Ana Səhfə Gündəm

Qızıl medallı şagirdlərə güzəşt təklifi ləğv olundu

Sharing is caring!

Bununla  bağlı təklif “Ümumi təhsil haqqında” qanun layihəsindən çıxarıldı

Orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa “Ümumi təhsil haqqında” qanun layihəsindən çıxarılıb. Bu barədə modern.az saytına açıqlamasında  Milli Məclisin Elm və təhsil komitəsinin eksperti Coşqun Məmmədov  məlumat verib. O bildirib ki, müzakirələrdən sonra plenar iclasa tövsiyə edilən sənədin yekun variantında  orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəblərə qəbul imtahanlarından azad olunması ilə bağlı müddəa öz əksini tapmayıb:

“Qanun layihəsinə təkliflərini vermək istəyən hər bir təhsil eksperti, ictimaiyyət nümayəndələri, müəllimlərin təkliflərinə hər zaman açığıq. Həmin təkliflər Milli Məclisin Elm və təhsil komitəsinin İşçi qrupu tərəfindən dəyərləndiriləcək və daha sonra isə məqbul hesab edilən təkliflər qanun  layihəsində öz əksini tapacaq”.

Məlumat üçün bildirək ki, Milli Məclisdə hazırlanan yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilmişdi ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar. Amma ictimai müzakirələrdən sonra artıq bu müddəa layihədən çıxarılıb. Bir neçə gün idi ki, məsələ ölkə gündəmini zəbt etmişdi. Təhsil ekspertləri, ziyalılar məsələyə birmənalı yanaşmırdılar. Bildirilirdi ki, bu hal obyektivlik prinsipinin də pozulmasına səbəb ola bilər.

“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, qanun layihəsini qəbul etmək, təhsilin üstündən xətt çəkmək idi: “Ona görə də gözləyirdim ki, bu qanun layihəsi qəbul edilməyəcək. Qanun layihəsi müzakirə edilən zaman orada iştirak etmişəm. ”Ümumi təhsil haqqında” Qanun Azərbaycanda ilk dəfə qəbul ediləcək. Bura öz təkliflərimi yazılı şəkildə təqdim etmişəm. Ancaq qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılan son variantı mənə verilməyib ki, orada hansı təkliflərimin qəbul edildiyini görəm. Burada ümumtəhsil müəssisəsinin idarə olunması, maliyyələşdirilməsi kimi məsələlər öz əksini tapmalı idi. Ümumilikdə beynəlxalq təcrübə əsasında 20-dən çox təklif vermişdim”.

Ekspert iddia edir ki, qanun layihəsi əslində digər qanunların müəyyən hissələrinin kopyalanmış formasıdır: “Məsələn, burada ”Təhsil  haqqında” Qanunun bəzi müddəaları  olduğu kimi köçürülüb. Eləcə də 2011-ci ildə qəbul edilmiş Orta məktəblərin nümunəvi nizamnaməsi də eyni qayda üzrə köçürülüb. Yəni bu qanunda yenilik yoxdur.  Mən Cənubi Koreya, Finlandiya, Sinqapur, Yaponiya təcrübələrindən təkliflər vermişəm ki, bu, belə olmalıdır. Yoxsa ənənəvi üsul və vasitələrdən istifadə ediləcəksə, qanun layihəsini hazırlamaq lazım deyildi. Burada söhbət adambaşına düşən maliyyə mexanizmlərinin tətbiqi, şagirdlərin 11 il ərzində nəticələrinin qəbul imtahanına təsirini təklif etmişdim. Söhbət təkcə qızıl və gümüş medallardan getmir. Təklif etmişdim ki, orta məktəblərdə elektron jurnallardan istifadə olunmalıdır. Yəni vahid sistemdə şagirdin nəticələri ilk gündən qeyd edilməlidir. Bu zaman yekunda orta məktəb qiymətləri ali məktəbə qəbul zamanı nəzərə alına bilərdi. Yoxsa qızıl və gümüş medaldan söhbət getmir. Şagirdin ancaq biliyi qiymətləndirilir, onun bacarığına diqqət edilmir. Bəlkə kiminsə ailəsi şərabçılıqla məşğul olur və o, bu sahəni daha gözəl bilir. Həmin adamı Kənd Təsərrüfatı Akademiyasının müvafiq ixtisası üzrə qəbul etmək olar. Bizim təklifimiz belə idi. Prosedə geniş komissiya işləməlidir”.

2018-ci ildə  185 məzun qızıl, 38 məzun isə gümüş medala layiq görülüb. Amma qəbul imtahanlarında qızıl medal qazananların tam əksəriyyəti kifayət qədər aşağı bal toplayıb. Ekspertin fikrincə, statistik təhlillər qızıl medalın verilməsində ciddi qanun pozuntuları, neqativ halların olduğunu göstərir.

Dövlət İmtahan Mərkəzindən deyiblər ki, layihədə orta məktəbi  qızıl medalla bitirmiş məzunlarla bağlı müddəa var, amma icra mexanizmləri göstərilmir. Buna görə də qanunun qəbulunu gözləyirlər.

Kamran Əsədov “Yeni Müsavat”a qızıl medalla bağlı nəticələri də təqdim edib. O bildirib ki, 2012-2013-cü tədris ilində 248 medalçıdan 3 nəfəri (1%) 700 bal, 145 nəfəri (58%) 600-699 bal, 49 nəfəri (20%) 500-599 bal, 22 nəfəri (9%) 400-499 bal, 12 nəfəri (5%) 200-399 bal, 1 nəfəri 140 bal toplayıb. 16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.

Layihəni hazırlayan işçi qrupun üzvü, təhsil eksperti Etibar Əliyev virtualaz.org-a deyib ki, layihədə əslində respublika səviyyəli olimpiadalarda qalib gələrək qızıl medal qazanmış məzunlardan söhbət gedir.

“Əslində məsələ yanlış təqdim olunub,  qanun layihəsinə əsasən ancaq beynəlxalq və respublika səviyyəli olimpiadalarda qızıl medal qazanmış məzunlar ixtisas fənni üzrə imtahandan azad olunacaqlar. Məsələn, kimya üzrə qalib olub qızıl medal qazanan məzun kimya fənnindən imtahandan azad olunacaq”, – ekspert deyib.

Etibar Əliyev əlavə edib ki, müzakirəyə çıxarılan layihədə orta təhsilini qızıl medalla başa vuran məzunların imtahandan azad olunacaqları ilə bağlı müddəa əksini tapmayıb: “Dövlət İmtahan Mərkəzinin hər il apardığı təhlillər göstərir ki, abituriyentlərin əksəriyyəti orta məktəblərdə aldıqları yüksək qiymətləri qəbul imtahanlarında doğrulda bilmirlər. Başqa sözlə, orta məktəblərdə şagirdlərin biliyinin qiymətləndirilməsi təkmil deyil və əgər orta məktəbi qızıl medalla bitirənləri ali məktəblərə imtahansız qəbul etmək şansı yaradılsaydı, bu düzgün olmazdı”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət ala bilmədik.

Əli RAİS,
“Yeni Müsavat”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir