Gündəm

Əhalinin gəlirlərini artırmaq niyə vacibdir və buna imkan varmı?

Sharing is caring!

Pərviz Heydərov yazır…

Dövlət başçısının 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı yaranmış yeni situasiyada çox yerində imzalanmış və olduqca böyük əhəmiyyət daşıyan bir sənəddir. Sənəddə irəli sürülən tələblərin hökumət tərəfindən icrası həm iqtisadiyyatda bərpa prosesinin sürətlənməsini təmin edəcək, həm də ölkə vətəndaşlarının bununla ayaqlaşmasına ən yüksək səviyyədə yardım edəcək.

Söhbət nədən gedir, deyim.

Hələ oktyabrın əvvəlində yazdığım məqaləmdə qeyd etmişdim ki, cari ildə ölkədə sosial istiqamətdə heç bir artım həyata keçirilməyib. Çünki əvvəla, iqtisadiyyatımız tənəzzüldən may ayından etibarən qurtuldu, ikincisi də ki, bu il üçün vəziyyət, ümumiyyətlə təxmini proqnoz edilmişdi. O səbəbdən ki, qeyri-müəyyənlik davam edirdi və bu gün də vəziyyət tam aydın deyil əslində. Lakin, buna rəğmən, gələn il üçün əhalinin sosial müdafiəsini gücləndirmək və gəlirlərini artırmaq istiqamətində müəyyən addımlar atmaq mütləq dərəcədə vacib sayılır. Və hökumətin də buna gedəcəyi aydın sezilirdi. 

Sual olunur, niyə?!

Əvvəla, Prezidentin sözügedən sərəncamında da qeyd edilib ki, 2021-ci ildə ölkəmizin iqtisadiyyatı COVID-19 pandemiyasının ona vurduğu zərərləri geridə qoyaraq sürətlə bərpa olunur. Və bu, bütün dünya ölkələrində də müşahidə edilir. İqtisadi fəallığın bu cür bərpası isə bütün istiqamətlər üzrə tələbin artması ilə nəticələnir. Ancaq bu zaman təklifi yaradan güclər pandemiya şəraitində məcburən xeyli müddət basqı altında qaldıqlarından, buna adekvat cavab verə bilmirlər. Yəni, tələbin genişlənməsi ilə ayaqlaşmırlar. 

Ona görə də, ortada bahalaşma var. Və bu da, həm dünyada belədir, həm ölkəmizdə. İl başlanandan bəri davam edən bu bahalaşma səngimək bilmir və getdikcə daha da genişlənir. Çünki proses başlanğıcını dünya bazarlarından götürür. Və çox rəvan bir şəkildə də hər bir ölkə daxilinə, onların daxili istehlak bazarlarına və o cümlədən bizə sirayət edir. Bizə həm də bir az daha sürətlə sirayət edir, ona görə ki, ən çox istehlak olunan məhsullar üzrə idxaldan asılı vəziyyətdəyik.

Sözüm bunda deyil. Odur ki, dünyada və ölkəmizdə davam etməkdə olan bahalaşma, xüsusən də ərzağın qiymətlərinin yüksəlməsi prosesi əhalinin sosial müdafiəsini gücləndirməyi və gəlirləri artırmağı vacib edir.

Düzdür, bu məsələ hökumətin həmişə diqqət mərkəzində olub, əsas prioritetlərindən sayılıb və sayılır. Xüsusən də, son illər ərzində əməkhaqqıları, pensiya və sosial müavinətlər dəfələrlə artırılıb. Ancaq məsələnin elə ikinci tərəfi də məhz bundan irəli gəlir. Belə ki, ölkədə əhalinin sosial müdafiəsini gücləndirmək, gəlirlərini artırmaq baxımdan son illər sırasında 2019-cu il xüsusən seçildi və yadda qaldı. Həmin ilin mart və sentyabr aylarında əməkhaqqıları, pensiya, sosial müavinət və təqaüdlərin artımını nəzərdə tutan iki sosial paket icra edildi ki, nəticədə minimum əməkhaqqı 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata qalxdı. 

Birinci göstərici ilk dəfə olaraq nəinki ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu göstəricisinə çatdı, hətta onu keçdi. Ümumiyyətlə, müavinət və təqaüdlər orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, minimum əməkhaqqının 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən işçilərin əməkhaqqıları isə orta hesabla 50 faiz artdı. Və 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində isə iki dəfə artım qeydə alındı.

Daha bir sual yaranır: Bəs buna necə nail olundu?

Həmin ildə ölkədə sayca 300-ə yaxın vergi dəyişiklikləri işə salındı, büdcəyə yığım proseduru və mexanizmi dəyişdirildi, iqtisadiyyatda, xüsusən onun real sektorunda şəffaflaşma prosesi yeni xüsusiyyət kəsb etdi və buna bir növ yeni tərzdə start verildi, idarəetmədə böyük struktur və kadr islahatları həyata keçirildi. Nəticədə də sosial istiqamətdə xərclər artmaqla yanaşı, ilin yekununa dövlət büdcəsinə vergi və gömrük xətti ilə planlaşdırılandan 1 milyard manat əlavə vəsait daxil oldu. 

Məsələ bundadır ki, bu proses keçən il də davam etdi. Pandemiya şəraitinə baxmayaraq… Bu il də müşahidə edilir. Sözün qısası, gəlirləri artırmaq üçün hər cür şərait və imkan var. Həm cari ilin dövlət büdcəsinin icrası ilin əvvəlindən bəri profisitlə icra olunur, həm vergi və gömrük rüsumları üzrə yığım artıqlaması ilə yerinə yetirilir, həm də il başlanandan neftin dünya bazar qiymətləri əlverişli vəziyyətdə olub və olaraq da qalır.

Demək, 2019-cu ildə olduğu kimi gələn il də artımlara getmək və sosial xərcləri maliyyələşdirmək üçün imkan var. Ümumiyyətlə, büdcəyə nəzərdə tutulandan artıq gəlirlərin daxil olması əhalinin sosial və iqtisadi cəhətdən müdafiəsini daha da yaxşılaşdırmaq üçün əvəzolunmaz mənbə sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir