Gündəm

“İSTƏYİRƏM KI, DOĞMA EL-OBAMIN SƏSİNƏ ÇEVRİLİM” – “Lerik camaatının necə deputat görmək istədiyini yaxşı bilirəm” (Müsahibə)

Babək Hüseynov: “Prezidentin seçkilə bağlı məlum çağırışları mənim bu prosesə böyük inamla qoşulmağımda həlledici rol oynadı”

Ölkədə maraqla izlənən və ən çox diqqət mərkəzində olan dairələrdən biri də 78 saylı Lerik seçki dairəsidir. Bu dairədəki seçicilərin rəğbətlə qarşıladığı və böyük dəstək verdiyi Babək Hüseynovun namizədliyini irəli sürməsi təsadüfi deyil.

Tərcümeyi-hal;  Hüseynov Babək Meyxos oğlu – 21 Dekabr 1973-cü ildə Lerik Rayon Pirasora Kəndində anadan olub. 

1980-1988-ci illərdə Pirasora kənd orta məktəbində, 1988-1991-ci illərdə Bakı şəhəri 5 №-li Kimya–Biologiya Təmayüllü Internat Məktəbində təhsil alıb.

1991-ci ildə Moskva Kooperativ İnstitutunun Mühasibat Uçotu, Nəzarət və Təsərrüfat Fəaliyyətinin Təhlili ixtisasına qəbul olunub. 1995-ci ildə Azərbaycan Kooperasiya İnstitutunu bitirib.

2006-cı ildə Bakı Dövlət Universitetinin Hüququ fakultəsinin Hüquqşünaslıq ixtisasına qəbul olunub. 2010-cu ildə həmin ixtisasın bakalavr dərəcəsini bitirib.

1995 -1996-ci illərdə “Azərittifaq” Tələbə İstehlak Cəmiyyətində mühasib vəzifəsində çalışıb.

1996-2000-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

2000 –ci ildə Suraxanı Rayon üzrə Vergilər İdarəsində dövlət vergi müfəttişi vəzifəsinə təyin olunub.

2001-ci ildə 2-ci dərəcəli müfəttiş xususi rütbəsi alıb.

2001-2002-ci illərdə Suraxanı Rayon üzrə Vergilər İdarəsində şöbə rəisi vəzifəsini tutub.

2004-2007-ci illərdə “M+Xan+S Firması” MMC və “Azferm” MMC-də direktor olub.

2007-ci ildə “Azəri Şirkətlər Qrupu” MMC-nin direktoru vəzifəsinə təyin olunub.

2019-cu ildə “Bakı Kamazavtomərkəz” MMC-nin Baş hüquqşünası vəzifəsinə təyin edilib.

Rəhbərlik etdiyi şirkətlərdə 500-dək işçi çalışıb.

Babək Hüseynov “AzPolitika.info”-ya müsahibəsində platforması, seçki kampaniyasının gedişi və əsas hədəflərindən danışıb. Müsahibəni oxuculara təqdim edirik:

– Babək müəllim, bildiyimizə görə, Bakıda yaşayırsınız və əsas fəaliyyətiniz paytaxtdadır. Bununla belə, namizədliyinizi Lerik rayonundan verməyiniz nə ilə bağlıdır, niyə məhz Lerik? 

– Əvvəlcə qeyd edim ki, mən nəinki Bakıda, vətənimin, hətta dünyanın hər hansı bir digər nöqtəsində olsam belə, doğulub boya-başa çatdığım doğma Lerik torpağı məni hər zaman özünə çəkib, mənim üçün əziz olub. Digər tərəfdən, Bakıda yaşamağıma, burada işləməyimə, müxtəlif vəzifələr daşımağıma baxmayaraq, heç vaxt Leriklə əlaqəmi kəsməmişəm. Əksinə, elimin-obamın xeyrində, şərində iştirak etməyə çalışmışam. Hər zaman bu torpaqların ruhunu, nəfəsini öz üzərimdə hiss etmişəm. Buranın hər kəndini, dağını, dərəsini, çayını tanıyıram və bununla yanaşı, burada yaşayan, Lerikin təbiəti kimi saf, təmiz insanlarının sevincindən, xoş günündən xəbərdar olduğum kimi, onların qayğılarından, problemlərindən də çox yaxşı xəbərdaram.

– Eşitdiyimizə görə, Lerikdə kifayət qədər tanınan bir nəslin nümayəndəsiniz… 

– Bəli. Mənim atam Meyxos Hüseynov bu elin çox hörmətli, bütün ömrünü zəhmətlə, fədakarlıqla keçirən ağsaqqallarından olub. Atam keçmiş SSRİ, həmçinin Azərbaycan Republikasının əməkdar kənd təsərrüfatı işçisi fəxri adına layiq görülüb. SSRİ dövründə, Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi vaxtlarda Meyxos Hüseynov “Oktyabr inqilabı”,”Keçici Qırmızı Bayraq”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri və bir çox medallarla təltif olunub, Rayon Ağsaqqallar Şurasının üzvü seçilib. 2015 -ci ildə cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Republikasının əməkdar kənd təsərrüfatı işçisi fəxri adı və təqaüdü ilə təltif olunan atam 2018-ci ildə vəfat edib. Hacı Meyxos kişinin evi hər zaman bu el-obanın istər dar, istərsə də sevincli günündə ürəklə üz tuta biləcəyi bir ocaq olub. Mənim bu barədə çox danışmağım doğru olmaz, xalqın gözü tərəzidir və ən doğru qiyməti də el-oba verə bilər. Mən isə sadəcə, bu ocaqda hər zaman mövcud olan ənəni daha yüksək səviyyədə davam etdirmək istəyirəm. Namizədliyimi məhz Lerikdən irəli sürməyim də bu istəklə bağlıdır. İstəyirəm ki, doğma el-obamın səsinə çevrilim, onun etimadını qazanım, istəyini, qayğılarını, arzularını çatdıra bilim…

– Bir müstəqil namizəd kimi, platformanız nədən ibarətdir və ümumiyyətlə, sizcə, növbədənkənar seçkinin keçirilməsi hansı zərurətdən irəli gəlirdi? 

– Mən hər zaman ölkə rəhbərliyinin, cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Azərbaycanı inkişafa, uğura aparan yol tutduğuna əmin olmuşam. Son iqtisadi islahatlar, kadr və struktur dəyişiklikləri isə göstərdi ki, hər zaman olduğu kimi, ölkə başçısı birmənalı olaraq, Azərbaycanın mənafelərinə uyğun şəkildə, ortaya siyasi iradə, qətiyyət qoyub. Həmin islahatların siyasi qolu isə növbədənkənar parlament seçkisinin təyin olunmasıdır. Və məhz ölkə başçısının bu seçkilə bağlı məlum çağırışları mənim bu prosesə böyük həvəs və inamla qoşulmağımda həlledici rol oynadı. Prezidentin “Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaqdır” fikri məndə özümü sınamaq, insanların mənə olan münasibətini real səsə, dəstəyə çevirmək istəyi və qətiyyəti yaratdı…

Platformama gəldikdə isə, burada da mənim məqsəd və məramlarım yığcam formada öz əksini tapıb və onun əsas məğzi xalqıma, dövlətimə ləyaqətlə xidmət etməkdən ibarətdir. Mənim platformamın bəndlərindən biri – “Lerik rayonunda, nümunəvi deputat imicinin yaradılması” adlanır. Məncə bu bənd seçki platformamın ən lakonik və yığcam təsviri sayıla bilər. (Platforma müsahibənin sonunda təqdim edilib-red.)

– Artıq seçki kampaniyasının əhəmiyyətli bir hissəsi geridə qalıb. Nələri müşahidə etmizsiniz, sizcə seçici onu təmsil etməli olan millət vəkilindən nə gözləyir? 

– Artıq xeyli vaxtdır aktiv seçki kampaniyası aparıram. Ancaq əslində, doğma el-obasına bağlı olan kəs seçki kampaniyasından asılı olmayaraq, hər zaman onun yanında olmağa çalışmalıdır. Bu baxımdan hesab edirəm ki, əslində mənim yerli əhalilə ünsiyyətim, əlaqəm, belə demək mümkünsə kampaniyam yalnız indiki seçki müddətilə məhdudlaşmır. Seçicilərlə ünsiyyətimə və onların istəklərinə gəlincə, mənə elə gəlir ki, bu gün bizim el-oba ənənəvi deputat-seçici münasibətində bir yenilik istəyir. Yəni ki, ötən illərdə bizim dairədə mövcud olan bu münasibət qənaətbəxş sayılmır. İslahatlar Lerikə, bu dairədəki seçici-deputat münasibətlərinə də gəlib çatmalıdır. Elə adi, asan həll olunan sosial, məişət problemləri var ki, onları həll etmək üçün heç deputat kürsüsünə çıxıb, oradan bunları elan etməyə də ehtiyac yoxdur. Sadəcə, xalqın arasına çıxmaq, onun problemlərini yaşamaq və onların həlli üçün çalışmaq lazımdır. Bunun üçünsə deputat seçicilərin yanında olmalıdır. Mən də indiyə qədər mövcud olan həmin ənənəvi münasibətləri dəyişmək, yeniləmək istəyirəm.

– Rəqibləriniz barədə nə düşünürsünüz və onların şanslarını necə qiymətləndirirsiniz?

– Mən bizim dairədə namizədliyini verən hər bir şəxsə hörmətlə yanaşıram. Onların hər birinin xalqın xidmətində durmaq, öz konstitusion hüquqlarından istifadə etmək istəyini də təbii və normal qarşılayır, hətta bunu təqdir edirəm. Lakin onların şanslarının mənim tərəfimdən dəyərləndirilməsi düzgün olmazdı. Çünki söz seçicinindir və hər bir namizədə ən düzgün qiyməti də seçici verir. Mən sadəcə, əvvəldə də qeyd etdiyim kimi, onu deyə bilərəm ki, xalqın gözü tərəzidir və məhz seçici ən çox layiq bildiyi namizədi seçəcək.

– Bəzi namizədlər və hətta seçicilərin də bir qismi tərəfindən seçkinin şəffaf, ədalətli keçiriləcəyi, qutudan doğrudan da xalqın etimad göstərdiyi namizədin çıxacağı ilə bağlı şübhələrinə rast gəlinir. Sizin bu məsələyə münasibətiniz necədir? 

– Mən kimllərinsə subyektiv fikirlərinə yox, ölkə rəhbərliyinin iradəsinə və öz müşahidələrimə güvənirəm. Mənimsə gördüyüm cənab Prezidentin birmənalı, qəti iradəsi və mövqeyi, namizədliyimi verdiyim dairədə isə seçicilərin mənə olan münasibətidir. Əvvəldə də qeyd etdiyim kimi, Prezident İlham Əliyev bu seçkilərin məqsədinin məhz insanların etimad göstərdikləri namizədlərin seçilməsi olduğunu deməklə, bütün suallara cavab vermiş olub. Və heç kim Prezidentin iradəsinə qarşı gedə bilməz. Seçicilərlə görüşlərim, onların mənə verdiyi dəstək isə onu deməyə əsas verir ki, bu siyasi iradə və el-obamın mənə olan güvəni sayəsində bu dairədə məhz mənim qalib gəlməyimə heç bir maneə yarana bilməz.


Milli Məclisin 9 Fevral 2020-ci növbədənkənar 
parlament seçkilərinə 78-saylı dairədən namizəd

Babək Meyxos oğlu Hüseynovun

SEÇKİ PLATFORMASI

QANUNVERİCİLİK FƏALİYYƏTİ

1. İslahatların aparıcı qüvvəsi olan Azərbaycan Respublikasının Prezidentinə yeniləşmə sahəsində dəstək vermək.

2. Qanunların qəbul edilməsi prosesinə sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində fəal iştirak etmək .

3. Qanunların hazırlanmasında sosial cəmiyyət və azad iqtisadiyyat prinsiplərini daim nəzərə almaq.
4. Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində səmərəli təkliflər və təşəbbüslərlə iştirak etmək.

SEÇİCİLƏRLƏ İŞ SAHƏSİNDƏ

1.Lerik rayon seçiciləri ilə görüşlərin keçirilməsi ilə bağlı illik tədbirlər planına uyğun fəaliyyətin təşkil olunması.

2. Lerik rayonunda və ətraf kəndlərdə seçicilərlə davamlı görüşlərin keçirilməsi məqsədi ilə Lerik rayonunda daimi qərargahın yaradılması.
3. Lerik rayonunda, nümunəvi deputat imicinin yaradılması.

4.Lerik rayon sakinlərindən daxil olan müraciətlərin aidiyyatı üzrə düzgün yönləndirilməsinin və baxılmasının operativ təşkili.

İQTİSADİYYATIN İNKİŞAFI

1. Lerik rayonunun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasında fəal iştirak etmək.
2. Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün intensiv işlərin aparılması.

3. Banklar tərəfindən regiona yönələn güzəştli kreditlərin artırılması məqsədi ilə Lerik rayonunun potensial imkanlarının tanıtdırılması üçün layihələrin hazırlanması.
4. Lerik rayonun potensial imkanlarından istifadə edərək investisya qoyuluşu ilə bağlı təşviqin aparılması.

5.Azərbaycan Republikasının Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının Lerik rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin sürətlənməsinə dəstək vermək.

AQRAR SEKTORUN İNKİŞAFI

1. Aqrar sektora investisiyaların və güzəştli kreditlərin artırılması məqsədi ilə müvafiq işlərin aparılması.
2. Kənd təsərrüfatı sahələrinin inkişafı məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsində təklif və təşəbbüslə iştirak etmək.

3. Kənd təsərrüfatının inkişafına həlledici təsir göstərən yerli istehsalat müəssisələrinin yaradılması istiqamətində sahibkarlarla görüşlərin təşkil edilməsi.
4.Kəndlərin inkişafı üzrə tədbirlərin müvafiq dövlət proqramlarına daxil edilməsi məqsədi ilə aidiyyatı dövlət orqanları ilə intensiv əməkdaşlığın təmin olunması.
5. Qanunvericilik təşəbbüsündən istifadə edərək kənd təsərrüfatı məhsullarının kəndlidən əlverişli şərtlərlə satınalmasının təşkil edilməsi üçün kəndlilərlə müvafiq dövlət və özəl qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə köməklik göstərilməsi.

6. Kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi və yeni layihələrin stimullaşdırılması ilə bağlı təkliflərin hazırlanması.
7. Kəndlərdə toplanan məhsulun şəhər bazarlarına asanlıqla daşınması üçün əlavə tədbirlərin görülməsi və marifləndirmə işlərinin aparılması (nəqliyyat, sığorta və s.) .

8. Mövcud kənd təsərrüfatı sahələrinin beynəlxalq təcrübədən yararlanaraq intensiv şəkildə inkişafı ilə bağlı layihələrin tətbiqinə nail olmaq.

9. Kiçik fermerlərin gəlirlərinin artırılması üçün kooperativlərin yaradılması istiqamətində maarifləndirici tərdbirlərin görülməsi.

10. Yerli məhsulların daxili və xarici bazarlarda tanıdılması və ixrac potensialının artırılması ilə bağlı işlərin görülməsi.

11.Aqrar sığorta proqramı ilə bağlı yerlərdə marifləndirmə tədbirlərinin həyata keçirilməsi.
12.Lerik fermerlərinin qış otlaq sahələri ilə bağlı uzun müddət davam problemlərin köklü həll olunması ilə üçün aidiyyatı dövlət orqanları qarşısında məsələ qaldırmaq və həllinə nail olmaq.

13.Lerik rayonunda aqrar sənayenin inkişafı ilə bağlı innovativ layihələrinin tətbiqi sahəsində işlər görmək.

İNFRASTRUKTUR

1. Mərkəzi yolların çəkilişi ilə yanaşı, həm də yeni kənd yollarının salınması ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırılması.
2. Elektrik enerjisi və qaz təchizatı ilə bağlı problemlərin həllinə köməklik göstərmək məqsədi ilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması və onun həllinə nail olunması.
3. Su təminatının yaxşılaşdırılması ilə bağlı müvafiq dövlət orqanları qarşısında təkliflərin qaldırılması.
4. Lerik kəndlərinin suvarma suyuna olan ehtiyacını ödəmək məqsədi ilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması.
5. Ayrı-ayrı kəndlərdə içməli su probleminin həlli məqsədi ilə artezian quyularının qazılması, bəzilərinin bərpa edilməsi və su kəmərlərinin çəkilməsi müvafiq qaydada aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırılması.
6. Ehtiyac olan yerlərdə körpülərin salınması üçün təkliflərin müvafiq orqanlara təqdim edilməsi və onların reallaşdırılması.

SOSİAL MƏSƏLƏLƏR

1. Vətəndaşlar üçün davamlı və sabit gəlir əldə etmək imkanını saxlamaq üçün yeni iş yerlərinin açılmasını təşviq edən işlərin görülməsi.
2. Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi.

3.Lerikdə əmək yarmarkalarının təşkil edilməsi.

4.Rayon əhalisinin rahat hərəkət etməsi üçün yeni müasiq avtovağzalın tikintisi üçün yerin ayrılması və tikinti üçün müvafiq qurumlar qarşısında məsələ qaldırmaq.

4.Lerik sakinləri üçün aşağıdakı sahələrdə maarifləndirmə tədbirlərinin aparılması.

Hüquqi yardım sahəsində maarifləndirmə.

Səhiyyə sahəsində maarifləndirmə.

Vergi qanunvericiliyi sahəsində maarifləndirmə.

GƏNCLƏR və İDMAN SİYASƏTİ

1. Gənc ailələr tərəfindən mənzil tikintisi üçün onlara müvafiq torpaq fondunun ayrılması məsələsi ilə bağlı müvafiq işlərin aparılması.

2. İdmançı gənclərə xüsusi diqqət göstərilməsi, idmanın kütləviləşdirilməsi, yeni idman qurğularının qurulması, xüsusilə də şəhər stadionunun tikilməsi ilə bağlı yerli və mərkəzi icra orqanları qarşısında məsələnin qaldırılması.

3. Gənclərin, ilk növbədə isə ali məktəb məzunlarının işlə təmin olunmasına köməklik göstərilməsi.
4. Gənclərin asudə vaxtının səmərəli təşkili və onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klubların və mərkəzlərin yaradılması.
5.İstedadlı Rayon gənclərinin müvafiq federasiya və qurumlarda tanıdılması ilə bağlı işlərin aparılması.

TƏHSİL SİSTEMİ

1. Rayonda orta ixtisas və peşə məktəblərinin açılması barədə müvafiq icra orqanları qarşısında məsələ qaldırılması.
2. Rayon ərazisində bir neçə nümunəvi uşaq bağçasının yaradılması təklifinin müvafiq orqanlara təqdim edilməsi
3. İnternet şəbəkəsinin genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadənin daha da inkişaf etdirilməsinə nail olmaq.

4.Təhsil yarmarkalarında Lerikli tələbə və şagirdlərin iştirakının təmin olunmasına dəstək olunması.

SƏHİYYƏ SİSTEMİ

1. Lerik rayon sakinləri üçün özəl tibb müəsisələri ilə müəyyən danışıqlar apararaq, İldə 2 dəfə tibbi müayinələrin keçirilməsinə nail olmaq.

2.Rayon ərazisində tibb məntəqələrinin əsaslı təmiri məsələsinin qaldırılması

MƏDƏNİYYƏT və TURİZM SİSTEMİ

3. Mədəniyyət obyektlərinin, klubların müasirləşdirilməsi məsələsinin qaldırılması
4. Tarixçilər, etnoqraflar, xüsusilə arxeoloqlar tərəfindən regionda tədqiqatların aparılması, arxeoloji qazıntılar vasitəsilə regionun zəngin tarixi irsinin üzə çıxarılması vasitəsilə Lerik rayonuna olan diqqətin daha da artırılması
5. Lerikin ədəbi – mədəni irsi və digər önəmli istiqamətlərdə kitabların nəşr edilməsinə dəstək göstərilməsi

Ən önəmlisi: Həyat hər bir platforma və proqramlardan mürəkkəbdir. Mənim üçün ən vacib məsələ insanlara hörmət etmək, onların problem və qayğılarını öyrənmək və həmin problemlərin həllinə kömək etməkdir. Hesab edirəm ki, hər bir lerikli bu diqqətə layiqdir.