Gündəm

Vüqar Rəhimzadə: “Rusiya sülhməramlıları onlara qarşı etimadsızlıq mühitinin yaranmasına rəvac verməməlidir”

Sharing is caring!

“10 noyabr 2020-ci il tarixli üçtərəfli  Bəyanatın imzalanmasından 9 ay keçməsinə baxmayaraq Ermənistanın bu razılaşmanın müddəalarının icrasına hələ də laqeyd münasibət sərgiləməsi regionda sülhün və təhlükəısizliyin bərpa olunmasına ciddi təhdidlər yaradır. Hələ də keçmişin nostalgiyası ilə  yaşayan, Dağlıq Qarabağ münaqişəsinin başa çatmadığı barədə özündə utopik fikirlər formalaşdıran, himayədarlarının dəstəyi hesabına  belə sərsəm düşüncələri ilə gündəmdə qalmağı yeganə çıxış yolu hesab edən  işğalçı Ermənistan düşdüyü ağır vəziyyətin  səbəblərini düzgün dəyərləndirməyi, daha dəqiq desək, ədalət meyarını nəzərə almağı bacarsa, 30 ildən artıq davam edən işğalçılıq siyasətinin onu hansı çətinliklərlə üz-üzə qoyduğunun fərqində olar. 

Ermənistan Azərbaycanla dövlət sərhədində atəşkəs rejimini mütəmadi pozaraq təxribatlar törətməklə, bayağı, yoxsul düşüncənin məhsulu olan bəyanatları səsləndirməklə nəyəsə nail olmağın mümkünsüzlüyünün fərqindədir. Ən azı o səbəbdən ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yenilməz o məşhur dəmir yumruğun nəyə qadir olduğunu işğalçıya və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi.  Ermənistanın hazırda  yeganə çıxış yolu Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlarla barışıb regional əməkdaşlıq formatına qoşulmaqdır.  Bunun üçün  sülh müqaviləsinin imzalanması, 10 noyabr  Bəyanatının şərtlərinə uyğun olaraq minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi,  kommunikasiyaların bərpası ən vacib şərtlərdir.  Amma son 9 ayın reallıqları təsdiqləyir ki, işğalçı dövlətin  rəhbərliyi nə ölkəsinin, nə də xalqının gələcəyi barədə  düşünmək iqtidarında deyil. Belə bir vəziyyətdə müstəqilliyi formal xarakter daşıyan,  bu və ya digər beynəlxalq güclərin əlində alətə çevrilən bir dövlətin gələcəyi ilə bağlı  nikbin proqnozlar vermək çətindir.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti  üçtərəfli Bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılmasının  təmin olunması məsələsinə yönəldib. Bildirib ki, işğalçı dövlət nəinki  bu günədək belə bir addımı atmaq barədə düşünməyib, əksinə üçtərəfli Bəyanatın tələblərini  kobud şəkildə pozaraq öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya  sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıyır: “Həmçinin  Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında da bu faktlar öz əksini tapıb. Xüsusi vurğulanıb ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır.”

Baş redaktor qeyd edib  ki, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın son əmri də bir çox məqamlara aydınlıq gətirir: “Belə ki, Ermənistanın müdafiə naziri  Arşak Karapetyan Azərbaycan əsgərlərinin Ermənistan  sərhədlərini keçəcəyi təqdirdə  məhv edilməsi, həmçinin  buna imkan verən  erməni hərbcilərinin  də çox sərt cəzalandırılacağı ilə bağlı əmr imzalayıb. Göründüyü kimi, Ermənistan tərəfi belə təxribat xarakteri daşıyan addımları ilə  özünün çirkin niyyətlərini həyata keçirməyə imkan yaratmağa çalışır. Belə fikir formalaşdırmaq istəyirlər ki, guya Azərbaycan Silahlı Qüvvələri  Ermənistan sərhədini  keçmək niyyətindədir. Bütün bu fikirlərin    cəfəngiyyatdan başqa bir şey olmadığı hamıya  məlumdur. Müzəffər Azərbaycan Orducunun Ermənistan sərhədini keçmək niyyəti yoxdur. Əgər Azərbaycan Ordusunun belə bir niyyət və məqsədi olsaydı Qarabağ Zəfərinin müjdəçisi olan Tovuz hadisələri zamanı, eyni zamanda,  44 günlük İkinci Qarabağ müharibəsi dövründə çox asanlıqla reallaşdıra bilərdi.”

“Bu günün reallıqları heç də Ermənistanın apardığı sərsəm təbliğata uyğun deyil” deyən Vüqar Rəhimzadə  bildirib ki, bu kimi bəyanatlar Ermənistan müdafiə nazirinin ordusunun potensial imkanından narahatlığının da aydın mənzərəsini yaradır: “ Ermənistan rəsmisi  çox yaxşı bilir ki, illərdir himayədarlarının  dəstəyi hesabına silahlanmış ordusu İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən  tamamilə darmadağın edilib. Təbii ki, belə bir şəraitdə  “yenilməz erməni ordusu”ndan söhbət belə gedə bilməz. Buna əmin olmaq üçün Vətən müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi, yaxud qənimət kimi götürdüyü erməni hərbi texnikasına, silah-sursata və onların qiymət baxımından dəyərləndirilməsinə nəzər yetirmək kifayətdir. Yoxsul ölkə bunları almaq imkanında ola bilməzdi. Açıq-aşkar Ermənistanın  himayədarları tərəfindən silahlandığı bəlli oldu. Bu da  danılmaz faktdır ki, dağıdılmış, məhv edilmiş  Ermənistan silahlı qüvvələrinin yenidən formalaşması üçün ən azı  onilliklər gərəkdir.”

V.Rəhimzadə  əsas diqqəti Ermənistanın 10 noyabr tarixli  üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsində üzərinə böyük məsuliyyət düşən Rusiya Federasiyası sülhməramlı qüvvələrinin fəaliyyətinə yönəldib. Xüsusi vurğulayıb ki,  bölgədə sülhün, təhlükəsizliyin təmin olunması məqsədilə fəaliyyətə başlayan  Rusiya sülhməramlılarının üzərilərinə düşən missiyadan kənar addımlar atması   yolverilməzdir:  “Bu gün adından da göründüyü kimi, mandatı regionda sülh və təhlükəsizlik mühiti yaratmaqdan ibarət olan Rusiya sülhməramlılarının Bəyanatın tələblərinin icrasına dəstək  olması gərəkdir. Təəssüf ki, bunun əksinə olaraq  Ermənistana çirkin niyyətinin icrasında yardım göstərməsi Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarının fəaliyyəti barədə müxtəlif fikirlərin yaranmasına, onlara qarşı etimadsızlıq mühitinin formalaşmasına səbəb olur. Hesab edirəm ki, bu baxımdan  Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Moskvada Ermənistanın müdafiə naziri Arşak Karapetyanı qəbul edərkən “Ermənistan ordusunun modernləşdirilməsinə köməyi davam etdirməyə hazırıq”  bəyanatı da bir çox gizli məqamlara aydınlıq gətirir. Rusiyanın müdafiə naziri bildirib ki,  Rusiya həm ikitərəfli formada, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanla hərbi sahədə qarşılıqlı əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Belə bir bəyanatın səsləndirilməsi, fikrimcə, Rusiyanın daim bəyan etdiyi regionda sülhyaratmaq niyyətinin fəlsəfəsinə tamamilə ziddir. Halbuki, həm tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk qrupunun  həmsədri, həm də 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasında təşəbbüskar və vasitəçi tərəf kimi Rusiya birtərəfli qaydada işğalçı Ermənistanın təcavüzkar siyasətinə dəstək olmaq əvəzinə postmüharibə dövrünün reallıqlarının həyata keçirilməsinə öz töhfələrini verməlidir. Məlumdur ki, Rusiya sülhməramlılarının ərazilərimizdə  yerləşdirilməsi Azərbaycanın dost ölkəyə etimadının göstəricilərindən biridir. Azərbaycan  Müdafiə Nazirliyinin məlumatında da bu məqam xüsusi qeyd olunur ki,  Rusiya Federasiyasının sülhməramlı qüvvələri üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.”

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir