həm onun, həm də keçmiş Ermənistan prezidentlərinin Dağlıq Qarabağ ərazisinə daxil olması özü işğalçılığın təsdiqi deyildimi? Yəni işğalçılığı buna qədər təsdiq edən yetərincə faktlar var. Hətta Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda olan işğal altındakı rayonlarımızda təmir-bərpa işlərinin sürətlə aparılması, kənarda oraya ermənilərin məskunlaşdırılması da bu faktlar siyahısına daxildir.

Sadəcə, son açıqlama rəsmi Ermənistanın bunu həm də növbəti dəfə dillə ifadə etməsidir. Bu cür ifadələr əvvəllər də işlədilib və özümüzü buna görə təəccübləndirməyək”.

Fazil Mustafanın fikrincə, burada iki məqsəd ola bilər: “Birincisi, Ermənistan danışıqlardan uzaqlaşmaq niyyəti güdür və Azərbaycana qarşı bu cür diplomatik provakasiyanı yönəldir. İkincisi isə Paşinyan bu ifadələri erməni cəmiyyətinə Qarabağı məsələsinin öz iqtidarının əsas prioriteti olduğunu xatırlatmaq üçün söyləyib.

Əlbəttə, bu ifadə savaşa başlamamız üçün ciddi səbəbdir, lakin ondan əvvəlki hərəkətlər qeyri-ciddi səbəblər deyildi ki? İndi niyə Xankəndini vurmuruq, niyə hücum edib torpaqları almırıq kimi sualları cavablandıracaq imkana və informasiyaya sahib deyiləm, ancaq onu bilirəm ki, biz Azərbaycan ordusu qədər Azərbaycan diplomatik korpusunu da daha yetkin və hazırlıqlı peşəkarlardan təşkil etməliyik ki, bu cür açıqlamaların beynəlxalq hüquqa qarşı demarş olduğunu konkret ölkələrdə və beynəlxalq qurumlarda anında tirajlamağı bacarsınlar.

Təcrübəli diplomatlarımız az deyil, ancaq xaricdəki təmsilçilərimizin müəyyən hissəsi öz vəzifə borclarını layiqincə yerinə yetirəcək qabiliyyətdə deyil və ona görə də xarici ölkələrin cəmiyyətlərinə aktiv təsir göstərə bilmirlər. Çünki bu gün bizim ermənilərlə savaşımız qismən atəşkəs zolağı üzərindən davam edir, o zolağın da üzərində ordumuzun hərəkət sərbəstliyini boğan beynəlxalq güclərin həmrəyliyi var.

Özümüz nə qədər güc olsaq da, beynəlxalq və ya supergüc deyilik. Demək ki, savaşın əsas bölümü diplomatik cinahda, lobbiçilikdə, diaspora sahəsində gedir. Burada isə şəxsi mənfəət hislərimizin üzərinə qalxa bilmədiyimizə görə istənilən nəticələrə vara bilmirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir