Gündəm

Şuşa və Ağdam müntəzəm marşrutları üzrə sərnişin daşıyacaq sürücülərə mina təhlükəsinə dair təlimlər keçirilib

Sharing is caring!

İşğaldan azad edilmiş ərazilərə müntəzəm marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina təhlükəsinə dair maarifləndirmə təlimlərinə cəlb edilib.

Qeyd edək ki, yanvarın 24-dən Bakı – Şuşa, Bakı – Ağdam, Əhmədbəyli – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa, Bərdə – Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

Təlimlərdə partlayıcı sursatların təhlükəsi, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. Həmçinin müxtəlif növ mina və partlayıcı sursatların vizual tanınması üçün maketlər nümayiş etdirilib.

Təlim iştirakçılarına mina və partlayıcı qurğuların törədə biləcəyi xəsarətlər barədə geniş məlumat verilib, ən kiçik ehtiyatsızlığın ölümlə nəticələnə biləcəyi diqqətə çatdırılıb. Bəzən partlayıcı qurğuların təhlükəli əşyaya bənzəmədiyi və zərərsiz göründüyü, su borusu, bidonlar, qaz balonu və digər məişət əşyalarının içərisinə yerləşdirilə biləcəyi vurğulanıb.

Sürücülərə yalnız müəyyən edilmiş və daha əvvəl sınaqdan keçirilmiş marşrut xətti üzrə hərəkət etmələri, heç bir halda marşrutdan kənara çıxmamaları barədə xəbərdarlıq edilib.

Sonda iştirakçılara xəbərdaredici posterlər, broşürlər, sertifikat və Təlimat kitabçaları təqdim olunub.

Qeyd edək ki, avtobuslarda sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün ANAMA-nın mina təhlükəsi ilə bağlı təqdim etdiyi videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə təlimat broşürü yerləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir