Gündəm

Millət vəkili o Anadan üzr istəyib, ayağına düşməlidir!

Sharing is caring!

Tanınmış idmançı Kamil Zeynallının “Kontakt Hom” mağazalar şəbəkəsinin Bakıxanov filialı əməkdaşlarının borca görə şəhidin yataq dəstini müsadirə etməsi ilə bağlı paylaşımı iki gündür sosial şəbəkələrdə ciddi etirazla qarşılanır.

Mağazalar şəbəkəsi artıq bununla bağlı açıqlama yayıb. Açıqlamanın özü isə ciddi şübhələrə əsas verir.

1. Şirkətdən bildirilib ki, sözügedən yataq dəsti şəhidimizin ailəsinə deyil, onun qayınanası Azadə Süleyman qızı Məmmədovaya məxsusdur: “Azadə xanım məhsulu qızı ailə həyatı qurarkən ona hədiyyə etmişdir”.

Bu açıqlamanın özü qəribədir. Fakt ondan ibarətdir ki, yataq dəsti qayınanaya məxsus deyil, sadəcə onun adınadır, şəhidimiz ailə qurarkən gənclərə cehiz verilib. Bunu “qayınanaya məxsusdur” kimi təqdim etmək nəyə lazımdır ki!

2. Şirkət bildirib ki, Şirəli Adilov şəhid olduqdan sonra 1 aydır ailə qurduğu xanımı ata evinə geri qayıdıb. Azadə xanım da “Kontakt Hom”un Çağrı Mərkəzinə müraciət edərək məhsul üzrə ödənişlərini davamlı olaraq etsə də, ondan imtina etdiyini və yataq dəstini geri qaytarmaq istədiyini bildirib. Çağrı Mərkəzinin operatoru Azadə xanımın kürəkəninin şəhid olduğunu öyrəndikdən sonra borcun şirkət tərəfindən bağışlanılması və məhsulun şəhidin evində qalmasını təklif edib. Lakin Azadə xanım buna razı olmayıb və məhsulun sahibi olaraq təkidlə geri qaytarılmasını istəyib.

Şəhidin qayınanasının bu tələbinin səbəbi nədir? Ödənişi onsuz da geri qayıtmayacaq, üstəlik, ondan əlavə ödənişlər də tələb etmirlər. Belə olan halda qayınana qızına aldığı cehizin şəhid kürəkəninin evindən götürülməsini niyə təkid etməlidir?

3. Şirkətdən bildirilib ki, fəhlələr məhsul sahibinin tələbini icra ediblər.

Sual yaranır: Şirkət cehizin yerləşdirildiyi şəhid ailəsi ilə əlaqə saxlayıbmı? Yataq dəsti götürülərkən, şəhid anasının sözünü eşidiblərmi?

Axı, şəhidimizin anası buna çox mənfi münasibət göstərib, hətta bir qədər gözləmələrini, yataq dəstinin qalan borcunu ödəməyə hazır olduğunu da bildirib. Onda fəhlələr niyə əl saxlamayıblar?

Kamil Zeynallıdan sonra o ailədə olan daha bir tanınmışın yaydığı videodan aydın olur ki, şəhid anası Zümrüd xanım yataq dəsti sökülüb gedəndən sonra oğlu üçün dövlət tərəfindən verilən birdəfəlik yardımı alıb və dərhal da oğlunun otağı boş qalmasın deyə, yeni yataq dəsti sifariş edib. Artıq yeni yataq dəsti şəhidimizin otağındadır.

Burdan aydın olur ki, şəhidimizin anası o yataq dəstinin evindən çıxarılmasına etiraz edib və şiddətlə buna qarşı çıxıb. Yaxşı o olardı ki, şirkət əməkdaşları hətta “məhsulun sahibi” Azadə xanımın “təkidi” ilə yataq dəstini sökməyə gələndə borcu bağışlamaq istəyirdisə, yerindəcə məhsulu şəhid anasının adına rəsmiləşdirib, bir bağışlanma sənədi də ona verərək, nüfuzuna və şəhid adına olan hörmətini göstərərdi.

Şirkət Azadə xanımın səs yazısını yaymağa hazır olduğunu bildirir.

Ola bilsin ki, belə bir səs yazısı var və Azadə xanım bəlkə də fərqinə varmadan bu təklifi irəli sürüb. Ancaq şəhid anası Zümrüd xanımdır, yataq dəsti də şəhidin evindən çıxarılır. Burda artıq məsələ hüquqi deyil, mənəvi müstəvidən həllini tapmalıydı.

Və nəhayət sonuncu: Ola bilsin ki, şirkət ciddi yanlışlığa, etinasızlığa yol verib, şəhid anasının ürəyini qırdığını dərk etməyib və s. Hər şey mümkündür. Bəs, məlumat yayılandan və şəhid anasının etirazı ictimailəşəndən sonra Zümrüd Ananın şəhid övladı üçün yeni yataq dəsti almasına “Kontakt Hom”un bu reaksiyası adekvatdırmı?

Hanı bu şirkətin sahibi? Üzə çıxıb, üzr istəyib, gedib Zümrüd Ananın əlini öpüb, ayağına düşüb, operatorun və fəhlələrin üstünə yıxdıqları yanlışı aradan qaldırmağa və yataq dəstini yerinə qaytarmağa ona nə mane olur?

P.S. “Kontakt Hom”un rəhbərinin millət vəkili Elnur Allahverdiyev olduğu bildirilir

Axar.az/

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir