Gündəm manset

Biz onu niyə sevirik?

Sharing is caring!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edirəm. Bu təbrik həm də bütün qadınlarımıza düşür, çünki məhz Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatındakı rolunu genişləndirdi, möhkəmləndirdi.

Bu gün Mehriban xanım Əliyeva təkcə Azərbaycanın böyük mənada Ana və Qadın obrazını özündə yaşatmır, həm də dövlətin milli maraqlarının müdafiəsində, milli varlığımızın və ənənələrimizin qorunmasında müstəsna rol oynayır.

Mehriban xanımın həddən artıq böyük intellekt, savad, intuisiya, dünyagörüş, həssaslıq tələb edən genişmiqyaslı fəaliyyəti bəzən heyrət doğurur: Ölkənin milli maraqlarının qorunması və inkişafı, sosial rifahın güclənməsi üçün çalışan Prezidentə sözün bütün mənalarında arxa olmaq, ictimai həssas mövzulara dərhal reaksiya göstərmək; Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin gücləndirilməsi üçün diplomatik səfər və görüşlər, ölkədə və dünyada maddi-mədəniyyət abidələrinə qayğı, dövlətin onurğa sütunlarından sayılan təhsil sisteminə misli görünməyən dəstək, sənət adamlarının yanında olmaq, onların səhhətinə xüsusi münasibət, hətta xaricdə müalicələrini həyata keçirmək, təbii fəlakət bölgəsinə Prezidentlə birgə səfər və insanlara mənəvi dəstək kimi saysız-hesabsız fəaliyyətin içində Ana olmaq, həyat yoldaşı və övladları üçün mətbəxə keçmək və bu nümunəni cəmiyyətə aşılamaq, Evin Xanımı ənənəsini yaşatmaq bir insanın fəaliyyət dairəsi üçün olduqca genişdir.

Azərbaycanın (daha çox isə Şərqin) ən parlaq ilk qadın diplomatı Sara Xatun hesab edilir və Sara Xatunun inanılmaz diplomatiya bacarığı haqda tarixdə çoxsaylı nümunələr var. Mehriban xanım Əliyevanın fəaliyyəti isə Sara Xatunun ənənəsini təkcə yaşatmır, həm də dövrümüzün tələbinə uyğun ən yüksək mərhələyə qaldırır.

Mehriban xanım müasir Azərbaycan tarixinin “ilk”lərinə imza atan insandır: “Birinci xanım” (Xatun) institutu da, Birinci vitse-prezident institutu da Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Ancaq Mehriban xanım bu institutların formalaşdırılması və ictimai-siyasi məzmun kəsb etməsi, ölkə idarəetməsinin ən önəmli, işlək və aktiv mexanizmi səviyyəsinə qaldırması ilə kifayətlənmir, ümumilikdə xalqın təsəvvüründə Prezidentin və hakim komandanın müsbət assosiasiyasının inkişafında əvəzedilməz xidmətlər göstərir.

Əlbəttə, bu genişmiqyaslı və çoxşaxəli fəaliyyət ilk baxışda bir insanın imkanlarından daha üstündür və ona görə də bir çoxları kimi, mən də bunun bir İlahi missiya olduğu düşüncəsindəyəm. Mehriban xanım özü isə Prezidentin və özünün fəaliyyətinin, bu qədər enerji tələb edən işlərin uğurlu alınmasının səbəbini xalqın sevgisi ilə izah edib.

Tamamilə dəqiq və incə izahdır.

Mehriban xanımın bütün fəaliyyət dairəsi Prezidentə, ailəsinə, xalqa, dövlətə, millətə, Azərbaycana böyük sevgi, hörmət, xüsusi dəyər üstündə qurulub. Bu sevgi, bu hörmət xalqdan cavab aldıqca, xalqın sevgisini gördükcə daha da genişlənir və hər bir fərdə pay düşür.

Bu böyük xalq sevgisi, ənənə bağlılığı, milli kimliyə dəyər genetik kodlarla birbaşa bağlıdır.

Digər ən mühüm məqam isə AD-dır. Mistiklər adın insan taleyində birbaşa rol oynadığı iddiasını irəli sürürlər və bu da təsadüfi deyil – zaman keçdikcə bu fikrin həqiqiliyinə inamım da artır. İnsanın taleyi, alın yazısı sanki dünyaya gələrkən ona verilən adda – isimdə kodlaşdırılır. Ölkəmizin Birinci xanımı Mehriban xanım Əliyeva haqqında düşünəndə, fikir bildirəndə istər-istəməz bu deyimi xatırlayıram. Həqiqətən də Mehriban adı bu xanımın taleyinə, həyat tərzinə, dünyaya baxışına, insanlara münasibətinə yansıyıb. Hansısa bir çətinliyə düşən, problemlə üzləşən adamın ağlına ilk növbədə bu ad gəlir. Eyni zamanda hər kəs inanır ki, Mehriban xanım bilsə, bu problemdən xəbər tutsa, mütləq kömək edəcək.

Mehriban xanım insanların ümid yeridir. Adətən ailədə övlad bir problemi, çətinliyi olanda onu öncə anaya bildirir. Çünki ana şəfqətlidir, ana həssasdır. Azərbaycanı da bir ailə kimi düşünsək, insanlarımızın niyə ilk olaraq Mehriban xanım Əliyevaya müraciət etməsini anlamaq çətin deyil. Çünki o anadır, bütün analar kimi şəfqətli və hər şeyə, xalqın bütün çətinliklərinə, ağrı-acılarına həssasdır. Bu baxımdan, insanlarımızda ona böyük inam var. İnsanlarda bu inamı yalnız işlə, xidmətlə, fəaliyyətlə yaratmaq çətin olardı.

Mehriban xanım Əliyevanı fərqli və sevimli edən gördüyü işə sevgisidir. Onda xalqına və dövlətinə sarsılmaz sevgi var. Sevgi olmadan insanların məhəbbətini, sayğısını bu miqyasda qazanmaq yəqin ki, çətin olardı.

Mehriban xanım Əliyeva Cənubi Qafqaz regionunda yaşayan, fəaliyyət göstərən hər bir xanıma örnəkdir. Çünki onun Birinci xanım statusunda da əsas qayəsi xalqa, insanlara xidmət idi, Birinci vitse-prezident statusunda da eyni qayəyə xidmət edir. Bu, təbii ki, şəxsi keyfiyyətlərdən irəli gəlir. Azərbaycan qadınları olaraq, biz bununla qürur duyuruq.

Bu gün mediada onun məktubunu oxudum. Mehriban xanımın milli-mənəvi dəyərlərimizə bağlılığı hər kəlməsindən aydın görünür. Mərhəmət və Xeyirxahlıq, humanizm onun amalıdır… Bir ailənin möhkəm və xoşbəxt olmasında qadının rolu böyükdür. Həmçinin, bir dövlətin də güclü olmasında qadınların rolu əhəmiyyətli paya sahibdir. Bu baxımdan, Mehriban Əliyeva kimi bir xanımın Azərbaycanın ictimai-siyasi həyatında önəmli rola malik olması istər dövlətin, istərsə də xalqın taleyinə nəsib olmuş əvəzsiz lütfdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir