Dünya

Daha bir regionda hərbiləşmə dərəcəsi artır: ABŞ aktivləri stratejidir, Rusiya isə üstünlüyə malikdir – ŞƏRH

Sharing is caring!

Arktika dairəsi ətrafına qaynar hərbi-siyasi nəfəslər daxil olur, Ukraynadakı münaqişə davam etdikcə, bu buzlu regionda da hərəkətlilik artır.  

Arktika dairəsinə ABŞ, Kanada, Rusiya, Danimarka, İsveç, Finlandiya, Norveç daxildir. Şimal qütbünün ətrafında yerləşən ölkələr Rusiyanın Ukraynadakı addımlarına cavab olaraq Moskva ilə əlaqələri kəsmək xəttinə üstünlük verdiklərindən Arktika regionundakı qarşılıqlı əməkdaşlıq münasibətlərində gərginlik çoxalır.

Arktikada zəngin təbii resurslar var ki, onların bölüşdürülməsi ilə bağlı yeni yanaşmalar ABŞ-Rusiya mübarizəsinin qızğın fazada olduğu zamanlarda regionu hərbi təhdid altında saxlayır.

Situasiya Arktika Şurasının da fəaliyyətini sarsıtmaqla, bu qurum daxilindəki idarəetmə mexanizmlərini sındırmaqla bölgə uğrundakı savaşın bütün parametrlərini tətikləyir. Bundan sonra Şuranın öz işinə qayıtmaq perspektivi üfüqlərdə görünmədiyindən istər-istəməz regionun taleyi qaranlıqlar içərisinə itələnir.

Arktika regionuna daxil olmayan Böyük Britaniyanın bura ilə bağlı məxsusi siyasəti olduğundan bölgənin hərbiləşdirmə dərəcəsinin artması üçün tərəflərin əlinə fürsət düşür.

Arktikadakı hərbi balans elə qurulmalıdır ki, bu, sülh və təhlükəsizlik üçün etibarlı platformaya çevrilsin, amma beynəlxalq siyasi sistemdəki kəskin qütbləşmə həmin formulu dağıdır.

Düzdür, hazırda Artikada hərbi münaqişə ehtimalı yoxdur, amma Rusiyanın və ya ABŞ-Britaniya ikilisinin gözlənilməz davranışları bunun baş verib-verməyəcəyini sual altına qoyur.

Arktikada NATO qüvvələri təlimlər keçirir, İsveç və Finlandiya da Alyansa üzv olacaqlarsa, Rusiya Arktikaya dair strateji konsepsiyasında barıt qoxusunu çoxaltmaq məcburiyyətində qalacaq.

ABŞ isə Arktikada hərbi qarşıdurma arzulamır, elə Rusiya da, lakin ən çox təlaş keçirən Vaşinqtondur. Çünki ABŞ ordusunun Arktikadakı mövqeyi bir qədər əlverişsizdir və bu mənzərə Rusiyaya nisbi güc üstünlüyü verir.

Rusiya Arktikada yerləşən hərbi qüvvələr balansında üst pillədədir, Qərb ideallarının strateji istiqamətlərini müəyyən edən Böyük Britaniya nisbəti dəyişməyə çalışsa da, bu, hələ mümkün olmayıb.

Rusiyanın Arktikada kəşfiyyat stansiyaları, raketlərlə təchiz edilmiş bazaları və Alyaskanın 300 mil məsafəsi də daxil olmaqla geniş səpələnmiş radarları mövcuddur.

Qərb hesablayır ki, Ukraynadakı münaqişə səbəbindən Rusiya Arktikadakı qüvvələrini məhdudlaşdıra bilər. Hərçənd ki, Qərbin bu arzusu hələ reallaşmayıb.

ABŞ-ın da regionda aktivləri az deyil, lakin onların bir çoxu taktiki xarakterdən çox, strateji məzmun daşıyır, yəni qlobal müşahidə və güc amillərini proqnozlaşdırmaq üçün nəzərdə tutulub. Taktiki cəhətdən Rusiya qarşısındakı zəiflik ABŞ-ı narahat edir.

ABŞ Arktikada Rusiyanı neytrallaşdırmaq əzmindədirsə, ən azından, regiondakı taktiki aktivlərini artırmalı, rabitə marşrutundakı “qırıq”ları təmir etdirməlidir.

PROQNOZLAR:

1. Yaxın müddət üçün Arktikadakı hərbi hərəkətlilik daha çox qüvvələr nisbətini dəyişdirmək cəhdləri ilə müşahidə olunacaq;

2. NATO da, Rusiya da qarlı ərazilərdə təlimləri intensivləşdirəcəklər;

3. Rusiya ilə Qərbin Arktikadakı hibrid müharibəsi qızışacaq.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir