Gündəm

Sahil Babayevin “VƏTƏN SEVGİSİ”… – Rəsmən hakimyyətə yamaqdır…

Sharing is caring!

Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi inzibati binasında dövlət bayrağının əks olunması ilə bağlı tender elan edib. Tenderin qalibi “Lotus Co” QSC-dir. Şirkətə agentliyin binasında bayraq əks etdirmək üçün 35 min 300 manat vəsait ödəniləcək.

Xəbəral.az bildirir ki, iqtisadçı Natiq Cəfərliyə görə bu, ölkəyə, vətəndaşa hörmətsizlik, büdcəni dağıtmaqdır: “Qələbədən sonra büdcəni dağıtmaq, büdcədən oğurlamaq, qeyri-rasional xərclər etmək xəyanət kimi qiymətləndiriləcək. Çünki işğaldan azad edilmiş şəhərləri, kəndləri bərpa etmək üçün bizə hər qəpik lazım olacaq. Bu proses onmilyardlarla vəsaitə başa gələcək. Keçmiş günlər bitdi, yeni sistem gələcək – daha şəffaf, daha rasional və daha hesabatlı, başqa yol yoxdur”.

Xəbəral.az bildirir ki, “Lotus Co” QSC 2017-ci ilin avqustunda yaradılıb. Vergilər Nazirliyinin saytındakı kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında göstərilir ki, sahibi Seymur Məmməd oğlu Cəfərovdur. Nizamnamə kapitalı 2010.00 manat olan şirkətin ofisi Bakıda yerləşir (Nəsimi rayonu, Mir Cəlal 4 Mkr, ev 60, m 89).

Onu da qeyd edək ki, iqtisadçı Qadir İbrahimli şirkətlə bağlı araşdırma aparıb. Deyir, “Lotus Co” QSC şirkəti təkcə sentyabrda 3 milyon manata yaxın 3 müxtəlif tender udub.

“Yəqin şirkət nazir Sahil Babayevə məxsusdur. Adamın beyni “error” verir. Adi bir binada bayrağın əks olunmasına niyə 35 min manat xərclənməlidir? Bir bayraq alıb taxırsan binaya, bitir. Bu, bayraq sevgisi deyil. Bayraq sevgisinin daşıyıcıları işğaldan azad olunmuş ərazilərimizə bayraq taxan əsgər və zabitlərimizdir”.

Qadir İbrahimli düşünür ki, həmin tenderin nəticələri ləğv olunmalı, vəsait yaralı əsgərlərin və şəhid ailələrinin sosial təminatına xərclənməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir