Gündəm

Ümid Prezidentə verdiyi sözü tutdu: “Bu videodan sonra fikrimi dəyişdim”

Sharing is caring!

6 il əvvəl Gəncədən olan məktəbli Ümid Həbibov Azərbaycan Prezidenti İlham Əliyevə gələcəkdə ADA Universitetinə qəbul olmağı arzuladığını demişdi.  Ümidin illərdir xəyalını qurduğu arzusu gerçəkləşdi. O, ali məktəblərə qəbul imtahanında yüksək bal toplayaraq ADA Universitetinin tələbəsi adını qazandı.

İllər öncə dövlət başçısı Gəncədə səfərdə olarkən, onu doğum gününə dəvət edən Ümid Həbibov bundan sonrakı təhsil planları barədə Modern.az-a danışıb.

O, ən böyük arzusunun gerçəkləşdiyini söyləyib:

“Bir neçə il bundan əvvəl cənab Prezident İlham Əliyevlə görüşüm həyatımın ən önəmli və qızıl anlarından idi. Çünki bu görüşü Mehriban xanım Əliyevaya və Prezident İlham Əliyevə yaranan sevgim nəticəsində arzulayırdım. Prezidentlə görüşüm təsadüf nəticəsində baş vermişdi. Cənab İlham Əliyev və birinci xanımın Gəncəyə səfəri zamanı istəyimi onlara bildirdim. Ad günümü onlarla birlikdə qeyd etmək istədiyimi dedim. Və 2015-ci ildə prezident sarayına dəvət olundum. Özümü çox xoşbəxt hesab edirdim. Çünki dövlət başçısı ilə ad gününü qeyd etmək hər kəsə nəsb olmur. Orada keçirdiyim hisslər mənim yaddaşımda silinməz xatirə olaraq qalacaq.

Universitetə hazırlıq müddətində bir hədəfim vardı: diplomat olmaq. Bu arzumu cənab Prezidentlə görüşüm zamanı da bildirmişdim. Qeyd etmişdim ki, gələcəkdə ADA universitetində təhsil alıb, yaxşı diplomat olmaq istəyirəm”.

Ümid bir müddət tibb ixtisası üzrə ali təhsil almağa hazırlaşsa da, fikrindən dönərək diplomat olmaq qərarına gəlib.

“Hər kəs uşaqlıqdan gələcəkdə nail olmaq istədiyi peşəni seçməlidir. Bu seçimdə ailə müdaxiləsi olmamalıdır. Mən də 5-ci sinifdən diplomat olmağı qarşıma məqsəd qoymuşdum. 9-cu sinifdə oxuduğum zaman nənəm xərçəng xəstəliyindən vəfat etdi. Bu vaxt mən kimya, fizika, biologiya fənlərini yaxşı oxuduğum üçün qıraqdan tibbə yönəlim deyə təzyiqlər oldu. Beləcə, məni arzumdan döndərdilər. 1 il 6 ay tibb üzrə hazırlaşdım.

Hazırlığa gedirdim, ancaq ikinci qrup fənlərini düşünürdüm. Nəhayət, anladım ki, mənim istəyim dördüncü qrup deyil, sadəcə başqalarının fikri ilə bu qrupa yönəlmişəm. Fikrimdən daşındım”.

Diplomat olmaq üçün 5-6 ay hazılaşdım, arzumdan dönmədim…

Tələbə olmaq arzusuna çatan Ümid sözlərinə əlavə edərək deyib: “Bir gün Prezidentlə görüşümün videosuna baxırdım. Dərk etdim ki, mən orada özümə və cənab Prezidentə söz vermişəm. Bununla da fikrimdən yayındım. Arzularımın arxasınca getdim.

Normal hazırlıq müddəti 18-20 ay olmasına baxmayaraq, mənim arzuma çatmağım üçün 5-6 ay da bəs etdi. Düzdür, müəllimlərim belə az müddət qaldığını və bacara bilməyəcəyimi dedilər. Amma bu müddət ərzində 521 bal toplayıb, diplomat olmaq üçün arzularımı gerçəkləşdirə bildim. Şagirdlərə verəcəyim tək önəmli tövsiyə özlərinə güvənsinlər. Arzuları uğrunda çox çalışsınlar. Hazırlaşan zaman telefon, kompüter və sosial şəbəkələrdən uzaq qalsınlar. Bu çox vacib amildir. İnsanın arzusunun gerçəkləşməyi özünə etdiyi ən böyük mükafatdır”.

Müsahibimiz ADA-dan sonra təhsilini xaricdə davam etdirməyi düşünür:

“Bakalavrla kifayətlənmək istəmirəm. Hazırda ADA-da iqtisadiyyat fakültəsinə daxil olmuşam. Mənim fikrimcə, dünyanın idarəçi forması iqtisadiyyat hesab olunur. Bu istiqamətdə dərin biliklərə yiyələndikdən sonra, elə ADA universitetində diplomatik təhsil almaq istəyirəm. Daha sonra təhsil həyatımı xaricdəki diplomatiya universitetlərində davam etdirməyi arzulayıram. Bu sahə üzrə püxtələşəndən sonra diplomat kimi çalışmağa başlayacağam. Xalqıma, dövlətimə layiqli xidmət etməyi qarşıma məqsəd qoymuşam. Bütün gənclərə arzu edirəm ki, ən az mənim qədər istəklərinə nail olsunlar”.

Xatırladaq ki, 2014-cü il oktyabrın 18-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncədə səfərdə olarkən şəhərin gənc sakini Ümid Həbibov onlara yaxınlaşmış və Prezidentlə xanımınından onun doğum günündə iştirak etmələrini xahiş etmişdi.

Prezident İlham Əliyev və Mehriban Əliyeva onun bu xahişini yerinə yetirəcəklərinə söz vermişdilər. 2015-ci il martın 19-da Ümid doğum günü münasibətilə Prezident Sarayına çay süfrəsinə dəvət edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir