Gündəm manset

Onlar bizə diktə etməyə çalışırdılar – Prezident

Sharing is caring!

Bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Bu, təbiidir. Bu, demək olar ki, neft-qazla zəngin olan bütün ölkələrdə müşahidə edilən mənzərədir və bu, faktdır.

XəbərAl.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə – İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Bəzi hallarda bunu mənfi amil kimi yozurlar. Mən bunu mənfi amil kimi qəbul edə bilmərəm, çünki məhz neft-qaz sektorunun inkişafı hesabına biz böyük infrastruktur layihələri icra etmişik, neft-qaz sektorunun gəlirləri hesabına biz 300 mindən çox köçkünü yerləşdirmişik, biz ordumuzu gücləndirmişik, biz böyük sosial layihələri icra etmişik. Əgər bizdə neft-qaz sektoru olmasaydı, yaxud da ki, bu sektoru inkişaf etdirməsəydik, biz nəyin hesabına inkişaf edəcəkdik? Guya kimsə bizə gəlib arxa mı duracaqdı? Hansısa ölkə, yaxud da ki, beynəlxalq maliyyə qurumu bizə kömək mi göstərəcəkdi?

Biz o illəri yaxşı xatırlayırıq, mən yaxşı xatırlayıram. 1990-cı illərdə bizim pulumuz yox idi və biz beynəlxalq maliyyə qurumlarından, böyük dövlətlərdən bir növ asılı idik. Onlar da bəzi hallarda bizə diktə etməyə çalışırdılar. Ona görə iqtisadi müstəqillik mənim siyasətimin ana xəttini təşkil edir. Bu, bizə güc verir, inam verir, xalqımız təhlükəsizlik şəraitində yaşayır və biz ölkə üçün vacib olan bütün layihələri icra edirik.

İndiki dövrü mən şərti olaraq postneft dövrü adlandırardım. Ona görə yox ki, bizim neftimiz tükənir, əksinə, bizim ehtiyatlarımız kifayət qədər yüksəkdir, o cümlədən qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrə bərabərdir. Yeni kontraktlar imzalanıb, kəşfiyyat işləri aparılır və neft-qaz sektorumuz bundan sonra da ölkəmizin həyatında önəmli rol oynayacaq. Ona görə mən indiki dövrü postneft-qaz dövrü adlandırıram ki, bizim siyasətimizdə bu sahə kənara qoyulmalıdır. Bu sahədə nə lazım idisə gördük, həm Bakı-Tbilisi-Ceyhan neft, həm Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi tarixi layihələrdir. Bunları biz görmüşük. İndi bu layihələrin faydasını biz və gələcək nəsillər görəcəklər. Ancaq biz iqtisadi inkişafımızı qeyri-neft sektoru üzərində qurmalıyıq və burada əlbəttə ki, aparıcı rol İqtisadiyyat Nazirliyinin üzərinə düşür. Əminəm ki, İqtisadiyyat naziri kimi siz bu tapşırıqları yerinə yetirəcəksiniz”, – dövlət başçısı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir