Gündəm manset

Azərbaycanda “divar hörən”lər ilə “yel dəyirmanı ucaldan”ların savaşı gedir

Sharing is caring!

İslahat ruzigarı: udan kim, uduzan kim?

Çinlilər deyir ki, (ölkədə) dəyişiklik küləkləri qalxanda bəziləri divar hörür, digərləri isə yel dəyirmanları ucaldır. Bu fikrin açması odur ki, dəyişiklik küləklərinin qarşısını almaq üçün divar hörənlər yanlış yoldadır, nahaq yerə zamanın çağırışına müqavimət göstərməyə çalışırlar. Ancaq yel dəyirmanları tikənlər isə ağıllı iş görürlər. Onlar zamanın tələbindən doğan yeni enerjidən həm öz, həm də ətrafdakıların xeyrinə yararlanırlar.
Məncə, hazırda Azərbaycanda “divar hörən”lər ilə “yel dəyirmanı ucaldan”ların savaşı gedir. Ağlı başında olan hər kəsə aydındır ki, ölkə dəyişməlidir. İş o yerdədir ki, Azərbaycan prezidenti ölkədə mövcud olan idarəçiliyə müxalif mövqe sərgiləməkdən çəkinmir. Səbəb də bəllidir. Prezidentin mərkəzdə apardığı islahatlar ölkənin ucqarlarında o qədər də hiss olunmur. Əyalətlərdə özlərini hökmdar kimi aparan icra başçıları xalq üçün mərkəzdən ayrılan vəsaitləri basıb yeyirlər.

Bütün dünyada olduğu kimi Azərbaycan da koronavirus pandemiyasına görə ağır günlər yaşayır. Hətta belə bir fövqəladə dönəmdə yerli icra başçıları hökumətin vətəndaşa ayırdığı yardımları mənimsəməkdən çəkinmirlər. Bu isə xalqla iqtidar arasında münasibətlərə soyuqluq gətirir. Vətəndaşları iqtidardan incik salır. Sosial şəbəkələrdə bu tendensiya bütün çılpaqlığı ilə üzə çıxır.

Görünən odur ki, getdikcə daha çox xalqa yaxınlaşan ölkə prezidenti bunun fərqindədir və biabırçılıqla barışmaq fikrində deyil. Bu isə o deməkdir ki, başlanan proses hökumətin vətəndaşa ayırdığı vəsait və ya yardım həqiqi sahibinə çatana kimi davam edəcək. Hər bir vətəndaş müsbətə doğru atılmış bu dəyişiklikləri gündəlik həyatında hiss etməlidir. Bunun üçün isə ortada real nəticələr olmalıdır.

Ancaq Ramiz Mehdiyevdən qalma icra başçıları yeni abu-havaya heç cür uyğunlaşa bilmirlər. Onların düşüncəsi qamarlamaq, çırpışdırmaq, oğurlamaq, saxtalaşdırmaq, kələk gəlmək, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək…kimi yaramazlıqlara köklənib. O da aydındır ki, Dövlət Təhlükəsizliyi Xidməti belələrinə qarşı getdikcə daha amansız olacaq..

Hindistanda isə deyirlər ki, küləklərin əsməsi bizim əlimizdə deyil, ancaq yelkən bizim iradəmizə tabedir. Əsən küləkləri yelkənimizə düzgün yönəldə bilsək gəmimizi istədiymiz ünvana daha tez çatdıra bilərik. Məncə, bu məsəl də bizim üçün xüsusi önəm daşıyır. Biz xalq olaraq islahatların ortaya qoyduğu yeni imkanlardan düzgün istifadə etməyi bacarmalıyıq. Obrazlı desək, küləklə yelkənin münasibətlərini düzgün ayarlamağımız gərəkdir. Ağıllı şəkildə küləyin enerjisindən öz xeyrimizə yararlanmalıyıq, əks təqdirdə o enerji dağıdıcı gücə çevrilə bilər.
Kimin nə deməyindən asılı olmayaraq Azərbaycanda islahatlar gedir. Bu islahatların təşəbbüskarı prezident İlham Əliyevdir. Ancaq bu prosesin uğurlu olmasını təmin etmək üçün xalq olaraq bu işə dəstək verməliyik. Yəni islahatlar ümummilli xarakter almalıdır.

Ümumiyyətlə, islahatlar niyə keçirilir? Bu suala Hindistan milli azadlıq hərəkatının parlaq simalarından olan Periyar Ramasamy dəqiq cavab verib: “İslahat o deməkdir ki, insanlar arzuolunmaz şeylərdən imtina edir, mövcud olan yaxşı şeyləri isə qoruyub saxlayırlar”. Azərbaycanda arzuolunmaz şeylər az deyil. Məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq isə arzuolunmaz şeylərin önündə gəlir. Prezident bu kimi eybəcərlikləri aradan qaldırmaqda israrlıdır. Bəs Azərbaycanda yaxşı olan nədir? Məncə, ölkədə olan stabillik son dərəcə önəmlidir. Bütün vasitələrlə bu stabilliyi qorumaq və daha da möhkəmləndirmək lazımdır. Dəngələrin pozulması ucbatından Suriya, Livan, Liviya, İraq, Yəmən kimi ölkələrdə yaşanan səfaləti, xaraba qalmış şəhərləri, milyonlarla insanın kütləvi mühacirətini dəfələrlə görmüşük. Ölkədə stabilliyin pozulması bizə də eyni aqibəti yaşada bilər. Başqa sözlə desək, stabillik  “olmazsa, olmaz” dilemması kimi bir şeydir. Şükür ki, bu məsələdə elə bir problem yoxdur.

Dediyim kimi, islahatlar ümummilli xarakter daşımalıdır. Sadəcə prosesi seyr eləməklə kifayətlənmək çox azdır. Prosesin iştirakçısına çevrilməliyik. Daha bir önəmli məqam var. Ortada islahatları həyata keçirən real kadrlar olmalıdır. Belə nümunələrə son dərəcə böyük ehtiyac var. Söhbət ondan gedir ki, məsələn, hansısa bir rayonun icra başçısı dəyişdirilir. Az müddət sonra o rayonun əhalisi hiss etməlidir ki, gedən (və ya həbs edilən) qəddarın yerinə insanpərvər birisi gəlib, gedən rüşvətxor idi, insanların dərisini soyurdu, gələn isə düz adamdır, gedən sosial yardımları yeyirdi, gələn sosial yardımların haqqı çatanlara paylayır və. s.
ASAN” DOST: Bildiyimiz və bilmədiyimiz xidmət
İslahatlarla bağlı görülən müsbət işlərin də ciddi təbliğata ehtiyacı var. Təbliğatın effektli olması üçün isə örnək kimi təqdim oluna biləcək yeni idarəçilik metodlarına yiyələnmiş məmurlar lazımdır. Əminəm ki, belələri yetərincədir. “ASAN xidmət” və “DOST Agentliyi” kimi təşkilatlarda yeni standartlara cavab verə biləcək perspektivli gənc məmurlar var. Sadəcə bu tip kadrlara daha çox önəm verməliyik. Əli rüşvətə bulaşmamış yeni məmurlar ordusu yırtıcıları əvəz etməlidir.

Fərd olaraq islahatlar prosesini dəstəkləyirəm. Kaş ki bu proses daha öncə başlayaydı.

Ona da təəssüf edirəm ki, müxalifətin önəmli bir hissəsi bu prosesi görməzdən gəlir. Onların məsələyə yanaşması təxminən belədir: Sizin (iqtidarın) nə iş görməsi bizim üçün önəmli deyil. Biz islahatlar keçirən siyasi iradədən qat-qat üstünük. Yaxşı olar ki, onlar istefa verib, getsin. Biz gəlib bütün problemləri əlüstü həll edərik. Əlbəttə, bu, mövcud siyasi reallığa arxa çevirmək deməkdir və mən arzusunu reallıq kimi qələmə verənlərin siyasi perspektivinə inanmıram.
Eyni tarix, eyni tale — Həbs olunan icra başçıları
Həbs olunan icra başçısı ilə bağlı yeni detallar üzə çıxdı (VİDEO)
Son aylarda bir neçə rayonun icra başçısı həbs olunub. Aydındır ki, bu proses müsbət nəticə əldə olunana qədər davam edəcək. O da aydındır ki, bu həbslər intiqam xarakteri daşımır. Əksinə, bu, dövlətin varlığına təhlükə törədən cinayətkarları və bütövlükdə cinayətkarlığı islah etmək məqsədi güdür. Zatən dövlətin başqa yolu da qalmır. Dillə başa düşməyənə əzələ nümayiş etdirmək lazımdır.

İndi görülən islahatların nə qədər effekli olduğu isə yaxın 5-10 ildə daha aydın görünəcək. Əminəm ki, yaxın gələcəkdə biz daha ədalətli bir ölkədə yaşayacağıq. Buna şübhə edənlərə Çinin kommunist rəhbəri Den Syaopinin (1976-1989) aşağıdakı fikirini xatırlatmaq istərdim: “İslahatlar Çində keçirilən ikinci böyük inqilabdır”. Məhz o, Mao ZeDongdan (1949-1976) qalan aç-yalavac Çinin bazar iqtisadiyyatına keçidini təmin etdi və tarixə müasir Çinin memarı kimi düşdü. O, o vaxt həmin islahatları keçirməsəydi Çin hazırkı iqtisadi, siyasi, hərbi… gücə sahib ola bilərdimi? Azərbaycanda da bu gün həyata keçirilən islahatların nəticəsinin ortaya çıxması üçün müəyyən vaxt lazımdır.

Əlbəttə, islahat hansısa yaramaz bir məmurun abırlı birisi ilə əvəz olunması deyil, bu, olsa-olsa islahatların görünən tərəfidir. İslahat bütövlükdə ölkənin müsbətə doğru dəyişməsinə hesablanmış siyasi iradənin təzahürüdür. Bu mənada bütün ağırlıq iqtisadiyyatın üzərinə düşür. Təsadüfi deyil ki, Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron (2010-2016) hər şeyin başlanğıcını və sonunu iqtisadiyyatda görürdü. O, deyirdi ki, tutaq ki, siz təhsil islahatları həyata keçirmək istəyirsiniz, əgər sizin ölkənin iqtisadi gücü yoxdursa, bunu etmək çox çətin olacaq.

Azərbaycan prezidenti bunun fərqindədir və ölkəmizin iqtisadi potensialının artmasının vacibliyini hamıdan daha çox hiss edir. Elə ona görə də öz çıxışlarında bu məsləyə dönə-dönə toxunur. İqtisadi inkişafımıza yeni impuls vermək üçün bu islahatlar həyati əhəmiyyət daşıyır. İqtisadi gücümüzün artması ilə islahatlar daha da dərinləşə bilər. Əslində bunlar bir-birinə bağlıdır və düzgün tənzimləndikdə isə bir-birinə dəstək verə bilər.

Prosesə rasional yanaşaq. İndiki halda dəyişiklik küləklərinin qarşısını almaq məqsədi ilə divar ucaldanlar yox, məhz yel dəyirmanı tikənlər udacaqlar. Yel dəyirmanlarına dodaq büzənlər isə ispan yazıçısı Migel de Servantesin yazdığı “Ağıllı zadəgan Don Kixot”  əsərinin sərsəri qəhrəmanı kimi rəzil olacaqlar, artıq olurlar da.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir